SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DİM heç vaxt səhvləri boynuna almır - Pandemiya öz yerində, amma abituriyentləri ən çox "sındıran" suallar oldu

DİM heç vaxt səhvləri boynuna almır - Pandemiya öz yerində, amma abituriyentləri ən çox "sındıran" suallar oldu

Tarix:

4-09-2020, 13:21

/ 762 dəfə oxundu.
DİM heç vaxt səhvləri boynuna almır - Pandemiya öz yerində, amma abituriyentləri ən çox "sındıran" suallar oldu

Qəbul imtahanlarında yüksək nəticələrin az olacağı proqnozlaşdırılırdı. Belə də oldu. Dövlət İmtahan Mərkəzinin açıqladığı (I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanları) nəticələrə görə, cəmi bir abituriyent maksimum - 700 bal toplayıb. I ixtisas qrupunda ən yüksək nəticə 400 bal (12 nəfər) olub. IV ixtisas qrupunda isə 5 nəfər 400 bal toplamaqla yüksək nəticə göstərib.
Abituriyentlərin arasında 700 bal toplayanların azlığı nəylə bağlıdır? Nəticələrə pandemiya nə dərəcədə təsir göstərib?

Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında imtahan nəticələrini birmənalı şəkildə pandemiya ilə bağlamağın düzgün olmadığını dedi:

- İstər buraxılış imtahanları, istərsə də qəbul imtahanlarındakı nəticələri yalnız pandemiya ilə bağlamaq, aşağı göstəricinin əsas səbəbi pandemiyadır, karantindir, demək, yanlışdır.

Pandemiya sadəcə, səbəblərdən biridir. Və onun imtahan nəticələrinə 20-30 faiz təsiri ola bilər, artıq yox. İmtahanın nəticələrinə əsas təsir göstərən imtahan suallarının məzmunudur. İmtahanların nəticəsi testin ağır və ya asan olmasından asılıdır. Mən pandemiyanın təsirini sıfra endirmirəm.

Təbii ki, pandemiyanın da rolu var, lakin düşünüldüyü kimi, başlıca rol deyil. Çünki pandemiya dövründə, ən sərt karantin mərhələsində də valideynlər və müəllimlər fəaliyyətlərini dayandırmadı. Məlum məsələdir ki, təhsildə əsas yük valideyn və repetitorların üzərindədir. Valideynlərin səyi nəticəsində repetitorlar karantin müddətində dayanmadılar, işlədilər, fəaliyyət göstərdilər. Aktiv oldular. İyulun 10 və 11-i keçirilmiş buraxılış imtahanlarının sualları bir-birindən fərqlənirdi.

İyulun 10-da suallar asan idi, 11-i isə çətin. Bizim dil və ədəbiyyat üzrə 4000 üzvlük qrupumuz var. O qrupda olan dil və ədəbiyyat müəllimləri daim bir-biri ilə yazışır, müzakirələr aparır, imtahan suallarını, test tapşırıqlarını analiz edir. Builki buraxılış imtahanlarında tətbiq edilən suallarla bağlı da Dövlət İmtahan Mərkəzinə məktub şəklində müraciət edildi və suallardakı nöqsanlar, səhvlər göstərildi.

Amma DİM heç vaxt öz səhvini boynuna almır, göstərilən nöqsanları qəbul etmir. Lakin növbəti ildə yeni nəşrlərdə biz dediyimiz məhz həmin səhvlərlə bağlı düzəlişlərin edildiyini görürük. Amma biz deyəndə etiraf etmirlər. Şəxsən mən 2-3 il DİM-in imtahan suallarının monitorinqini aparmışam və buna şahid olmuşam.

Ona görə də bu fikirdəyəm ki, imtahanın nəticələri əsasən test tapşırıqlarının asan və ya çətinliyindən asılıdır. Suallar asan olanda nəticələr yüksək, çətin olanda, zəif və aşağı olur.

İmtahanın nəticələri 40-50 faiz sualların məzmunundan, 20 faiz pandemiya, təxminən 30 faiz də kurrikulumdan asılıdır. Çünki, məsələn, əvvəllər, kurrikulum üzrə mətn üzərində işləmək tapşırığı yox idi. Bu tapşırıq 2 ildir ki, tətbiq olunur. Bu da abituriyentlərə əlavə çətinlik yaradır.

Şərhlər

XƏBƏR LENTİ