XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İcbari Tibbi Sığortası hələ də axsayır - İTTİHAM

İcbari Tibbi Sığortası hələ də axsayır - İTTİHAM

İcbari Tibbi Sığortası hələ də axsayır - İTTİHAM
3-09-2020, 09:04

Ötən il, iyunun 28-də Mingəçevir sakini, 29 yaşlı İmamverdi İsmayılov özünü Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində yandırıb. Keçmiş MAXE iki gün sonra aldığı xəsarətlərdən vəfat edib.

İsmayılovun ailəsinin sözlərinə görə, buna səbəb epilepsiyadan əziyyət çəkən 4 yaşlı oğluna həkim laqeydliyi olub.

Keçmiş döyüşçünün həyat yoldaşı Sabirə İsmayılovanın sözlərinə görə, uşaq sonuncu dəfə 41 dərəcə istiliklə xəstəxanaya çatdırılıb. Mərhumun xanımı iddia edir ki, müraciət etdikləri həkim xidmət göstərməkdən imtina edib və "uşağı müayinə edəcək həkimin qəbuluna sabah düşə bilərsiz, sabah gəlin”, - deyib.

"Sonra yoldaşım kömək edin deyəndə həmin həkim söyüş söydü. Yoldaşım götürə bilmədi, onu yüngülcə itələdi. O isə üç-dörd yumruq vurdu”.

"Uşaq əldən gedirdi, qardaşım elə bildi ki, uşaq keçinib. Özünü atdı çölə, gedib bir butulka benzin alıb başından tökdü. Biz elə bildik ki, əlindəki içmək üçün sudur. Özünü yandırdı. Qışqırdıq ki, bizə adyal verin, heç kim yaxına gəlib qardaşımın alovunu söndürməyə kömək etmədi. Yaşlı atam özünü qardaşımın üstünə atdı. Atam da iki qolundan, üzündən yanıq xəsarətləri aldı”, deyə mərhumun bacısı Lamiyə İsmayılova əlavə edib.

iFact.ge əməkdaşının xəstəxananın uşaq şöbəsinin adını açıqlamaq istəməyən tibb bacısından əldə etdiyi məlumata görə, İmamverdi İsmayılovun uşağı gətirildikdə şöbədə olan həkim bildirib ki, gün ərzində onun üçün nəzərdə tutulan pasiyentlərin sayı limiti keçib, buna görə xəstəyə baxmaq istəmir.

S.İsmayılova deyib ki, hadisədən sonra uşaq xəstəxanaya qəbul olunub, müalicə alıb. Hazırda azyaşlının vəziyyəti normaldır.

Mingəçevir şəhərində hər kəs məcburi şəkildə sığorta olunaraq illik 120 manat ödəyib. İcbari Tibbi Sığorta sisteminin pilot layihəsi 2016-cı ildə elan edilərək, 2017-ci il yanvarın 1-dən tətbiq edilməyə başlayıb. Sığorta proqramının bir əsas problemi odur ki, həkimlərə gün ərzində yalnız 20 pasiyenti qəbul etmə məhdudiyyəti qoyulub.

"İmamverdi İsmayılov özü uşağı Acil şöbəsinə gətirmişdi. Oradan bizim şöbəyə yönləndirildi. Gün ərzində biz yalnız 20 xəstəyə baxmalıyıq. Həkim istəməsə, 21-ci xəstəyə baxmaya bilər.

Proqram həkimləri təcili situasiyalarda 20-dən artıq pasiyent qəbul etməyi qadağan etmir. Lakin bu məlumat regionda çalışan tibb personalına həmişə detallı şəkildə çatdırılmır.

"İş çox, həkim azdır. Həmin gün də iş çox olduğundan müayinə gecikib, atanın da əsəbləri buna dözməyib”, - tibb bacısı bildirib.

Ağdaş rayon sakini Cavid Ələkbərov isə mediaya açıqlamasında deyir ki, həkim və tibbi avadanlığın olmaması səbəbindən 10 aylıq oğlu Türkeli itirib.

Qəflətən səhhəti pisləşən körpəni iyulun 7-də axşam saat 10 radələrində Ağdaş Rayon Mərkəzi Xəstəxanası qəbul etməyib.

Uşağa "tənəffüs çatışmazlığı” diaqnozu qoyulub və avadanlıqların olmamasını əsas gətirərək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yollayıblar. Orada isə valideynə bildirilib ki, həkim və avadanlıq yoxdur, uşaq Mingəcevirdən 240 km-lik məsafədə yerləşən Bakıya aparılmalıdır. Yollarda qalan valideyn körpəsini xilas edə bilməyib.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov iFact.ge əməkdaşına deyib ki, 10 aylıq körpə ölümcül vəziyyətdə gətirilib:

"Gecə saat 12 radələrində xəstəxanaya daxil olan Türkel Ələkbərli dərhal uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Bizə çatdırılanadək artıq iş-işdən keçmişdi. Həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsə də, təəssüflə bildirirəm ki, onu qorumaq mümkün olmadı”.

Cavid Ələkbərov iFact.ge əməkdaşına deyib ki, hadisədən xeyli müddət keçsə də, hələ ekspertizanın nəticəsini əldə edə bilməyib:

"Tez-tez Baş prokurora məktub yazıram. Cavab verirlər ki, ekspertiza davam edir. Bir ilə yaxındır, hələ cavab yoxdur”.

Adının açıqlanmasını istəməyən həmin tibb bacısının sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi maaşlarının artmasına səbəb olsa da, ciddi kadr qıtlığı yaradıb:

"Mən əvvəllər, yəni 2017-ci ildə sığorta sisteminə keçənə qədər 180 manat alırdım, indi 450. Həkimlərə limit qoyulur, amma bəzən sığorta olunmayan pasiyentlər gəlir və limit məsələsinə görə onları qəbul etmək mümkünsüz olur. Amma pasiyent həmin həkimin qəbuluna girmək istəyir. Bu zaman deyilir ki, ödəniş edilməlidir; xəstə yaxınlarına deyirik ki, istəyirsizsə, limitdən artıq xəstəyə baxaq, ödəniş edin. Buna da onlar razı olmurlar”.

Sığortasız pasiyentlər müayinə üçün 3 manat, USM, kardiorama kimi digər xidmətlər üçün 15 manat və ya daha çox ödəməlidirlər.

Nazirlər Kabintenin qərarına görə tibb personalı üçün iş saatları həftədə 33-36 saat təşkil etməli və gün ərzində 6 saatı keçməməlidir. Dəqiq iş günləri və iş saatları isə hər xəstəxananın daxili qaydaları çərçivəsində nizamlanır.

2020-ci ilin yanvarından Azərbaycanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanacağı nəzərdə tutulmuşdu. Hazırda ölkədə icbari tibbi sığorta mərhələli həyata keçiriləcək. Yanvarın 1-dən 23 rayonda (Şimal və şimal-qərb rayonları), eyni zamanda Naxçıvan MR. İkinci mərhələ aprelin 1-dən Şimal Qərb rayonları, Qarabağ və Aran bölgəsində həyata keçiriləcək. İyulun 1-dən üçüncü mərhələ Cənub bölgəsində, oktyabrın 1-dən isə sonuncu mərhələ başlayacaq. Bura Bakı, Sumqayıt, Abşeron, həmçinin işğal olunmuş Xankəndi, Şuşa, Zəngilan və Qubadlı rayonları daxildir. Proses yeni başladığından hər hansı rəsmi informasiya, hesabatlılıq yoxdur.

Prezident İlham Əliyevin 2018-ci il dekabrın 20-də imzaladığı fərmanla TƏBİB ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) publik hüquqi şəxs yaradılıb.

Səhiyyə Nazirliyinin tabeliyindəki şəhər, rayon, kənd xəstəxanaları, poliklinikalar, ambulatoriyalar, təcili tibbi yardım stansiyaları TƏBİB-in tabeliyinə verilib.

Azərbaycanda "Tibbi sığorta haqqında” qanun 1999-cu il oktyabrın 28-də qəbul edilib.

2011-ci ildə sabiq deputat Hadı Rəcəbli qeyd etmişdi ki, 2009-2011-ci illər ərzində icbari tibbi sığortaya 1 milyard yarım mana ayrılsa da, sığortanın tətbiqinin ləngiməsinə səbəbi məmur səbatsızlığıdır. 2014-cü ildə isə H.Rəcəbli icbari tibbi sığortaya keçidin çox mürəkkəb olduğunu bildirib.

Ümumilikdə 2020-ci ildə dövlət büdcəsindən səhiyyəyə 1 milyard 400 milyon manat ayrılıb. 2019-cu ilin noyabrında büdcə müzakirələri zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, bu, Azərbaycanın müstəqillik tarixində ən yüksək sosialyönümlü büdcədir: "Büdcə xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə ayrılıb. Eyni zamanda nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da müstəqillik dövrümüzdə ən yüksək səhiyyə büdcəsidir". M.Quliyev onu da qeyd edib ki, büdcədən səhiyyəyə ayrılacaq ümumi xərclərinin təxminən 75-80 faizi icbari tibbi sığortaya yönələcək. Sığorta haqlarının əhalidən yığılması aprel ayından həyata keçiriləcək).

İcbari Tibbi Sığorta Dövlət Agentliyinə dövlət büdcəsindən 2017-ci ildə 24.5 milyon, 2018-ci ildə isə təxminən 37 milyon manat vəsait ayrılıb. 2019-cu ildə 224 milyon manat ayrılıb.

Yalnız 2008-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi yaradılıb.

Sözügedən agentliyin mətbuat xidmətindən iFact.ge-yə verilən məlumata görə, 2017-ci ildə Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi başlanılıb.

Pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb. 2018-ci ildə isə siyahıya Ağdaş rayonu əlavə edilib.

İcbari Tibbi Sığorta Agentliyinin tibbi sığorta departamentinin direktoru Vüqar Qurbanovun sözlərinə görə, pilot layihənin tətbiqi uğurlu hesab edilə bilər:

"Layihənin həyata keçirildiyi xəstəxanalarda tibb işçilərinin maaşı 3 dəfə artıb. Orta tibb işçiləri 350-370, həkimlər isə 850-870 manat arasında maaş alırlar. Amma problemlər də var, onlardan biri, hətta birincisi həkim çatışmazlığıdır.

Koronavirus Azərbaycana gəlməzdən də öncə icbari tibbi sığorta axsayırdı. Martın 20-də dövlət Covid-19-la bağlı mübarizəyə 1 milyard manat ayırdı. Bundan başqa, prezident İlham Əliyevin sərəncamı ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu da yaradıldı. Dövlət büdcəsindən 20 milyon manatla yanaşı prezident, məbləği ictimaiyyətə açıq olmayan öz illik əmək haqqısını da virusa qarşı mübarizə dəstək fonduna ianə etdiyini bildirdi. Fondun rəsmi internet səhifəsində 17 iyun tarixində toplanılan məbləğ 113 518 674 manat təşkil edir.

Mingəçevir, Yevlax və Ağdaş da daxil olmaqla ölkədəki bütün xəstəxanalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Rəsmi məlumata görə, mart ayından 10 mindən çox tibb işçisi koronavirusla mübarizəyə cəlb edilib.

Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, COVİD 19-la mübarizəyə cəlb edilən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilib.

Nazirlər Kabineti də "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

Verilən qərarlara baxmayaraq, tibb işçiləri əlavə maaşlarını ala bilmədiklərini deyirlər.

Ölkədə əksər tibb işçiləri sərəncamda göstərilən məbləği ala bilmədiklərini deyirlər. Narazılıqlara TƏBİB-dən belə açıqlama verilib:

"Bəzən tibb işçiləri qaydaları ya səhv başa düşürlər, ya da müəssisə rəhbəri yanlış təqdim edib. Qərara görə, həmin şəxslər işlədiyi günün haqqının əlavəsini alır. Bir nəfər ay ərzində bir dəfə işə çıxıbsa, bütün ayın yox, bir günün əmək haqqısının əlavəsini alır".

Pilot layihəyə gəldikdə isə, sözügedən layihədən əvvəl cərrahların maaşı 350-500 manat arasında olub, amma əməliyyatlardan pul qazanıblar. Əməliyyatların qiyməti isə xəstəliyin növünə və ağırlıq dərəcəsinə uyğun olub. Məsələn, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında sığorta sisteminin tətbiqinə qədər kor bağırsaq (appendisit) əməliyyatı orta hesabla 150, doğuş 300, qeysəriyyə 500 manat təşkil edirdi. Bəzən bir həkim gün ərzində iki əməliyyat edirdi. Bu üsul el arasında "həkimə hörmət”, yaxud "zəhməthaqqı” adlandırılır. Qanunla dövlət xəstəxanalarında bütün müayinə və müalicə ödənişsizdir. Lakin pasiyentlərdən pul istənilir və bu, səhiyyə sistemində yazılmamış bir qaydadır .

Hazırda özəl klinikaların birində çalışan, adının açıqlanmasından çəkinən və "Ağayev” kimi qeyd olunmasını istəyən 45 yaşlı terapevt 2009-cu ildən 2017-ci ilin avqustuna kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərin ən azı 30 faizi yerlərdəki və ya Bakıdakı özəl klinikalara üz tutub.

"Pilot layihəyə qədər maaş cədvəlində əməkhaqqım 250 manat olub. Amma pasiyentlərin hesabına dolanmışam. Necə deyərlər, "həkimi el dolandırır”. Əvvəldən belə görmüşük, "hörmət”lə işləmişik. Aylıq gəlirim min manatı keçirdi, bəzən daha çox olurdu, heç dövlətdən aldığım maaşa ehtiyacım olmurdu. Bakıya baxmayın, rayon yerində bu, böyük məbləğ idi.

Pilot layihədən sonra iş sərfəli olmadı. Çünki həkimin maaşı pasiyent qəbulu ilə müəyyənləşdirilir. Həkimə nə qədər adam müraciət edirsə, daha çox maaş ala bilir. Amma bununla belə, yenə də ödənilən maaş çəkilən zəhmətə adekvat deyil. Terapevt hər xəstədən 70-90 qəpikarası qazanır. Pilot proqramında cərrah gün ərzində ən azı iki əməliyyat yerinə yetirməlidir ki, ayda 1500-2000 manat ala bilsin. Halbuki, özəl klinikada bir əməliyyatla o pulu qazanmaq mümkündür”, - Ağayev deyir.

"İcbari tibbi sığorta xəstələr üçün sərfəli ola bilər, amma həkimlərin istismarıdır”, - bunu da adını söyləmək istəməyən başqa bir həkim deyib. O, hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında nervpotoloq kimi çalışır. Həkimin sözlərinə görə, paytaxtda özəl klinikalar çoxdur, həkimin seçim imkanı da böyükdür, bölgələrdə isə vəziyyət fərqlidir:

"Bakıda həkim efirə çıxır, özünü reklam edir, yaxud internet resurslarındakı çıxışları ilə özünə pasiyent yığır. Bölgə həkimini kimdir reklam edən? Biz də məcbur olub işdən sonra pasiyenti evdə qəbul edirik, onların verdiyi 5-10 manatla dolanırıq. Hətta cərrahlar əməliyyatı özəl klinikalara salırlar ki, qazana bilsinlər”.

Xəstəsi olmayanların işdən çıxarılacağı haqda həkimlərə xəbərdarlıq da edilib: "İcbari sığortayla işləmək belədir ki, limit qoyulur, ona uyğun da maaşın olur. Əgər pasiyentinin sayı günlük limitə, yəni 20 nəfərə çatmırsa, deməli, maaşın da az olacaq. Bu da o deməkdir ki, özünü maliyyələşdirən xəstəxana üçün sən sərfəli həkim deyilsən. Halbuki xəstə qəbulundan həkimin maaşına 90 qəpik hesablanması bizim üçün təhqirdir.

İTS qüvvəyə mindikdən sonra xəstəxanalara publik hüquqi şəxs statusu verilib. Buna görə, xəstəxanalar sığorta olunanlar və sığortasız olan pasiyentlər hesabına özlərini maliyyəşdirəcəklər.

Yexlax Rayon Mərkəzi Xəstəxanasının həkimi isə iFact.ge müxbiri ilə söhbətində deyib ki, icbari tibbi sığortanın tətbiqindən sonra yalnız iki-üç həkimin maaşı artıb: "Çünki rayonlarda bir-iki həkim tanınır, xəstə qəbulu üstündə az qala dava düşür. Xəstələrin yönləndirilməsi məsələləri də tənzimlənməlidir”.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin həkimi isə deyir ki, özəl klinikalardan dəvət alsa, bu dəqiqə gedər. Adının çəkilməsinin işini itirməsinə səbəb ola biləcəyini düşünən həkim icbari tibbi sığortanın ginekoloq və cərrahlara sərf etmədiyi qənaətindədir:

"Terapevtə və ya başqa sahənin həkiminə nə var, uzağı analizlərə baxırlar, adamı müayinə edirlər, vəssalam. Nəticədə bizim kimi ayda 600-700 manat alırlar. Amma biz əziyyət çəkirik, doğuşa, əməliyyata giririk.

Ağdaş nə boyda yerdir ki, başqa seçim imkanım olsun? Məcburuq taleyimizlə razılaşaq. Belə olanda da adamın heç nəyə həvəsi qalmır”.

Bakıda özəl klinikalarda fəaliyyət göstərən professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, pilot layihənin nəticələrindən həkimlərin əksəriyyəti razı qalmayıb. Səbəb isə icbari-tibbi sığortaya xarakterik olmayan yanaşmalardır:

"İcbari tibbi sığorta ilə bağlı dünya təcrübəsindən yararlanmaq lazımdır. İcbari tibbi sığortada ilk növbədə fiksə olunmuş qiymətlər tətbiq edilməlidir. Məsələn, 1500-2000 ilkin maaş sistemi olmalıdır. İlkin maaş sistemi konkret normativlərə əsaslanmalıdır. Həkim 10 xəstəyə baxa bilər. Xəstələrin sayı 10-u ötərsə, əlavə ödəniş olur. Yəni, növbədə 3 həkim var. Onların hərəsi 10 xəstəyə baxır. Əgər artıq xəstə gələrsə, yenə onlar arasında bölünür. Yoxsa, xəstələr bir həkimə yönəldilir və o 7-8 min maaş alır, digər gənc, tanınmamış həkimlərə 220 manat maaş vermək olmaz.

Əgər bir həkim 7-8 min maaş alıb, digəri kənarda qalacaqsa, bu icbari tibbi sığorta yox, alver olar. Əvvəlki sovet səhiyyəsi kimi olar. İcbari tibbi sığortanın tətbiqində ilk növbədə həkimlər arasında peşəkarlığın artırılması, xəstəyə müştəri kimi baxılmaması mühiti yaradılmalıdır".

İcbari Tibbi Sığorta Agentliyinin 2017-ci ilə olan məlumatına əsasən də həkimlərin sayının azaldığını görmək mümkündür.

2019-cu ilin hesabatı hələ hazır olmadığından hazırda işçilərin sayı haqda dəqiq məlumat yoxdur. Amma

iFact.ge müxbirinin sorğusunu cavablandıran İcbari Tibbi Sığorta Agentliyinin Tibbi planlama departamentinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, pilot layihə çərçivəsində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrində çalışan həkimlərin sayı hazırda 565 nəfərdir və hazırda 15 vakant yer var:

"Pasiyentlərin qəbulu üzrə normativlər göstərilən tibbi xidmətlərin effektivliyini və keyfiyyətini artırmaq məqsədi ilə tətbiq olunur. Beynəlxalq tibbi normativlərə əsasən, təcili hallar istisna olmaqla 1 pasiyent qəbuluna həkim bir iş günü ərzində orta hesabla 20-25 dəqiqə vaxt ayırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tibb müəssisələrində çalışan həkimlər həftədə 6 gün və hər gün 6 saat yəni 09:00-dan 15:00-dək işləyirlər. Beləliklə, 6 saatlıq iş günü ərzində 1 həkim maksimim 20 nəfərədək pasiyentə xidmət göstərə bilər ki, bu da öz əksini "Normativlərlə bağlı əlavələrin verilməsi qaydaları”nda tapıb” - deyə, Şükür Eyvazov vurğulayıb.

Şöbə müdiri deyib ki, həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər minimum 10 sığorta olunan pasiyentə baxmalıdır. Lakin bu rəqəm 20 sığorta olunan pasiyentdən yuxarı olmamalıdır (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisnadır).

Sadə dillə desək, məsələn, maaşdan əlavə, ay ərzində hər 11-ci xəstənin əməliyyat və müayinə pulunun 15 faizi həkimə bonus kimi veriləcək. Təbii doğusun sığorta qiyməti 160 manatdır. Onun 15 faizi, yəni 24 manatı həkimə bonus kimi yazılacaq. Ginekoloji şöbədə yalnız təbii doğuş və qeysəriyyə əməliyyatı aparılmır. Bu şöbədə həm də hamilə qadınların müayinəsi, yaxud hamiləliyin patologiyadan asılı olaraq pozulmasına görə göstərilən tibbi xidmətin 15 faizi də bonusdur.

"10 pasiyent pulsuz əməliyyat olunmalıdır. Ondan sonra edilən əməliyyatlardan bonus hesablanır. Mingəçevir hələ şəhərdir, əhalisi çoxdur. Kiçik rayonlarda hansı cərrah ay ərzində 10 əməliyyat edir ki, ondan sonrakı əməliyyatlardan bonus qazansın? Ona görə də birmənalı olaraq deyə bilərəm ki, icbari tibbi sığorta Bakıdakı xəstəxanalarda çalışan 3-5 tanınmış həkimdən başqa heç kimə sərf etməyəcək”.

Şükür Eyvazovun sözlərinə görə, pilot ərazilərdəki tibb müəssisələrinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbələri (TTY) 24 saat ərzində vətəndaşlara fasiləsiz xidmət göstərir. Tibb yardım üzrə çağırışlara, habelə pasiyentlərin TTY şöbələrində birbaşa müraciəti zamanı heç bir məhdudiyyətlər tətbiq edilmir. Ambulator və stasionar fəaliyyət üzrə təcili hallarda pasiyentlər növbəsiz və limitsiz qəbul olunurlar.

Halbuki, İmamverdi İsmayılovun və Cavid Ələkbərovun övladlarına Mingəçevir və Ağdaş xəstəxanalarında yardımın göstərilməməsi limitlə əsaslandırılıb. Hər iki hadisə ölkə mətbuatda işıqlandırılsa da, heç bir həkim cəzalandırılmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.