XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İnşaat sektorunun “evi yıxılıb” - BÖHRAN

İnşaat sektorunun “evi yıxılıb” - BÖHRAN

İnşaat sektorunun “evi yıxılıb” - BÖHRAN
2-09-2020, 09:33

Azərbaycanda inşaat sektoru iqtisadiyyatın neft qiymətlərinin düşməsi fonunda ən həssas sektordur. Bunu karbohidrogen qiymətlərinin əvvəlki enişindən sonra müşahidə etdik və bu gün həmin vəziyyət təkrarlanır.

Mövcud məlumatlara görə, bu ilin son yeddi ayında bu sahədə artım tempi keçən ilin hesabat dövrü ilə müqayisədə 16,8% azalıb. Devalvasiyadan keçən bütün illər ərzində əmlak bazarı maliyyə dəyişkənliyinin yaratdığı böhran hadisələrindən uzaqlaşırdı. Neft indekslərinin tədricən artması bu sahədə nisbi sabitliyə gətirib çıxarmışdı: 2017-ci ilin sonuna, hətta, inkişaf dinamikası da nəzərə çarpırdı.

Eyni zamanda, tikinti bazarının artımı yerli tikinti məhsullarının və ixrac mövqelərinin artmasına təkan verən əmək bazarını bərpa edirdi. Artıq keçən il, davamlı olaraq yüksək neft qiymətləri fonunda inşaat sektoru əvvəlki ilə nisbətən 3,9 dəfə artdı və 8 milyon 747,3 min kvadrat metrlik mənzil tikilib istifadəyə verildi.

Müqayisə üçün: bu ilin yanvar-iyul aylarında bu göstərici, yəni tikilən mənzillərin həcmi 2 milyon 780,5 min kvadrat metrə qədər azaldı. Baxmayaraq ki, bu sektora qoyulan vəsait, əksinə, 10,4 % və ya 737,7 milyon manat artmışdı.

Bu kazusu izah edən rəsmi arqument olduqca məntiqli görünür. Hökumət inşaatdakı azalmanın koronavirus pandemiyası və karantininin təsirindən qaynaqlandığını bildirir. Bununla yanaşı, beynəlxalq təşkilatlar 2020-ci il üçün Azərbaycanda iqtisadi artım tempinin, o cümlədən tikintidə də, azalacağını proqnozlaşdırır.

“Azərbaycan karbohidrogenlərin ümumi daxili məhsulun təqribən 40%-ni, ixracatın 90%-ni və büdcə gəlirlərinin üçdə ikisini təşkil etdiyi neft sektorundan yüksək dərəcədə asılılığa malikdir", - deyə “Fitch Ratings” agentliyinin mütəxəssisləri qeyd edirlər.

Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) İcraçı direktoru Elnur Azadovun AYNA-ya şərhinə görə, bir qayda olaraq, neftin ucuzlaşması əmlak bazarında neqativ proseslərə səbəb olur, neftin bahalaşması ilə əksinə bazar canlanır: “Xarici valyuta daxilolmaları artır, bu pulun bir hissəsi daşınmaz əmlak bazarına yönəlir. Nəticədə təzyiq artır və müəyyən bir bahalaşma müşahidə edirik”.

O, hazırda əmlak bazarında təklifin məqbul səviyyədə olduğunu deyib: “Bu səbəbdən son illərdə aktiv tikinti aparılıb, dövlət layihələrinin sayı artıb, o cümlədən paytaxtın planlı hissələrində köhnə binaların dövlət tərəfindən sökülməsi proqramı çərçivəsində mənzil fondunun inşası davam edib. Eyni zamanda, düşən neft indeksləri fonunda milli valyutanın dayanıqlığı tələb seqmentində bir qədər durğunluğa səbəb olub. Söhbət apardığımız mütəxəssislərin fikrincə, durğunluq daxili valyutanın məzənnəsində azalma gözləntiləri ilə əlaqəli ola bilər”.

“Əvvəlki devalvasiyanın təcrübəsi göstərir ki, məzənnə dəyişkliyi nəticəsində daşınmaz əmlak qiymətləri əvvəlcə yüksəlir, lakin bir neçə aydan sonra bazar sabitləşir, çünki bahalaşma tələbin azalması ilə müşayiət olunur. Bu günə qədər təklif seqmentində açıq bir artım tendensiyası yoxdur. Potensial satıcılar fərqli davranırlar – bəziləri gözləyir, az sayda insan isə daşınmaz əmlakını satmağa və manatı dollara çevirməyə çalışır. Ümumiyyətlə, təklif milli valyutanın ucuzlaşmasından dərhal sonra yüksəlir”, - Azadov bildirib.

“MBA Group” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov də AYNA-ya deyib ki, ümumiyyətlə, maliyyə sabitliyi və iqtisadi vəziyyətin normallaşması iqtisadiyyatın bu prioritet sahəsinə investisiya axını üçün əhəmiyyətli stimul olur: “Ümumiyyətlə, əhalinin artan rifahı, şübhəsiz ki, ilkin və təkrar mənzil fonduna tələbin artmasına kömək edir. Bu sahəyə maliyyə inyeksiyası isə qiymət artımı ilə müşayət edilir”.

“Eyni zamanda, maliyyə qeyri-sabitliyi əks mənzərəyə - kapital qoyuluşlarının azalmasına, tələbin azalmasına və durğunluğa səbəb olur. Hazırda tikilmiş yaşayış sahələrinin həcmində azalma hökumətin koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin nəticəsidir”, - ekspert vurğulayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.