SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nardaranda yaşayan sakinlər daş karxanasından şikayət edir

Nardaranda yaşayan sakinlər daş karxanasından şikayət edir

Tarix:

26-08-2020, 11:09

/ 1 102 dəfə oxundu.
Nardaranda yaşayan sakinlər daş karxanasından şikayət edir

Sabunçu rayon Nardaran qəsəbəsində yaşayan sakinlər daş karxanasının fəaliyyətindən şikayət edir.

Nardaran qəsəbəsi Ləhiş bağlarında yaşayan bir qrup sakinin Oxu.Az-a müraciətində qeyd ediblər ki, daş karxanasının fəaliyyəti orada yaşayışı çətinləşdirir:

“Səhər saatlarından işə başlayan daş karxanasında işlər gecə saatlarına qədər davam etdirilir. Səs-küydən heç kim evdə rahat otura bilmir. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etmişik, lakin tədbir görülməyib. Biz karxananın fəaliyyətinin dayandırılmasını istəmirik, sadəcə fəaliyyətlərini elə tənzimləsinlər ki, insanların yaşayışına ciddi təsir etməsin.

Hava bir qədər küləkli keçdiyində evdə tozdan oturmaq olmur. Bütün eyvana sanki qar yağıb, ağ örpəyə bürünür. Gün ərzində nə qədər təmizlik aparmaq olar? Bunun qarşısını almaq olmur. Pandemiya ilə əlaqədar heç yerə getmək olmur. Bu məsələyə məhkəmə səviyyəsində baxılıb. Qərar da verilib. Amma hələ də çətinliklərimiz qalmaqdadır. Xahiş edirik aidiyyəti qurumlar bu məsələnin həlli üçün konkret addımlar atsın”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ərazidə yerləşən daş karxanası ərazidə uzun illər fəaliyyət göstərir:

“Bu məsələ ilə bağlı çoxsaylı şikayətlər var. Nardaran daş karxanası 1988-ci ildə artıq "Dağ-mədən ayırması" aktı əldə edib, 1960-cı illərdən isə müvafiq sənədlər əsasında karxananın ərazisi təyin edilib. Son illərdə dəfələrlə bu məsələ ilə bağlı şikayətlər əsasında araşdırmalar aparılıb. 2019-cu ildə onların fəaliyyəti müvəqəti dayandırılıb. Hətta nazirlik tərəfindən 127 min 812 manat dəyərində cərimə də tətbiq edilib.

Bununla belə biz hüquqi dövlət olduğumuzu unutmamalıyıq. Sonuncu məhkəmə avqust ayının 4-də olub və Ali Məhkəmə qərar çıxarıb. Qərarda qeyd edilir ki, daş karxanası tam qanun çərçivəsində fəaliyyətinə icazə alıb.

Yaranan problemə səbəb ərazi yaxınlığında tikilən yaşayış evlərinin sayının artmasıdır. Daş karxanası öz fəaliyyətini davam etdirəcək. Tərəfimizdən daş karxanasının fəaliyyətinə dair bir sıra tələblər qoyuldu. Bütün karxanalar, o cümlədən Nardaran daş karxanası, fəaliyyətini müasir tələblərə uyğun aparılmalı, nisbətən səsi boğan avadanlıqlardan istifadə etməlidir. Bunlar məcburi göstərişlərdir. Eyni zamanda karxananın axşam saatlarında fəaliyyəti də saxlanıldı. Hətta ötən həftənin şənbə və bazar günü əməkdaşlarımız orada olub, müşahidə aparıb. Lakin ərazidə yaşayan vətəndaşlara bu məsələdə qonşuluq prinsipi ilə yanaşmalarını tövsiyə edirik”.
Nardaranda yaşayan sakinlər daş karxanasından şikayət edir


Şərhlər

XƏBƏR LENTİ