XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Şənbə və bazar günləri avtobusların işləməməsi vətəndaşlara problemlər yaradır"

"Şənbə və bazar günləri avtobusların işləməməsi vətəndaşlara problemlər yaradır"

"Şənbə və bazar günləri avtobusların işləməməsi vətəndaşlara problemlər yaradır"
21-08-2020, 13:31

Həftə sonları ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması şənbə və bazar günləri işləmək məcburiyyətində olan sıravi işçilərə problem yaradır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın brifinqində bildirmişdi ki, şənbə və bazar günləri işləmək məcburiyyətində olan müəssisələr özləri işçilərin daşınmasını təşkil etməlidir. Müəssisələr işçilərin daşınmasını müəssisənin öz avtomobili, işçilərin fərdi avtomobili və ya taksi xidmətindən istifadə etməklə təmin edə bilər. Lakin bu çağırışa məhəl qoymayan müəssisələr, sahibkarlar var. Onları işçinin necə, hansı yolla gələcəyi maraqlandırmır.

Xatırladaq ki, yumşalmalardan əvvəl, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi başlanandan bəri paytaxt da daxil, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında həftə sonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Nazirlər Kabineti yanında Operativ Qərargah avqust ayı boyunca hər şənbə-bazar bu qaydaların qüvvədə olacağını bildirib. Adamların “əlindən tutan” Bakı metrosu da hələ qapalıdır. Bu, şənbə-bazar günləri işləyənlər üçün əziyyətli və məsrəfli bir durumdur. İşə getməsi mütləq olan sıravi işçilər yol xərcini özü ödəməli olur. Şəxsi avtomobili olmayanların çıxış yolu taksi xidmətindən istifadə etməkdir. O da əlavə xərc, məsrəf deməkdir. Problem necə həllini tapmalıdır?

Almaniya hökuməti isə böhrandan çıxış yolu kimi 4 günlük iş həftəsinə keçid üzərində düşünür. Hökumətə “iş günlərinin sayını azaltmaq yoluxma təhlükəsini də azaldar” təklifi irəli sürülüb.

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İcimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında bu barədə qərar vermədən öncə düşünmək gərəkdiyini bildirdi:

- Operativ Qərargah qərar qəbul etməmişdən əvvəl düşünməlidir, ölkədəki iş sistemi ilə də tanış olmalıdır. Bakıda adi iş rejimindən əlavə növbəli iş rejimi də mövcuddur. Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi də məhz ən çox növbəli iş rejimi ilə işləyən insanların əziyyət çəkməsinə səbəb olur. Bu problemin həlli isə OQ qərarından asılı olub. Təəssüf ki, brifinq vaxtı da jurnalistlər tərəfindən problemlə əlaqədar sual verilmir. OQ həmin müəssisə rəhbərlərinin üzərinə öhdəlik qoyaraq, bu insanların əziyyətini qarşılamaq üçün, həmin işçilərin nəqliyyatla təmin olunmasını, yaxud həmin günlər üçün əlavə vəsait ödənilməsi tələbini irəli sürməli idi.

M.Qəhrəmanlı 4 günlük iş həftəsinə keçid məsələsinin 2019-cu ildən gündəmdə dolaşdığını dedi:

- Bu, uzun məsələdir. Bunun üçün ölkənin Əmək qanunvericiliyində dəyişiklik olunmalıdır. İndiki halda tətbiqi isə çətindir.
4 günlük iş həftəsinin yoluxma riskini azaldacağına gəlincə, M.Qəhrəmanlı “real deyil”, söylədi və əlavə etdi: “deyirlər, amma əsaslandırmaq lazımdır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.