SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Muxtaroğlu VM” MMC-dən nazirə şikayət olundu - Müraciət...

“Muxtaroğlu VM” MMC-dən nazirə şikayət olundu - Müraciət...

Tarix:

17-08-2020, 09:50

/ 1 236 dəfə oxundu.
“Muxtaroğlu VM” MMC-dən nazirə şikayət olundu - Müraciət...

Daxili İşlər naziri Vilayət Eyvazov cənabına «Muxtaroğlu VM» MMC-dən ŞİKAYƏT

Surəti: Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev cənabına

Hörmətli cənab general !

Bu gün ölkəmizdə qanunun aliliyinin, insan hüquqlarının qorunması üçün bütün işlər görülür. Daxili İşlər orqanlarının mükəmməl fəaliyəti nəticəsində cinayətkarlığa qarşı mübarizə sahəsində böyük uğurlar əldə edilib. Uzun illər nazirlikdə keçdiyiniz şərəfli xidmət yolu hər bir polis işçisi üçün bir məktəbdir. Bu gün də nazir kimi bu yolu uğurla davam etdirir, ölkəmizdə asayişin,əmin-amanlığın qorunmasına nail olursunuz.

Təəssüflə qeyd etməliyəm ki, hələ də qanunların aliliyinə məhəl qoymayan, öz bildiyini edən şirkətlər və şəxslər vardır. Bəzi şirkətlər hələ də vətəndaşlara qarşı fırıldaq, aldatma yolu ilə qazanc əldə etməklə məşğul olur, nəticədə insanlar zərərə düşürlər. Bu günlərdə mən özüm belə bir fırıldağın qurbanı olmuşam və dəfələrlə qarşı tərəfə müraciət etsəm də dəymiş zərərin ödənilməsinə nail ola bilməmişəm. Odur ki, sizdən mənim hüquqlarımın bərpasına,dəymiş zərərin ödənilməsinə və fırıldaqla məşğul olan şirkətin cəzalandırılmasına yardım etmənizi xahiş edirəm.

Avqust ayının 3-də Abşeron rayon Xırdalan şəhəri Həsən Əliyev küçəsi 44 ünvanında yerləşən “Muxtaroğlu VM” MMC-də idarə etdiyim 99-FV-699 seriya nömrəli BMW X-6 markalı avtomobilin yağını dəyişdirdim. Uzun müddətdir ki, avtomobilimə texniki xidmət göstərən Rasim adlı şəxs maşının yağını dəyişdi. Qəzənfər adlı şəxsə yeni yağ filtri gətirməsi üçün müraciət etdik və 15 manat ödədikdən sonra o üzərində Almaniya istehsalı olduğunu bildirən yağ filtrini gətirdi. Beləcə yeni yağ filtri taxılmaqla “Muxtaroğlu VM” MMC-də maşının yağı dəyişdirildi. Üzərindən bir saat keçdikdən sonra isə qəflətən maşının mühərriki sıradan çıxdı. Yağı dəyişən ustaya bu barədə məlumat verdikdə o yağda heç bir problemin olmadığını bildirdi. Ustaların mühərrikə baxışından sonra məlum oldu ki, Almaniya məhsulu adı altında keyfiyyətsiz Çin istehsalı olan filtrdən istifadə olunub və nəticədə mühərrik sıradan çıxıb.

“Muxtaroğlu VM” MMC keyfiyyətsiz, heç bir standarta uyğun gəlməyən saxta Çin məhsullarından istifadə etməklə vətəndaşları aldatmaqla məşğuldur. Hadisə baş verəndən sonra şirkətə məlumat verdim və Babək adlı əməkdaş gələrək müxtəlif bəhanələr səsləndirsə də dediklərinin heç birini sübut edə bilmədi. Mühərrikin sıradan çıxmasında bilavasitə “Muxtaroğlu VM” MMC şirkətinin istifadə etdiyi keyfiyyətsiz yağ filtrinin səbəb olduğu sübut olunduqdan sonra əvvəlcə mənə 3 min manat pul təklif etdilər. Onlara mənə 15 min manat ziyan dəydiyini söylədikdə isə mənə hədə-qorxu gəlməyə başladılar. Şirkətin əməkdaşı “heç kimdən çəkinmirik,kimə istəyirsənsə müraciət et” deyərək mənə təzyiqlər edir. Beləliklə saxta məhsullarla vətəndaşları aldadan “Muxtaroğlu VM” MMC şirkəti fırıldaq yolu ilə pullar qazanır. Ziyan vurduğu insanları isə hədə-qorxu,təzyiq yolu ilə susdurmağa çalışırlar.

Cənab general!

Dövlət qanunlarını heçə sayan, fırıldaq, saxta məhsullar satışı ilə pullar qazanan “Muxtaroğlu VM” MMC heç kimə məhəl qoymur. Onlardan öz halal haqqımı tələb etdiyim halda təzyiqlərlə üzləşirəm, mənə hədə-qorxu gəlirlər. Dövlətimizə və sizin fəaliyyətinizin ali prinsipi olan qanunların qorunmasına inanaraq sizə müraciət edirəm. Xahiş edirəm, mənə dəymiş zərərin ödənilməsinə və fırıldaqçılıq, asaxtakarlıq yolu ilə fəaliyyət göstərən “Muxtaroğlu VM” MMC şirkətinin cəzalandırılmasına köməklik edəsiniz. Öncədən sizə minnətdarlığımı bildirirəm.

İmza: Sadiq Mahmudov
Əlaqə Tel: (070) 510- 00-00 //rublika.az//

Şərhlər

XƏBƏR LENTİ