SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Kubalı həkimlər haradadır, onlar məgər “Yanardağ”ı və ya “İçərişəhər”i görməyə gəliblər?..” - İTTİHAM

"Kubalı həkimlər haradadır, onlar məgər “Yanardağ”ı və ya “İçərişəhər”i görməyə gəliblər?..” - İTTİHAM

Tarix:

18-07-2020, 09:40

/ 2 435 dəfə oxundu.
"Kubalı həkimlər haradadır, onlar məgər “Yanardağ”ı və ya “İçərişəhər”i görməyə gəliblər?..” - İTTİHAM

Azərbaycanda karantin rejimi daha iki həftə də uzadılacaq. Bu barədə iyulun 16-da prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov açıqlama verərkən bildirib.

O qeyd edib: “Biz karantin rejiminin daha iki həftə uzadılmasına məcburuq. Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah tərəfindən karantin rejiminin uzadılması və bunun qaçılmaz olması haqda müəyyən qərarlar qəbul edilib”.

Xatırladaq ki, ölkədə martın 24-dən tətbiq olunan karantin rejimi aprelin 27-dən yumşaldılmağa başladılıb. Mayın 4-dən bu rejim bir qədər də yumşaldılsa da, daha sonra virusa yoluxma halları artdığı üçün iyun ayından etibarən ölkədə sərt karantin rejimi elan olundu. Artıq bir neçə həftədir ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılır, ev təcridi tətbiq olunur.

Ölkədə ilk koronavirusa yoluxma halı fevralın 28-də başlayıb. İyulun 16-na olan son məlumata görə, bu günə qədər ölkədə 26 mindən çox insan koronavirusa yoluxub. Onlardan 334 nəfəri vəfat edib. İyun ayından başlayaraq ölkədə koronavirusa yoluxanların sayı hər gün 500-dən çox olmağa başladı. Yalnız iyul ayının 16-da ilk dəfə olaraq yoluxma hallarının sayı 500-dən aşağı oldu - 493 nəfər. Virusdan ölənlərin sayı isə - 8 nəfər.

Beləliklə, mütəxəssislər bildirir ki, getdikcə ölkədə virusa yoluxanların sayında stabilləşmə, azalma müşahidə olunsa da, son yürüş aksiyasından sonra yoluxma sayı yenidən artmağa, gərginləşməyə başlayacaq.

Məsələ ilə bağlı artıq uzun müddətdir ki, koronoviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəmin rəyini öyrənməyə çalışdıq. Həkimin sözlərinə görə, iki həftə sonra yürüş aksiyalarının nəticələri özünü göstərməyə başlayacaq: “Biz axırıncı lokdaunun nəticələrini yaşayırıq. İki həftədən sonra isə yürüş aksiyasının nəticələrini görməyə başlayacağıq. Belə ki, yürüşlərdə çoxlu sayda insanın bir yerə toplanması və gecə vaxtı maska taxmaması, bir-birinə həddən artıq yaxın olması, basa-bas olması o deməkdir ki, yoluxma sayı yenə də artacaq. Bu baxımdan karantin rejimi ölkəmiz üçün əhəmiyyətini itirib. Baxmayaraq ki, maska taxanların sayı artıb, amma şahidi oluruq ki, maskadan düzgün istifadə edilmir, onu çənənin altında saxlayırlar. Bu, o deməkdir ki, tələb olunan qaydalara əməl edilmir”.

Ədalət Rüstəm ixtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlunun “yürüşdə emosional vəziyyətdə insanların müqavimət gücü o qədər artır ki, koronavirusa yoluxma ehtimalı aşağı düşür” fikrinə də münasibət bildirib: “Bu, heç bir elmə əsaslanmayan, yanlış fikirlərdir. Virus hansı tərəfin məğlub və yaxud qalib olmasına baxmır”.

Həkim son vaxtlar gənclər arasında da ölüm hadisələrinin artmasından danışdı: “Şahidi olduq ki, son vaxtlar gənclər, hətta gənc həkimlər bu virusdan dünyasını dəyişdi. Koronavirusda mutasiya gedir, lakin azalma tendensiyasına meyllidir. Həkimlərdə bu virus daha ağır ştamlara keçdiyi üçün ölüm halları qaçılmaz olur. Yəni mutasiya iki istiqamətdə gedir - yavaşlamağa və ağressivləşməyə doğru. Ölüm hadisələrinə səbəb aqressiv ştamdır. Doğrudur, çoxlu sayda gənclər də artıq bu virusa yoluxur. Lakin onların böyük əksəriyyəti sağalır. Hətta bir qismi heç müalicə almadan sağal bilirlər, çünki immun sistemləri güclü olur. Sual olunur ki, gənc həkimlərin ölüm hadisələrinin kökündə nə dayanır? Onlar aqressiv ştamlarla yoluxurlar. Çünki xüsusilə də kardioloqlar, reanimotoloqlar ən ağır xəstələrin müalicəsini aparır, onlarla yaxından təmasda olurlar. Ən ağır xəstə ağır ştamlarla yoluxmuş xəstə deməkdir. Kardioloji və yaxud reanimotoloji tədbirlər görüləndə həkimlər birbaşa həmin xəstələr ilə təmasda olur, virus yükləri çoxalır və onlar da yoluxur, çox təəssüf ki, ölüm halları da olur. Amma adi halda küçələrdə, basa-basda virusa yoluxanlar arasında ölüm hadisəsi demək olar ki, yox dərəcəsindədir”.

Ədalət həkim qeyd etdi ki, hazırda vəziyyət kritik olduğu üçün xəstəxanalarda deyil, evdə müalicə almaq daha məqsədəuyğundur: “Çünki xəstəxanalarda, xüsusilə də modul tipli xəstəxanalarda personal çatışmamazlığı var. Martın sonu, aprel ayında xəstəxanalarda koronaviruslu xəstələri qəbul edən personalın, demək olar ki, əksəriyyəti virusa yoluxub və hazırda müalicə alırlar, aralarında ölənlər də var. Yəni hazırda həkim çatışmamazlığı yaşanır.

Yeni modul tipli xəstəxanalarda 70-80 xəstəyə çox az sayda həkim personalı xidmət göstərir. Yaranmış vəziyyətdən xəbərdar olan xəstələr artıq xəstəxanalarda müalicə almaqdan imtina edir, evdə müalicə almağa üstünlük verirlər. Lakin qeyd edim ki, poliklinika həkimləri ev şəraitində, ambulator müalicəyə cəlb olunmayıblar. Məsələn, mən bu gün 20-yə yaxın xəstəni müalicə edir, eyni zamanda telefon vasitəsi ilə virusa yoluxmuş xəstələrə cavab verirəm. Həmin xəstələr bildirir ki, poliklinikaya müraciət etsələr də, onların çağırışlarına cavab verən yoxdur. Bu xəstələr nə qeydiyyata alınıb, nə də testdən keçiriliblər. Bir sözlə, nəzarətdən, prosesdən kənarda qalıblar".

Həkim virusun orqanizmin bütün sistemlərini zədələdiyinə də diqqət çəkdi: “Məlum olduğu kimi koronavirus ümumilikdə bütün daxili orqanları, ağciyərləri, xüsusən də qanın laxtalanma sistemini zədələyir. Bunun üçün də xəstələrin müalicəsində bu amil nəzərə alınır”.

O, həmçinin bu günlərdə Bakıya gələn 115 kubalı həkimdən söz açdı və həmin həkimlərin prosesdə iştirak etmədiyini iddia etdi: “115 nəfər Kubadan həkim heyəti gətirilib. Sual olunur: onlar haradadır və niyə prosesə cəlb olunmurlar? Şayiələr gəzir ki, hər ay onlara 12 min dollar maaş veriləcək, halbuki öz ölkələrində 150-200 dollar maaş alan həkimlərdir. Bəs bu 115 həkimin gətirilməsində məqsəd nədir? Bundan əvvəl Rusiyadan, Türkiyədən də həkim heyəti gətirilmişdi. Rusiyadan gələn 1-ci həkim heyəti arasında azərbaycanlı həkimlər də var idi. Onlar bizim xəstəxanaya da gəldi, vəziyyətlə tanış oldular və hətta bildirdilər ki, ”sizdə vəziyyət bizimkindən yaxşıdır" və sairə. Bəs kubalı həkimlər haradadır? Onlar məgər “Yanardağ”ı və ya “İçərişəhər”i görməyə gəliblər? Niyə prosesdə iştirak etmirlər?"
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ