XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Konstituisya Məhkəməsi də güclünün tərəfini tutur

Konstituisya Məhkəməsi də güclünün tərəfini tutur

Konstituisya Məhkəməsi də güclünün tərəfini tutur
22-06-2020, 10:50

Bu ali instansiya sökülən mülkiyyətinə görə tikinti şirkətindən uyğun kompensasiya tələb edən vətəndaşı haqsız sayıb
Bakıda istismar müddəti keçmiş, qəzalı evlərin sökülməsi, həmçinin paytaxtın baş planına uyğun söküntü-tikinti prosesində mülkiyyətçilərlə dövlət orqanları və şirkətlər arasında tez-tez qalmaqallar yaşanır. Hazırda məhkəmələrdə bu cür mübahisələrlə bağlı çoxlu sayda iş var. İndiyədək yerli məhkəmələrin bu problemlə əlaqədar qərarlarından narazı qalan xeyli vətəndaş da Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

Bu günlərdə Azərbaycan Konstitusiya Məhkəməsinin Bakıdakı söküntülərə aid bir qərarı müzakirələrə yol açıb. Çünki başqa məhkəmələrdən fərqli olaraq, Konstitusiya Məhkəməsinin qərarları daha üstün hüquqi qüvvəyə malikdir. Digər məhkəmələr gələcəkdə bənzər problemə dair qərar çıxaranda məhz KM-in bu qərarına əsaslanacaq. Narahatlıq yaradan isə budur ki, Konstitusiya Məhkəməsi mülkiyyətinə görə uyğun kompensasiya tələb edən vətəndaşı haqsız hesab edib.

Çox az hallarda vətəndaşların şikayətinə baxan Konstitusiya Məhkəməsi sözügedən qərarı Bayılda söküntü-tikinti prosesi ilə məşğul olan şirkətin müraciəti əsasında çıxarıb. Söhbət “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativi ilə Bayılda Qurban Abbasov küçəsi-27 ünvanında yaşamış Violetta Mirbağırova arasındakı mübahisədən gedir. Həmin ünvandakı ikimərtəbəli köhnə bina sökülüb, yerində yenisi tikilib, üç ildən çox davam edən qalmaqaldan sonra V.Mirbağırovaya Ali Məhkəmənin qərarı əsasında pul da ödənilib. Lakin Konstitusiya Məhkəməsi mayın 31-də Ali Məhkəmənin həmin qərarını ləğv edib. İndi Ali Məhkəmə işə yenidən baxmalıdır.

Konstitusiya Məhkəməsi qərarında iddia edib ki, Bakıda söküntü zamanı mülkiyyətçilər əmlak hüquqlarından sui-istifadə edirlər və sökülən mənzillərinin əvəzinə yüksək kompensasiya istəyirlər. V.Mirbağırova isə deyir ki, Konstitusiya Məhkəməsinin bu qərarı vətəndaşın əzilməsinə, mülkiyyətinin əlindən alınmasına yol açır.

Violetta Mirbağırova: “Məni və ailə üzvlərimi polis gücünə evimizdən çıxartdılar”

“Press Klub”a danışan xanım Mirbağırova bildirdi ki, 2016-ci ilin avqustunda polis gücüylə mənzilindən çıxarılıb. Bunu təsdiqləyən videogörüntülər də var.

Q.Abbasov-27 ünvanındakı ikimərtəbəli binanın söküntüsü üçün “Fortis-Bayıl” MTK-nın əlində sənədlər olub. Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması haqda rəy verib. Səbail rayon İcra Hakimiyyətinin də sərəncamı olub ki, şirkət o ünvanda söküntü və tikinti işlərini həyata keçirsin. Şirkət də yeni bina hazır olana qədər sakinlərə kirayə pulu ödəmək və həmin binada onları mənzillə təmin etmək öhdəliyi götürüb. Amma V.Mirbağırova və bir neçə başqa qonşusu müqaviləni imzalamaqdan imtina edərək evlərindən çıxmaq istəməyiblər. Daha doğrusu, həmin ərazi üzrə bazar qiyməti ilə kompensasiya tələb ediblər. V.Mirbağırova qeyd etdi ki, binanın qəzalı olması barədə rəy söküntüyə əsas yaratmaq üçün alınmışdı:

“Əgər bina dövlət ehtiyacı üçün sökülmürsə, deməli, mülkiyyətçilər də öz evindən məcburi çıxarıla bilməz. Ən əsası, yeni binanın tikilib təhvil veriləcəyinə dövlət təminatı yox idi. Bu gün nə qədər adamlar tikinti şirkətlərinə inanıb aldandıqlarına görə prokurorluq, məhkəmə qapılarında qalıblar. Biz İcra Hakimiyyətinə də getmişdik, bizə yazılı zəmanət vermədilər, o halda, niyə inanmalıydım?!”

V.Mirbağırovanın sözlərinə görə, onun çıxmadığını görüb, şirkət işçiləri ətrafdakı mənzilləri sökərək evini qəzalı vəziyyətə salıblar. Qaz, su və işıq təchizatında problemlər yaranıb.

V.Mirbağırova məhkəməyə üz tutaraq bu iddiaya baxılıb, yekun qərar çıxarılana qədər söküntü işlərinin dayandırılmasını istəyib. Hakim onun bu istəyini təmin edib və qərardad çıxarıb. Amma bir həftə sonra hakim Azər Tağıyev öz qərarını ləğv edib. Qərardad qüvvədə olan vaxtda artıq V.Mirbağırovanın mənzili sökülüb.

“2016-cı il avqustun 13-də məni və ailə üzvlərimi polis gücünə evimizdən çıxartdılar. Axşam saat 9 radələrində faktiki, evimizə hücum elədilər. O binada bizdən başqa da çıxmayanlar vardı. Onlara qarşı da eyni cür davrandılar. Tikinti şirkətinin işçilərinin, polislərin kobudluğunu sözlə təsvir etmək mümkün deyil. Qonşunun həyat yoldaşı baş verənləri videoya çəkmişdi. Mənzilin bahalı taxta qapısını balta ilə sındırırdılar. Polis videokameranı zorla onun əlindən alıb, görüntüləri silsə də, sonradan həmin kadrları bərpa eləmək mümkün oldu. Oradan görünür ki, bizi evimizdən neçə çıxarıb, çölə atırlar”, – deyə V.Mirbağırova başına gələnləri nəql etdi.

“Əmlak Ekspert Mərkəzi” MMC V.Mirbağırovanın evinə 146 min manat qiymət qoyub. Səbail rayon Məhkəməsi də tikinti şirkətinin V.Mirbağırovaya mənzilə görə 146 min, iki il kirayə haqqı kimi 8400 manat, mənəvi ziyana görə də 1000 manat ödənilməsinə qərar verib. Bakı Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək yeni qərar çıxarıb ki, V.Mirbağırovaya pul yox, evinin sahəsinin 20 faizi qədər də əlavə olunmaqla, mənzil verilsin, aylıq kirayə haqqı da 300 manatdan hesablansın. Ali Məhkəmə bu qərarı ləğv edib, işi yenidən apellyasiya baxışına göndərib. İkinci dəfə eyni işə baxan Bakı Apellyasiya Məhkəməsi bu dəfə birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Amma proses bununla da bitməyib, iş yenə Ali Məhkəməyə gəlib. Ötən il oktyabrın 14-də Ali Məhkəmə bir daha bu işə baxıb və ev sahibinə 155 min 400 manat ödənilməsi barədə qərarı qüvvədə saxlayıb.

“Fortis-Bayıl” bu qərardan Konstitusiya Məhkəməsinə şikayət edib. Amma məhkəmə qərarında göstərilən məbləği də mülkiyyətçiyə ödəyib: “Ali Məhkəmənin qərarı dərhal qanuni qüvvəyə mindiyinə və məcburi icraya yönəldiyinə görə, həmçinin, Violetta Mirbağırovanın maddi durumunun ağır olmasını, evsiz qalmasını, karantin rejimini nəzərə alıb, vəsaiti köçürmüşük”.

V.Mirbağırova isə Konstitusiya Məhkəməsinə etiraz ərizəsi göndərib, şirkətin məhkəmə qərarını könüllü icra etdiyini, pulun ödənildiyini vurğulayaraq, işin icraatına xitam verilməsini istəyib. Buna baxmayaraq, Konstitusiya Məhkəməsi icraata xitam verməyib.

Konstitusiya Məhkəməsi ərazi planlaşdırmasını da dövlət ehtiyacı sayır və bu halda vətəndaşdan mülkiyyətinin məcburi alınmasına haqq qazandırır

KM-in qərarında bildirilir:

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 3-cü maddəsində konkret hallar sadalanır. Yalnız həmin hallarda vətəndaş mülkiyyətindən əvəzi ödənilməklə çıxmağa məcbur edilə bilər. Torpağın, mülkiyyətin alına biləcəyi dövlət ehtiyacları isə bunlardır:

-Dövlət əhəmiyyətli yolların, kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərləri, kanalizasiya, yüksək gərginlikli elektrik xətləri, hidrotexniki qurğular) çəkilməsi və quraşdırılması;

-Sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

-Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;

-Dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;

-Dəniz limanının ərazisinin artırılması.

Qanunun 3.2 maddəsində birmənalı yazılıb ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu hallarda alına bilər.

Ərazi planlaşdırılması da dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir”.

Başqa sözlə, KM ərazi planlaşdırmasını da dövlət ehtiyacı hesab edir və bu halda, vətəndaşdan mülkiyyətinin məcburi alınmasına haqq qazandırır.

“Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq, ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməyib. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur”, – deyə Konstitusiya Məhkəməsinin qərarında yazılıb.

Fuad Ağayev: “Konstitusiya Məhkəməsi bu qərarla vətəndaşlara qarşı özbaşınalığa “yaşıl işıq” yandırıb”

V.Mirbağırovanın vəkili Fuad Ağayev hesab edir ki, Konstitusiya Məhkəməsi bu qərarla inzibati orqanların, tikinti şirkətlərinin söküntülərdə vətəndaşlara qarşı özbaşınalığına “yaşıl işıq” yandırıb. Onun fikrincə, gələcəkdə bu qərara istinad edilməklə vətəndaşların mülkiyyət hüququnun pozulması halları daha da arta bilər. Vəkilin sözlərinə görə, Konstitusiya Məhkəməsi heç baxdığı işin faktiki hallarını nəzərə almadan, ümumilikdə bu problemlə bağlı qərar verib.

“Qiymətlərdəki qeyri-adekvatlıq problemi daha çox inzibati orqanların, tikinti şirkətlərinin təklif etdiyi şərtlərdən irəli gəlir. Nazirlər Kabinetinin qonşuluğunda – Bakının lap mərkəzində yerləşən binaların sakinlərini köçürürlər, onlara kvadrat metrə görə cəmi 2500 manat verirlər. Bu, adekvat qiymətdir? Baxaq, görək ki, həmin ərazidə yeni tikilən binalarda təmirsiz satış neçəyədir? Konstitusiya Məhkəməsi bu qərarla öz səlahiyyət həddini də aşıb. Qərarı yazan işin faktiki hallarını, Violetta Mirbağırovanın başına nə oyun açıldığını ya bilmir, ya da bilib, belə bir qərar verirsə, lap pis. Şirkətlərin etdiyi xətalar vətəndaşların ayağına yazılıb. Mən demirəm ki, vətəndaşların hamısı haqlıdır. Təcrübədə insanların öz evinə, onlara əziz olan yerlərə görə bazar qiymətindən daha çox kompensasiya tələb etməsi halları olur. Amma istənilən halda, Konstitusiya Məhkəməsi öz qərarında belə şeylər yazmamalıydı, yaza bilməzdi. Bununla da digər məhkəmələrə istinadgah verir ki, iki nəfərin imzasıyla qəza vəziyyətində olması haqda rəy alınan evlərdən adamların çıxarılmasına haqq qazandırsın. Qərarda Mənzil Məcəlləsinin 28-ci (Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması, yenidən planlaşdırılması) maddəsinə istinad edir, amma onun ruhuna zidd yozulur həmin hüquq norması. Belə Konstitusiya Məhkəməsi ilə biz uzağa getmərik, getsək də, qayıtmarıq”, – deyə F.Ağayev “Press Klub”a bildirdi.

Vəkil əlavə etdi ki, V.Mirbağırova dörd ay öncə şirkətin ödədiyi vəsaiti xərcləyibsə və Konstitusiya Məhkəməsi sonradan həmin qərarı qüvvədən salıbsa, bu halda, problemin gələcək həlli də qaranlıqdır.

Ənnağı Hacıbəyli: “Konstitusiya Məhkəməsinin tərəfə çevrilməsi biabırçılıqdır”

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli də Konstitusiya Məhkəməsinin qərarını şərh edib. Onun fikrincə, bu qərarla Konstitusiya Məhkəməsi tikinti şirkətinin tərəfinə çevrilib, bu da görünməmiş biabırçılıqdır:

“Konstitusiya Məhkəməsi tərəflərin, məhkəmələrin, hətta müəyyən hallarda hakimiyyətin, özəlliklə ali qanunverici hakimiyyətin fövqündə dayanan orqandır. Onun tərəfə çevrilməsi qanunun üstünlüyü kimi bir ana prinsipin kobud şəkildə pozulması deməkdir. Bu, artıq hüquq deyil, hüququn “ali icraat” səviyyəsində deqradasiyasıdır. Ümumiyyətlə, Konstitusiya Məhkəməsində şikayətlərin qəbulu və Plenuma çıxarılmasında kütləvi hal almış “seleksiya”, bu məhkəmənin çeşidli sifarişlərin icraçısına çevrilməsi, tərəf kimi çıxış edib ana normaları yox, qanunsuz və əsassız məhdudiyyətləri əsaslandırmaq üçün aşırı canfəşanlıq etməsi onun fəaliyyətinin acı təəssüf doğuran qabarıq cəhətləridir. Siyasi işlər (özəlliklə seçkilərlə bağlı işlər) üzrə çıxarılan qərarları anlamağa çalışsaq da, Konstitusiya Məhkəməsinin istənilən gücün tərəfinə çevrilməsini anlamaq mümkünsüzdür. Konstitusiya Məhkəməsi artıq kooperativlərin də tərəfinə çevrilirsə, bu, hüquq adına görünməmiş biabırçılıqdır. Tərəfin arxasında kimin dayanmasından asılı olmayaraq bu, ölkədə qanunçuluğun böhranı deməkdir”.

Hüquqşünasın fikrincə, Konstitusiya Məhkəməsi bu qərarını əsaslandırmaq üçün istər mülkiyyətin toxunulmazlığına təminat verən yerli və beynəlxalq hüquq normalarını, eləcə də Avropa Məhkəməsinin presedent qərarlarını yanlış şərh edib:

“Ölkədə məhkəmə müdafiəsinin səmərəli olmadığı şəraitdə əksər vətəndaşlar verilən qeyri-adekvat kompensasiya ilə kifayətlənməyə məcbur olurlar. Konstitusiya Məhkəməsi öz qərarıyla bu bədnam praktikanın, ölkədə geniş yayılmış məhkəmə özbaşınalıqlarının, qanunsuz qərarların qarşısını ala, mülkiyyətin gerçək müdafiəsinə şərait yarada bilərdi. Lakin Konstitusiya Məhkəməsi bu səviyyəyə yüksələ bilmədiyini, çeşidli güclərin əlində alətə çevrildiyini bir daha sübut etdi”.
Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.