SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bakı Atatürk Liseyi”ndə nə baş verir? - FOTOLAR

"Bakı Atatürk Liseyi”ndə nə baş verir? - FOTOLAR

Tarix:

28-02-2020, 17:38

/ 2 259 dəfə oxundu.
"Bakı Atatürk Liseyi”ndə nə baş verir? - FOTOLAR

Artıq bir müddətdir ki, Bakıda yerləşən “Bakı Atatürk Liseyi” ilə bağlı redaksiyamıza müxtəlif şikayət məktubları daxil olmaqdadır. Şikayətlər əsasən adıçəkilən liseyə yeni direktor təyin olunan Eylem Gültəkinin məktəbdə azərbaycanlı müəllimlərə qarşı ayrı-seçkilik münasibəti göstərməsi, heç bir əsası olmadan çoxlu sayda müəllimin işinə xitam verməsi ilə bağlıdır.

Adının qeyd olunmasını istəməyən, 15 il adıçəkilən liseydə pedaqoji fəaliyyət ilə məşğul olan müəllimlərdən biri qeyd edib ki, Eylem Gültekinin rəhbərliyə gəlməsindən az sonra heç bir əsas və xəbərdarlıq edilmədən işindən uzaqlaşdırılıb: “15 il “Bakı Atatürk Liseyi”ndə müəllim işləmişəm. Ötən il analıq məzuniyyətinə hazırlaşdığım zamanda məktəbin direktoru əsassız şəkildə məni işdən uzaqlaşdırdı. Ümumilikdə isə bir il ərzində məktəbdən 25 müəllim işdən azad edilib ki, onların da 22 nəfəri azərbaycanlı müəllimlərdir. Bu fakt da onu sübut edir ki, direktor məktəbdə azərbaycanlı müəllimlərə qarşı ayrı-seçkilik münasibəti göstərir. İşindən azad olunan azərbaycanlı müəllimlərin yerini isə özünün istəyi ilə Türkiyədən gətirilmiş müəllimlər tutub”.

Müəllimin dediyinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə onun xeyrinə qərar qəbul edib: “Ötən ilin oktyabr ayında məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə mənim xeyrimə qərar qəbul etdi, lisey rəhbərliyi isə heç bir əsas olmadan məni işdən azad etdiyinə görə 1800 manat məbləğində cərimə olundu. Lakin Eylem Gültekin məsələni uzatmaq üçün apellyasiya məhkəməsinə müraciət edib.

Direktor mənim işdən azad olunmağımı onunla əsaslandırır ki, guya hansısa imtahana girməmişəm. Bununla bağlı İmtahan Mərkəzinə məktub yolladım və qurumdan bildirildi ki, həmin imtahan Azərbaycan təhsil sistemində nəzərdə tutulmayıb. Direktor sadəcə, bu cür bəhanələrlə azərbaycanlı müəllimləri məktəbdən uzaqlaşdırmağa çalışır”.

Redaksiyamıza daxil olan şikayətlərdə adıçəkilən məktəbdə şagirdlərin təhsil alması üçün şəraitin aşağı səviyyədə olması, təhsil haqqının şişirdilmiş şəkildə artırılması ilə bağlı məsələlər də var.

Qeyd edək ki, son iki ildir ki, “Bakı Atatürk Liseyi” ilə bağlı həm mətbuatda, həm də sosial şəbəkələrdə narazılıqlar bildirilir. Ötən il mətbuat orqanlarında liseyin 2-ci sinif şagirdlərinin valideynlərinin şikayətləri dərc edilmişdi.

Valideynlər sinif müəlliminin müqaviləsinin uzadılmasını xahiş etsələr də, rəhbərlik onların müraciətini qəbul etməmişdi.

Məktəbin təhsil haqqına gəldikdə isə, xatırladaq ki, 1992-2012-ci ilə qədər liseydə təhsil ödənişsiz olub. Lakin 2012-2013-cü illərdən başlayaraq, lisey şagirdlərindən ildə təxminən 700-1500 manat arası təhsil haqqı tələb edir.

Məsələni daha yaxından araşdırmaq üçün Musavat.com-un əməkdaşı kimi “Bakı Atatürk Liseyi”ndə olduq. Heç bir çəkilişə və reportaja icazə olmadığını deyən direktor Eylem Gültekin yalnız yazılı surətdə rəsmi açıqlama verə biləcəyini qeyd etdi.

Beləliklə, bizə təqdim olunan açıqlamada bildirilir:

“Türk Dünyası Araşdırmaları Vakfı (TDAV) Bakı Atatürk” liseyi 1992-ci ildə TDAV rəhbəri Turan Yazgan tərəfindən yaradılıb. “Bakı Atatürk Liseyi” Azərbaycan Təhsil Nazirliyinə bağlı və Azərbaycan qanunları çərçivəsində fəaliyyətinə davam etməkdədir.

Liseyimiz fəaliyyəti dövründə Azərbaycan qanunlarına hər zaman bütünlükdə riayət etmiş, Azərbaycan vətəndaşları üçün Azərbaycan təhsil proqramı ilə birlikdə Türkiyə təhsil sistemini də tədris edən Azərbaycanda yeganə məktəbdir.

Lisey fəaliyyətə başladığı andan bu günə qədər heç bir qanunsuzluq aşkar edilməyib, hər zaman Azərbaycan dövləti və dövlətçiliyinin yanında olub, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi ilə hərəkət edib və yenə də “Heydər Əliyevin “Təhsil bir millətin gələcəyidir” sözlərini əsas alaraq, məktəbimizin müəllim kollektivi ilə “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır” sözü ilə bütünləşmiş və Azərbaycan gəncləri üçün bu məktəb bütün fədakarlıqları göstərmiş və daima da göstərəcəkdir.

Liseyimizi Azərbaycan və Türkiyə dövləti hər zaman dəstəkləyib. Liseyi ziyarət edənlər arasında Türkiyənin baş naziri Binali Yıldırım, təhsil naziri Ziya Selçuk, Türkiyə və Azərbaycan parlamentləriarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və bütün fəaliyyətlərimizi dəstəkləyən Türkiyə Səfirliyi var.

TDAV Bakı Atatürk Liseyi Türkiyə Cümhuriyyəti Dövləti ilə hər zaman iş birliyi çərçivəsində Azərbaycan gənclərinə daha səviyyəli xidmət etmiş, Türkiyə dövlətinə bağlı olan “Maarif Vakfı” ilə iş birliyi quraraq birlikdə Türkiyədən Azərbaycan gənclərinə xidmət göstərmək üçün müəllimlər gətirilmişdi.

Həmçinin “TDAV Bakı Atatürk Liseyi” Azərbaycan Təhsil Nazirliyinin yenilikləri ilə əlaqədar bütün fəaliyyətləri yaxından izləyərək təqib etmiş və bu yenilikləri həmin an tətbiq etməyə başlamış, müasir dövrümüzün təhsildən istədiyi tələbləri yerinə yetirmək və təhsil səviyyəsini daha da yüksəltmək üçün Azərbaycan Təhsil Nazirliyinin müəllimlərini işəalma prosedurunda MİQ və Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlərlə çalışmaq niyyətində olub.

“Türk Dünyası Araştırmaları Vakfı”nın yaratdığı “Bakı Atatürk Liseyi”ndə xidmət etməkdəyəm. Liseyin rəhbəri olduğum dövrdə liseyi təhsil-tədris baxımından daha yüksək səviyyəyə çatdırmaq üçün bir çox işlər gördük və kollektivimizlə birlikdə həmin işləri həyata keçirməkdə davam edirik.

Belə ki, hər il məzunlarımızın böyük əksəriyyətini Türkiyədəki ən nüfuzlu universitetlərə göndəririk. Bizim lisey Azərbaycanda YTB (Türkiyə Bursları) ilə universitetlərə ən çox tələbə yerləşdirən məktəbdir.

İki ölkə arasındakı qardaşlıq əlaqələrini əsas götürərək Azərbaycan və Türkiyənin bütün maddi və mənəvi dəyərlərinə sahib çıxan, Türk dünyasına faydalı nəsillər yetişdirmək üçün var gücümüzlə çalışırıq.

Turan Yazganın Azərbaycan dövlətinə miras verdiyi “Bakı Atatürk Liseyi” hazırda bəlkə də tarixinin ən yüksək dönəmini yaşayır. Belə ki, məktəbimizə göstərilən tələb, böyük diqqət bizi çox sevindirir və Azərbaycan xalqına daha çox xidmət göstərməyə sövq edir.

Hazırda məktəbimizdə 2019-2020-ci tədris ilində şagirdlərimizin sayı 850 nəfərə çatıb (bu məktəbimizin tarixində ən yüksək rəqəmdir)”.

Həmçinin açıqlamada qeyd olunub ki, 2019-2020-ci tədris ilində məktəbə 25 yeni azərbaycanlı müəllim qəbul olunub:

“Onların arasında əməkdar müəllim, 3 fəlsəfə doktoru, 6 magistr dərəcəsi olan, 2 ölkələr arası olimpiya komissiyasının üzvü olanı var. Digərləri isə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda yüksək nəticə göstərən müəllimlərdir”.

Açıqlamada işdən azad olunan müəllimlərdən də söz açılıb: “Bununla yanaşı, müəllimlərimiz arasında məktəb daxili bilik imtahanına (monitorinq imtahanı) girmək üçün 4 dəfə çağırış göndərilən, lakin buna baxmayaraq imtahana girməkdən imtina edən, məktəbin qaydalarına riayət etməyən bir müəllim işdən xaric edilib.

Həmin müəllimənin bununla bağlı məhkəməyə müraciət edi və bu işlə məktəbimizin vəkili məşğul olmaqdadır.

Bu müddət ərzində məktəb rəhbərliyi tərəfindən heç bir müəllimə qarşı şəxsi davranış sərgilənməyib, hər birinə Azərbaycan dövlətinin qanunları çərçivəsində yanaşılmışdır.

Əlavə edim ki, məktəbimizə 8 yeni türkiyəli müəllim işə alınıb, 5 türkiyəli müəllim isə şəxsi istəkləri ilə Türkiyəyə geri dönərək, işdən ayrılıblar. Həmçinin Türkiyə Dövləti Maarif Vakfı ilə birgə işbirliyi anlaşması əsasında məktəbimizə bir müddətliyinə xidmət göstərməyə gələn və xidmət müddəti başa çatdıqdan sonra geri çağırılan müəllimlər də var.

Biz məktəbimizin missiyasına əsaslanaraq azərbaycanlı və türkiyəli müəllimlər arasında heç bir ayrı-seçkilik qoymadan, qardaşlıq, mehribanlıq münasibətində işlərimizə davam edirik. Birlikdə türk dünyasına faydalı gənclər yetişdirmək üçün bütün gücümüzlə çalışırıq”.

Məktəb rəhbərliyi məktəbdə şəraitsizliyin hökm sürməsini də təkzib edi:

“Bundan başqa vakfımızın rəhbəri Közhan Yazgan tərəfindən əvvəlki illərdən fərqli olaraq bir sıra yeniliklər həyata keçirilmişdir. Belə ki, o, bütün sinifləri əhatə edən kitabları pulsuz şəkildə Türkiyədən göndərmişdir.

Məktəbimizdə yeni kitabxana fəaliyyətə başlayıb, bütün siniflər ağıllı lövhə ilə təmin olunub, yeni kompüterlər alınıb və məktəbimizin ayrıca olaraq kompüter sinfi açılıb. Həmçinin digər məktəblərdən fərqli olaraq liseyimizdə mövcud texnologiyaya uyğun bir imtahan mərkəzi yaradıldı və məktəbimiz ən son texnologiyalardan istifadə etməklə öz imtahanı keçirmək və rəqəmsal mühitdə qiymətləndirmək imkanı əldə etdi.

Yüzdən çox şagirdimiz beynəlxalq olimpiyadalarda iştirak edib. Məktəbimizdə şagirdlərimiz üçün hər zaman müasir texnologiya və dərs mühitləri yaratmaqla yanaşı, şagirdlərin istəkləri hər zaman bizim üçün öndədir. Bu prioritetləri göz önünə alaraq müasir təhsil sistemimizlə həm Azərbaycan, həm də Türkiyə üçün gələcəyə tam təchizatlı fərdlər yetişdirməyi prioritetli vəzifəmiz olaraq hədəf almış və bu hədəflər istiqamətində da yolumuzda durmadan irəliləməkdəyik.

Bütün bunların sayəsində məktəbimizə tələb durmadan artmaqdadır.

Şagirdlərimizin ifadə etdiyi kimi, Türk dünyasının yüksələn ulduzu Bakı Atatürk Liseyidir”.
Musavat.com
"Bakı Atatürk Liseyi”ndə nə baş verir? - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ