SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır? - İTTİHAM

Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır? - İTTİHAM

Tarix:

21-02-2020, 12:17

/ 1 003 dəfə oxundu.
Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır? - İTTİHAM

Öz əsərlərini kitab halında nəşr etdirməyə kömək məqsədi ilə 2007-ci ildən başlayaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan yazıçı və şairlər üçün bir il müddətinə Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən Prezident təqaüdü ayrılır. Təkrar edirəm, bu vəsait kitablarının çapından ötrü yazıçı və şairlərə dəstək üçün ayrılıb. Amma bununla bağlı mənzərə tam fərqlidir. Birliyin üzvü və artıq 10-cu ildir ki, təqaüdlə əlaqədar ərizə yazan birisi kimi mən də öz üzərimdə bunu hiss edirəm.
Nədir bu fərqli mənzərə və özünü nələrdə göstərir?
Əvvəlcə onu vurğulayım ki, bəzilərindən fərqli olaraq mənim AYB sədrinin kim olması ilə işim yoxdu. Kimlərin Anar müəllimlə, onun uzun müddətdir, həm də bu yaşda AYB-nin sədri postunda oturmasına etiraz etməsi ilə də həmçinin. Hörmətli yazıçımızın özünün də dediyi kimi, bu quruma sədrlik seçkilidir. Amma bu o demək deyil ki, Prezidentin ayırdığı təqaüdün verilməsi üçün Birliyin üzvləri arasında da hansısa məqsədlə seçim edilməlidir. Və mən bu seçimin şəxsən Anar müəllim tərəfindən aparılmasına da inanmaq istəmirəm.
Məsələ bundadır ki, Birliyin sədri Anar müəllimin və qurumun birinci katibi Fikrət Qocanın qəbuluna düşməyə imkan verilmir. Əlbəttə ki, təqaüdlə bağlı qəbuldan söhbət gedir. Əvvəlcə, "özünə zəng etmisiz, hansı məsələ ilə bağlı görmək istəyirsiz" kimi suallar verilir. Təqaüd sözünü eşidəndə adıçəkilən hörmətli şəxslərin gah "yerində olmadığını" (hətta gözünün önündə kabinetə daxil olduğunu görsən belə), gah da təqaüd məsələsinə onların baxmadığını deyirlər. Bir sözlə, şikayətinin onlara çatmasına gah mədəni, gah da elə kobud şəkildə mane olmağa çalışırlar. Birlik üzvü kimi 10 ildir ki, demək olar, eyni sözləri eşidirəm.
Sual olunur: 2007-ci ildən bəri təsis edilən təqaüd hara gedir, kimlərin cibinə axır ki, 10 ildir gəlib biz tərəflərin həndəvərinə də çata bilməyib? Üstəlik nəzərə alsaq ki, Birlik üzvlərinin heç də hamısı təqaüd üçün ərizə yazmır, onda bu haqda doğrudan da düşünməyə dəyər.
Əgər iddia edilsə ki, tqaüdlərin verilməsi Birlik üzvlüyünə qəbul və ərizənin yazıldığı tarixə görə müəyyənləşir, bu da düqzgün olmazdı. Çünki AYB rəhbərliyi bu quruma məndən sonra üzv olan və elə həmin il də təqaüd alan adamları yaxşı tanıyır. Bunu aşkara çıxarmaq da çətin deyil. Əlbəttə, o halda ki, mənim durumumda olan Birlik üzvlərinin, hər il təqaüd alan şair və yazıçıların siyahısının dərc edilməsi, adlarının açıqlanması barədə təklifləri dəyərləndirilsin. Amma buna əhəmiyyət verən yoxdu. Çünki bu halda kimlərin və nə vaxt, hətta neçə dəfə təqaüd aldığı ortaya çıxır.
Özüm haqda çox qısa məlumat verərək bildirmək istəyirəm ki, 2010-cu ildən AYB-nin üzvüyəm (yeri gəlmişkən, üzvlüyə gedən yol da hamar olmayıb). Təqaüd üçün 2011-ci ilin yanvarından ərizə ilə AYB-yə müraciət etmişəm. Detektiv roman və povestlərdən tutmuş məişət və vətənpərvərlik mövzusuna qədər roman (Ramil Səfərova həsr olunmuş "Zəncirlənmiş ədalət" romanını xüsusi qeyd etmək istəyirəm. Bu kitabda bayrağımızı təhqir edənin ölümünə aparan yola işıq tutulub, əsərin qəhrəmanının Prezidentin əfv fərmanı ilə azad edilməsi, beynəlxalq təşkilatların, azman dövlətlərin Qarabağ probleminə ermənipərəst mövqedən yanaşmaları əksini tapıb) və digər janrlarda (Hazırda Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedərkən şəhid olan Həsən Həsənova həsr edilmiş "Vətən aşiqi" ktabı və s.) kitab ərsəyə gətirmişəm. İbrətamiz hekayələrdən ibarət kitabım çap olunub. Maddi sıxıntılar üzündən çox məhdud sayda nəşr edilib. Hətta elə nəşrlər olub ki, vəsait ödənmədiyinə görə müəyyən bir qismi aylarla mətbəədə qalıb.
Belə isə Prezidentin elə bu problemin həlli üçün ayırdığı təqaüd nədən mənə və mənim kimi digərlərinə də çatmasın? Kimlərdir bu vəsaiti öz malları kimi mənimsəyənlər?
Bəlkə təqaüdü mənimsəmək üçün “küçədən keçənin” biri ilə anlaşıb onu AYB-yə üzv qəbul edirlər, bizim xəbərimiz yoxdu? İndi bunun belə olmadığını hardan bilək? Baş verənləri nəzərə alanda başqa cür düşünməyə əsas da tapmaq olmur.
AYB səlahiyyətlisinin birinə, "2011-ci ilin əvvəlindən təqaüd üçün yazdığım ərizə sizdə dururmu" sualını verəndə, "yəqin durar də" cavabını verir. İndi mən hardan bilim ki, təqaüd üçün yazılan ərizələr doğrudan da ordadı, ya məhv edilib?
Bütün bunları düşündükcə, "əvvəlcə "danışılmış" təqaüdlə bağlı kartlar bir neçə ay Birliyin müəyyən səlahiyyətlilərində olurdu, öz payını götürəndən sonra sahibinə qaytarırdı, indi isə sübut tapılmasın deyə, bəri başdan rüşvət alıb adını siyahıya yazırlar" kimi şayiələrə inanmaq zorunda qalırsan.
Hər dəfə mən və mənim kimi "yetim" yazıçı və şairlər bu və digər iradları bildirəndə qurum səlahiyyətliləri sübut istəyirlər. Amma mexanizm elə qurulub ki, hər kəsin təqaüdlə bağlı nələrin baş verdiyini 100 faiz dəqiqliklə bildiyinə baxmayaraq, təhlükəsizlik orqanlarında işləmədən onu tapmaq çətin məsələdir. Təqaüdlə bağlı maxinasiya ilə məşğul olan gizli simaları arxayın salan da budur...
P.S. Bu yazıdan sonra ola bilsin ki, mənim AYB üzvlüyündən necə azad edilməyimin yolları haqda düşünəcəklər. Bundan ötrü ənənəvi çirkin metodlardan istifadə olunacaq. Təcrübə də bunu göstərir. Və bu heç məni ilgiləndirmir də. Ancaq bu çabalar gerçək olanı dəyişməyəcək. Çünki gerçəyi dəyişmək üçün maxinatorların özləri dəyişməlidir.

Nəriman MAHMUD,
yazıçı-publisist //moderator.az//

Şərhlər

XƏBƏR LENTİ