XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bura Qarabağ deyil, Binəqədidir: uçuq divarlar, çökmüş tavan, səliqəsiz küçə...

Bura Qarabağ deyil, Binəqədidir: uçuq divarlar, çökmüş tavan, səliqəsiz küçə...

Bura Qarabağ deyil, Binəqədidir: uçuq divarlar, çökmüş tavan, səliqəsiz küçə...
19-12-2019, 14:28

Bura sanki orta əsrlərdən qalma hansısa təmirsiz qədim bir sığınacaq və ya müharibədə yararsız hala düşmüş bir yaşayış məskənini xatırladır.

Kənardan baxan olsa, burada illərlə yaşayışın olmadığı, tərk edilmiş bir məkan olduğu qənaətinə gələr.

Mənzərə isə hansısa müharibədə bombardman edilmiş evin tablosunu canlandırır: uçuq divarlar, çökmüş davan, səliqəsiz küçə...

Küçə və yollardakı çökəkliklər isə mərmi düşən torpaqdakı çalalara bənzəyir.

"Bura işğal altında olan Qarabağ deyil, Binəqədidir"

Bu ev Azərbaycanın işğal olunmuş 20 faiz ərazisində, Qarabağın hansısa kəndində deyil, ölkənin paytaxtı, Bakının mərkəzi rayonlarından olan Binəqədidədir. Daha konkret desək, Binəqədi rayonu, II Mədən korpusu, ev 75, 2 saylı ünvandır. Evdə isə yaşamaq çətin olduğu qədər də dözülməzdir. Mətbəx və hamamdakı durumdan isə danışmağa dəyməz.

Uzun illərdir ki, bu ünvanda yaşayan 1960-cı il təvəllüdlü Rayə İbrahimxəlilovanın isə döymədiyi qapı, yazmadığı dövlət qurumu qalmayıb.

O, Arqument.Az-a deyib ki, bu evdə yaşamaq hazırda həyatla ölüm arasında vurnuxmaqdır: "İllərdir ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Yağış yağan kimi ev su ilə dolur, mən isə səhərə qədər vanna, qab-qacaqla həmin suyu evdən boşaltmaqla məşğulam. Tamam qəzalı bir vəziyyətdədir bu ev".

"Bu evdə yaşamaq möcüzədir"

Dediyinə görə, yaşadıqları mənzildə hər gecə qorxu altındadırlar. Yağış sualarının yararsız hala saldığı tavanın uçub-tökülmə təhlükəsi ilə üzləşə bilərlər: "2008-ci ildə yoldaşım vəfat edib, bir oğlum var. Oğlumda immunitet çatışmazlığı var və bu səbəbdən də 4 dəfə xəstəxanaya düşmüşük. Çox zəif və yararsız olduğu üçün onu hərbi xidmətə aparmadılar. Aztəminatlı, kasıb ailə olduğum üçün evi təmir etməyə gücüm çatmır. Hər gecə yatanda dua edirəm ki, tavan aşağı düşməsin, səhər isə ilk işim ona nəzarət etməkdir. Bu nəmişlikdə insan sağ qala bilməz, mənimsə yaşamağım bir möcüzədir".

O deyir ki, dövlət orqanlarına müraciət etsə də, tələbləri yerinə yetirilməyib, heç bir yardım ala bilməyiblər: "Dəfələrlə bu məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva, Prezident Adminstrasiyasına, Fövqəladə Hallar Nazirliyi və bələdiyyəyə etdiyim müraciətlərə baxmayaraq heç kim yardım əli uzatmadı. Hətta Mübariz Mənsimova da yazdığım məktub da nəticəni dəyişmədi. Mən də Azərbaycan vətəndaşıyam, vəziyyət qarşısında çarəsizəm, amma heç bir yerdən köməyim yoxdur".

"Vətəndaş kimi problemlərimə baxılmırsa, hər gecə ölümlə üz-üzəyəmsə, nə etməliyəm? Səhhətim işləməyə imkan vermir, gəlirim də yoxdur. Prezidentə üz tuturam ki, mənim problemimi həll etsin. Artıq ümidimi itirmişəm", - deyir Raya İbrahimxəlilova.

O, rəsmi qurumların da səlahiyyətlərinə məsuliyyətsiz, biganə yanaşdıqlarını deyir: "Məktub yazmışam, amma bir qurumdan komissiya göndərib yoxlamayıblar ki, görəsən, bu adam hansı şəraitdə yaşayır. Heç birinin marağında deyilik. Daha sonra mən məcbur olub evin şəklini çəkib ərizəylə birgə icraya təqdim etdim. Aldığım cavab isə biri digərindən fərqli deyildi: "Fondda pul yoxdur". Niyə, hanı axı bu pullar? Bir dəfə Bələdiyyədən iki nəfər gəldi, evə baxdı, o gedən getdi. Bələdiyyə sədrinin isə cavabı belə oldu: "Heç biz öz işçilərimizə güclə pul çatdıra bilirik. Mən sizə 100 manat məbləğində pul verə bilərəm, artıq yox". Sizdən soruşuram: o 100 manat 54 kvadrat metr evə çatar? Heç taxtasına belə çatmaz".

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev məsələ ilə bağlı danışmaq istəmədi.

İcra başçısının müavini Aygün Əliyeva isə iclasda olduğunu deyərək, açıqlama verməkdən yayındı.
Bura Qarabağ deyil, Binəqədidir: uçuq divarlar, çökmüş tavan, səliqəsiz küçə...












XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.