XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Qida Təhlükəsizliyi Agentliyi isə ancaq qəssablarla məşğuldur" - İTTİHAM

"Qida Təhlükəsizliyi Agentliyi isə ancaq qəssablarla məşğuldur" - İTTİHAM

"Qida Təhlükəsizliyi Agentliyi isə ancaq qəssablarla məşğuldur" - İTTİHAM
30-11-2019, 00:16

Ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsl xəstəlik mənbəyidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bu yaxınlarda Milli Məclisdə komitələrin birgə iclasında keçirilən büdcə müzakirəsində çıxışında bildirib.

"Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin səmərəli fəaliyyəti nəticəsində reydlərin sayı çoxalsa və nəzarət gücləndirilsə də, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsl xəstəlik mənbəyidir. Burada söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir. Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır. Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar. Südün tərkibi də çox vaxt təmiz olmur.

İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik. Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir. Əvəzində valyuta ilə bunları xaricdən almağa məhkum olmuşuq", - deyə F.Mustafa bildirib.

Modern.az deputatın qaldırdğı məsələ Qida Təhlükəsizliyi Agentliyinin və eyni zamanda qida təhlükəsizliyi üzrə ekspertin fikirlərini öyrənib.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev saytımıza bildirib ki, Agentlik tərəfindən ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi” nə zəng vurub məlumat verə bilərlər”.
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı isə əhaliyə qarşı açıq qida terrorun getdiyini söyləyib:

“Qidadan anlayışı olanlar bilir ki, xüsusilə də mağazalarda yerli istehsalçıların məhsulları təmamilə saxta və yararsızdır. Bu qidalar immitasiya xarakterlidir. Bildiyiniz kimi 100 mindən artıq inqridentlər, yəni qida əlavələri mövcuddur. Hansı ki, dadverici, rəngverici və s. vasitələrdən istifadə edərək saxta qidalar yaratmaq mümkündür. Bu kimi qidalar birbaşa insan sağlamlığına təhlükə yaradır. Hansı ölkədə ucuz, keyfiyyətsiz qidalar var, bizim yerli istehsalçılar daha çox ora meyl edirlər. Onlar üçün sağlamlıq önəmli deyil ki, əsas odur pul qazansınlar. Əslində bu qidalar zibilxanalara tullanılası məhsullardır. Bu fakt faiz göstəricisi ilə bildirilsə 99 faiz olduğu təsdiqlənər. Yeganə bir faizlik nəticə ilə bildirmək olar ki, xarici ölkədən gətirilən məhsulu yemək mümkündür”.

Elçin Bayramlı bu sahəyə nəzarət edən orqanın olmadığını da vurğulayıb:

“Qida Təhlükəsizliyi Agentliyi ancaq qəssablarla məşğuldur. Halbuki bütün bunların içərisində ən təhlükəsizi elə ət məhsullarıdır. Ölkədə qida ilə bağlı daha dəhşətli faktlar olduğu olduğu halda, Agentlik ancaq bu məsələ ilə məşğuldur. Dükan-bazarda satılan ərzaq mallarının 90 faizdən çoxu transgen məhsullardır. Bu qidaların heç birinin tərkibi gömrükdə yoxlanılmır. Ölkədə yerli istehsal olunan kənd təsərrüfatı məhsulları da acınacaqlı vəziyyətdədir. Bu məhsullarda da əsasən meyvə və tərəvəzlərdə GMO texnologiyası tətbiq edilib. Tərəvəzlərin demək olar ki, 100 faizi, meyvələrin isə 50 faizdən çoxu GMO-dur. Əslində GMO əkini və satışı qanunla qadağandır, ancaq açıq şəkildə bütün bazarlarda satılır. Hətta sosial şəbəkələrdə, internet saytlarında açıq şəkildə reklamı gedir. Məsələn 1 ilə yetişən qoz tingləri mövcuddur. Bir ilə qoz yetişərmi? Normalda qoz səkkiz ilə bar verir. Ölkədə hormonal dərmanlarla göllərdə yetişdirilmiş balıqlar daha geniş yayılıb. Əslində biz dəniz ölkəsi olsaq da, dəniz balığı tapa bilmirik. O dərəcəyə çatıb ki, zəhərli göl balığını qayıqlara doldurub, bir saatdan sonra geri sahəyə qayıdırlar, guya təmiz dəniz balığıdır. Bu adla da camaata satırlar. İnək-qoyuna da hormonal dərmanlardan vurular ki, sürətlə böyüsün. Bax bu kimi qidaları qəbul edən insanlarda əlbəttə ki, hər cür xəstəliklər aşkar olunar. Onkoloji xəstələrin sayı isə durmadan artır. Ölkədə birbaşa olaraq qida terroru gedir. Nəticədə milli genefondumuz məhv olur və tezliklə insanlar ağır xəstəliklərə tutulmaqla xəstəxanalara müraciət edəcəklər”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.