SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İntiharların qarşısının alınması ilə bağlı ölkəmizdə ilk dəfə olaraq Milli Fəaliyyət Planı hazırlanacaq

İntiharların qarşısının alınması ilə bağlı ölkəmizdə ilk dəfə olaraq Milli Fəaliyyət Planı hazırlanacaq

Tarix:

26-11-2019, 14:39

/ 837 dəfə oxundu.
İntiharların qarşısının alınması ilə bağlı ölkəmizdə ilk dəfə olaraq Milli Fəaliyyət Planı hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq. Bu sahədə görüləcək işlərin müzakirəsi məqsədilə dəyirmi masa keçirilir.
Tədbirin açılışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayının orta hesabla 60 faiz artdığını bildirib. Nazir müavini intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib.
O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır.
A.Kərimov intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb. Bildirib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır. Hazırki tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur.
BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, intihar bütün dünya ölkələrində qlobal fenomendir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntiharların qarşının alınması cəhdləri səhiyyə və təhsil, əmək, kənd təsərrüfatı, biznes, ədliyyə, qanunvericilik, müdafiə, siyasət və media sektorları kimi cəmiyyətin bir sıra sektorlarında istiqamətləndirmə və sıx əməkdaşlıq tələb edir.
Dəyirmi masada İntiharlar üzrə Beynəlxalq Jurnalistika Platformasının eksperti Alfred Skoqberq, İnklüzivlik, Uşaq və Təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur və digər BMT agentliklərinin, beynəlxalq və milli partnyorların, özəl sektorun nümayəndələri iştirak edirlər.
Yardım xəttləri, gənclərə dəstək, həssas qrupları hədəfləyən proqramlar və icmaların inkişafına yönələn proqramlar kimi, bir sıra yeni fəaliyyət növləri müzakirə olunur.

İntiharların qarşısının alınması ilə bağlı ölkəmizdə ilk dəfə olaraq Milli Fəaliyyət Planı hazırlanacaq


Şərhlər

XƏBƏR LENTİ