SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Paytaxtı bürüyən küçə ticarəti-Məmurlar prezidentin qadağasını pozur

Paytaxtı bürüyən küçə ticarəti-Məmurlar prezidentin qadağasını pozur

Tarix:

26-09-2019, 15:26

/ 852 dəfə oxundu.
Paytaxtı bürüyən küçə ticarəti-Məmurlar prezidentin qadağasını pozur

Bakı şəhərini daha da gözəl etmək məqsədilə son illər ərzində ölkə rəhbərliyi çox iş görüb. Görülən işlər həm şəhər əhalisi, həm də xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərin intensivliyinin artması da, onu deməyə əsas verir ki, son illər ölkəmizin paytaxtı belə tədbirlərin keçirildiyi möhtəşəm məkanlardan birinə çevrilib. Bu da heç şübhəsiz ki, Bakıda son illər görülən quruculuq işlərinin nəticəsidir. Paytaxtın minbir əziyyət və külli miqdarda pul vəsaiti hesabına başa gələn gözəlliyini, təmizliyini qorumaq bu gün həmişəkindən daha vacibdir, çünki küləklər şəhəri Bakı -Azərbaycanı dünyaya tanıdan möhtəşəm mərkəzə çevrilib...

Bir neçə il əvvəl Bakı şəhərinin gözəlliyini və təmizliyini təmin etmək üçün ölkə prezidenti açıq küçə ticarətinin qadağan olunması barədə göstəriş verdi. O dövrdə şəhərimizə yaraşmayan, küçələri, döngələri çirkləndirən, zibilləyən, antisanitariya vəziyyəti yaradan, şəhərin görkəmini eybəcərləşdirən, insanların rahatlığını pozan bu ticarət şəbəkəsi tez bir zamanda yığışdırıldı. Qeyd edim ki, bu, Bakı şəhər rəhbərliyinə heç də asan başa gəlmədi. Çünki açıq küçə ticarəti məmurların, icra başçılarının, polis və digər nəzarətedici orqan nümayəndələrinin asan və zəhmətsiz gəlir mənbəyi idi. Prezidentin tapşırığı təkcə, küçədə ticarət edənlərin yox, həm də məmurların müqavimətilə qarşılaşmışdı, lakin tapşırığın qəti xarakteri bu müqaviməti tezliklə qıra bildi. Beləliklə də, Bakı şəhəri küçədə təşkil edilən və şəhəri zibilliyə çevirən çox təhlükəli xəstəlik və çirkab məngənəsindən qurtuldu.

Amma bu il, icazəsi kim tərəfindən verildiyi heç kimə məlum olmayan səbəblər üzündən, açıq ticarət qəflətən Bakı küçələrini zəbt etdi. Bu eybəcərliklər həm də şəhər əhalisi tərəfindən narazılıqlarla və kəskin etirazla qarşılandı. Lakin görünən odur ki, etirazların heç bir nəticəsi yoxdur. Dövlət televiziyasının və iqtidar mətbuatının bu məsələnin üzərindən sükutla keçməsi də, bir sıra ehtimallara yol açır. Məsələni Bakıya yeni başçı təyin olunan Eldar Əzizovla bağlayanlar çox olsa da, bu şayiələrin doğruluğuna şübhə ilə yanaşanlar da az deyil. Küçə ticarətinin Bakıda bərpa olunmasına hakimiyyətin səssiz qalması da, hər kəsi şaşırdı...

Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Ticarət və Xidmət Departamentinə bir il bundan əvvəl sədr təyin olunan İntiqam Məmmədovun şəhərdə ticarətlə məşğul olan sahibkarlardan alınan yer haqqlarını bir neçə dəfə artırması, onları incitməsi, külli miqdarda pul müqabilində şəhərdə küçə ticarətinə icazə verməsi barədə informasiyaların internet mediada geniş yayılması, Bakı şəhərində küçə ticarətinə kim tərəfindən start verilməsi məsələsinə qismən aydınlıq gətirir.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin sədri İntiqam Məmmədovun sahibkarlara qarşı törətdiyi haqsızlıqlar haqqında internet mediada yayılan xəbərin Bakı şəhər meriyasının əlaqədar qurumları tərəfindən həyəcanla qarşılanması da, bir daha təsdiq etdi ki, şəhərin ticarətlə bağlı bütün məsələləri, o cümlədən Bakı şəhərində küçə ticarətinin bərpa olunmasına bu qurum tərəfindən xeyir-dua verilib.

Şəhərin Yasamal rayonu ərazisindəki bütün küçələrdə bərpa olunan küçə ticarəti A. M. Şərifzadə küçəsindən Mətbuat prospektinə qədər uzanan hissəsində daha geniş yayılıb. Küçə ticarətilə məşğul olan insanlardan aldığımız məlumata görə, bu iş Yasamal rayon icra hakimiyyətinin Ağalar adlı məsul əməkdaşına aiddir. Bu isə o anlama gəlir ki, şəhərin küçələrində bərpa olunan açıq ticarət icra hakimiyyətləri tərəfindən himayə olunur, lakin küçə ticarətindən yığılan pulların dövlət büdcəsinə verildiyi barədə sənəd ortada yoxdur. Deməli, küçə ticarətindən əldə olunan pul vəsaitləri şəxsi ciblərə gedir.

Göründüyü kimi, paytaxtda yenidən peyda olan küçə ticarətindən əldə olunan külli miqdarda pul vəsaitləri bütün qadağalara baxmayaraq, davam edir ki, bu da məmurların asan qazanc mənbəyidir.

Bəli, paytaxt küçələrində baş verən belə eybəcər halların müşahidəsi məndə bir daha şəhərdə baş verən dərəbəyliyin, məmur özbaşınalığının pik həddinə çatması fikrini möhkəmləndirdi.

Paralel.az

Şərhlər

XƏBƏR LENTİ