
“Direktorlar vəzifə maaşından əlavə də dərslərə girə bilir. Bu o halda baş verir ki, əgər bütün müəllimlərin dərs saatı topladığı bala uyğundursa, dərs yükləri tam təmin olunubsa,bu zaman direktorlar 12 saata kimi dərs götürə bilərlər. Təbii ki, bu, vəzifə maaşından əlavə əmək haqqıdır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında ekspert Elşən Ramizoğlu deyib. O bildirib ki, bu, kəmiyyət olaraq yaxşı olsa da, keyfiyyət baxımından yaxşı deyil:
“İstər Bakıda, istərsə də regionlarda direktorların dərs saatları boş olur. Bəzən onları tədbirə, bəzən Təhsil idarəsinə çağırırlar və ya hər hansı qonaq gəlir. Bu zaman onların dərsi boş qalır və hər hansı müəllim keçir. Keçmədikləri dərsi başqa müəllimə verdikləri zaman əvəzetmə qaydasıyla pulu digər müəllimlər almalıdır. Ancaq bir çox məktəblərdə bu belə aparılmır. Yəni müəllim direktora xüsusi bir hörmət əlaməti olaraq dərsi keçir və pulu direktor alır. Təbii ki, bir gün elə, bir gün belə həmin dərsdə keyfiyyət söhbəti ola bilməz. Ona görə də direktorların yalnız vəzifə maaşları ilə kifayətlənməyi və onların dərs saatı götürməsi heç də uyğun deyil. Onların dərs vaxtı müəyyən işləri çıxa bilər, buna görə dərs saatı verilməməlidir.
Mövcud qanunvericilikdə belə bir qayda var, əgər direktor diaqnostiik qiymətləndirmədən (DQ) keçirsə, dəs saatı götürə bilər. Bir çox direktorlar da əlində bu qanunvericiliyi tutub dərs yükü götürür. Təbii ki, bu maddi xarakter daşıyır. O dərs saatlarına biri girsə və ya məktəbdəki müəllimlər arasında həmin saatlar bölüşdürülsə, daha keyfiyyətli olar”.
E.Ramizoğlu qeyd edib ki, nazirlik dərs bölgüsü aparsa daha yaxşı olar:
“Dərs saatının bölünməsi barədə nazirlik çox gözəl düstur vermişdi. Sadəcə bir çox məktəb direktorları, xüsusən regionlarda dərslər bu düstur və ya müəllimin DQ balı əsasında bölünmür. Bəzən tanışlıq, yerlibazlıq burada rol oynayır. Pul müqabilində dərs saatını ala bilirlər. Əslində bunlara xüsusi nəzarət olunmalıdır. Bu məsələlərə əslində Ərazi Maliyyə Hesablaşma Mərkəzi nəzarət edir . Ən sonda bu yazılır və təsdiq olunur. Amma bu, təsdiq olunmamalıdır. Belə hallar olanda geri qaytarılmalıdır ki, yenidən baxılsın. Buna nazirlik diqqət ayırmalıdır. Yaxşı olardı ki, dərs bölgüsünü nazirlik aparsın. Bu zaman heç bir müəllim arasında narazılıq olmazdı.
Əslində hazırda elektron sistemdir. Hər bir sistemi elektron qaydada quraşdırsalar yaxşı olar. Məsələn, direktor kənddə yaşayır, bunu Təhsil Şöbəsi rayona çağırır. Onun həftədə 2-3 dəfə ora gedib-gəlməsi ilə müəyyən qədər yol pulu xərcləri çıxır. Əslində burada direktorlar da nəzərə alınmalıdır. Onların hər dəqiqə bəzi tədbirlərə çağırılmasına da yol vermək lazım deyil. Vəzifə maaşını da yola versə, təbii ki, bu pul onu qane etməyəcək”.
Ekspertin sözlərinə görə, direktor müavinləri isə dərslərə girməlidir:
“Direktor müavinlərinin dərsə girməsi düzgündür. Çünki dərs dinləmələrini daha çox tədris hissə müdiri aparır. Direktor müavini dərs keçməsə dinləmələrdə müəyyən nöqsanları üzə çıxara bilməz. Bunun üçün direktor müavini öz üzərində işləməlidir ki, müəllimlərə müəyyən metodik tövsiyələr verə bilsin. Buna görə onun dərs keçmək bacarığı olmalıdır”.
O direktorların idarəetmə funksiyasından da danışıb:
“Direktor təyin olunanda birinci onun idarəetmə bacarığına xüsusi nəzarət edilməlidir. Direktor məktəbin idarəedici funksiyasını daşıyır. Yəni onun dərs keçməsi o qədər də əhəmiyyətli deyil. Burada məktəbin müəyyən problemləri direktorun üzərinə düşür və o, bunları həll etməlidir. Direktorların maaşı bir qədər qalxsa, onların dərs keçməsinə qadağa qoyulsa, bu daha effektli olar. Direktor bilər ki, onun dərs demək kimi bir funksiyası yoxdur, fikrini idarə etməyə cəmləyər. Məktəbin nüfuzunun yüksəldilməsi üçün çalışar.
Xüsusi ayrıseçkilik olmamasına görə, direktorlara standart maaş verilsə daha yaxşı olar. Sadəcə məktəbin nəticəsi yüksək olduğu halda həmin direktorlara əlavə güzəştlər, mükafatlar verilə bilər. Məsələn, hər hansı rayonda məktəbin nəticələri yüksəkdir, bu zaman həmin məktəbin direktoruna əlavə pul mükafatı verilsə, bu həm həvəsləndirmə xarakteri daşıyar, həm direktor öz üzərində işləyər, həm də gözünü 12 saata dikməz”.
Qeyd edək ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, martın 1-dən direktorların vəzifə maaşı 587 manat olaraq müəyyənləşib. Yeni qərara görə, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.