SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özünəməşğulluq Proqramı: Qısır, qoca, xəstə inəklər...

Özünəməşğulluq Proqramı: Qısır, qoca, xəstə inəklər...

Tarix:

2-01-2019, 21:17

/ 1 559 dəfə oxundu.
Özünəməşğulluq Proqramı: Qısır, qoca, xəstə inəklər...

“Mənə boş vərəqələrə imza atdırmaq istəyirdilər, deyirdilər, yaz ki, iki boğaz heyvanı qəbul eləmişəm. Dedim, əvvəla, bu kağızların üzərində nə idarə adı, nə imza, nə möhür var... İkincisi də, mən gətirdiyiniz qısır, qoca, xəstə inəkləri qəbul eləmirəm. Gətirilən heyvanlar “biznes plan”da qeyd olunan heyvanlara bərabər deyil”.

İkinci ildir ki, ölkədə Özünəməşğulluq Proqramı həyata keçirilir. Kəndlərdə işsizlərə öz heyvandarlıq təsərrüfatlarını genişləndirməyə yardım kimi nəzərdə tutulan proqrama kimi qoşulmağa can atır, kimisi də qoşulduğuna peşman olub. Məsələn, Yevlaxda məskunlaşan Ağdam köçkünü Vaqif Seyidov proqram çərçivəsinə ona verilən heyvanları qapıdan geri qaytarıb. Səbəbi barədə Meydan TV-yə danışır. Deyir, 2016-cı ilin yanvarından Yevlaxın Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Münasib iş təklifi olmadığına görə hələ də işsizdir. Bu ilin mart ayında Özünəməşğulluq Proqramına yazılıb, “biznes plan” hazırlayaraq təqdim edib. Həmin plana görə dövlət ona 5 min manatlıq mal-heyvan təklif etməliymiş. Heyvandarlıq təsərrüfatını qurmaqla bağlı arzuları olub. Ancaq bu arzusunun üzərindən yerli Məşğulluq Mərkəzinin nümayəndələrinin qapıya gətirdikləri qoca və təsərrüfatı genişləndirilməsi üçün yararsız heyvanlar “xətt çəkib”.

Heyvanlardan imtina elədim
Vaqif Seyidov danışır: “Biznes planına görə, ailəmiz 5 min manat dəyərində heyvanla təmin olunmalıydı. Həmin 3 baş iribuynuzlu heyvanlar cavan, südlük, nəsil artırmağa yararlı, yanında balasıyla olmalıydı. Düzü, çox sevinirdim, planlarım vardı. Nəzərdə tutulan inəklərlə yaxşıca təsərrüfat qurub artırmaq mümkün idi. Ancaq Məşğulluq Mərkəzinin işçiləri qapıya gələndə bütün təəssüratlarım alt-üst oldu”.

Noyabrın 12-də qapı açılır, yerli Məşğulluq Mərkəzinin nümayəndələri və Vaqif Seyidovun tanımadığı bir neçə şəxs özləri ilə gətirdikləri heyvanları həyətə salır. Ancaq bir qədər sonra gələnlər elə həmin heyvanlarla da geri qaytarılır.

Vaqif Seyidov: “Dedilər, bu da heyvanlar... Biz də kənd adamıyıq, ilk dəfə deyil ki, heyvan görürük. Baxdım ki, iki qoca inəkdir, hələ birinin böyründə yarası da vardı. Bu inəklər heç nəyə yaramır. Qısır, qoca heyvanlardır. Bunları çoxaltmaq mümkün deyil. Süd verən də deyillər. Belə heyvanları heç kim almır, maksimum qiymətləri də heç 300 manat eləmir. Dedim, mənə 5 min manatlıq südlük, cavan heyvanlar verilməlidir. Bu 2 inəyin qiyməti heç 500 manat eləmir, üstəlik də heç nəyə yaramırlar. Ağ kağız verdilər ki, sən bura iki boğaz inəyi bizdən qəbul etdiiyini yaz, imzanla təsdiqlə, yaxşı olacaq. Dedim, axı bunlar qıcadır, qısırdır. Heyvanlardan imtina elədim”.

Heyvan bazarının dəllalı da qapıya gəlir
Vaqif Seyidov deyir, Məşğulluq Mərkəzinin nümayəndələri ilə gələnlər rayondakı heyvan bazarının dəllalları olub.

Yevlax Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, Vaqif Seyidov Proqram icraçılarına müraciət etsə, araşdırılar: “Niyə şikayətlərini mətbuata edirlər, Proqram icraçılarına yox?”

Ancaq dövlətin eyniadlı proqramına qoşulub narazı qalan təkcə Vaqif Seyidov deyil. Goranboyun Əlirzalı kənd sakini Ariz Dəmirov da şikayətçidir. Deyir, gecəyarı Özünəməşğulluq Mərkəzinin nümayəndələri və yerli heyvan bazarının dəllallarının ona təhvil verdiyi qoyunlara səhər baxış keçirəndə görüb ki, hamısı qoca, qısır, dişsiz və təsərrüfatı artırmağa yararsızdır. Deyir, bununla bağlı əvvəl Məşğulluq Mərkəzinə müraciət edib, ona bildirilib ki, gecdir, gərək heyvanlara vaxtında baxaydı və xoşuna gəlmirdisə, qəbul etməyəydi. O da qoyunları görüntüləyərək sosial şəbəkələrdə paylaşıb.

Polislə hədələdilər, sonra heyvanların bir qismini dəyişdilər
“Mən videonu paylaşandan sonra qapıya gəldilər, məni polisə aparmaqla hədələdilər, sonra da qoyunların yeddisini dəyişdilər, dedilər, başını sal aşağı, heyvanını saxla, dolan, demaqoqluq eləmə...”

Şamaxının Mərziyə kənd sakini Mikayıl İsmayılov da aldadıldığını iddia edir. Deyir, təhvil-təslim aktında südlük, cavan, boğaz heyvanlar yazılsa da, reallıqda verilən qoyunlar necə deyərlər, canını qoymağa yer axtarır:

“3 ay əvvəl bizə 21 baş qoyun veriləndə baxdıq ki, işbazlar belə heyvanları ucuz alıb kolbasa sexlərinə göndərir. Ancaq bizə cavan, boğaz, südlük, təsərrüfar artırmağa yararlı heyvan kimi verilib. Hamısı dişsiz heyvanlar idi. 70 manatlıq qoyunların hər birinə 250-300 manat pul silmişdilər. Biz də qoyunları çəkib internetdə yaydıq. Gəlib bizi danladılar, qoyunları dəyişdilər. Biz də bildirdik ki, verdiyiniz qoyunlar heç bu qışdan salamat çıxmayacaqdılar, hamısı can üstəydilər”.

Mikayıl İsmayılov deyir, “biznes plan”a görə ona heyvandarlıqla məşğul olmaq üçün dövlət tərəfindən 4 min manat ayrılıbmış. Həmin məbləğə 20 dişi qoyun, bir erkək qoyun verilməliymiş. Məşğulluq Mərkəzi bu qoyunların hər birini 180-195 manata hesablayıb. Kəndli isə deyir, 4 min manatı ona versəydilər, aldığı qoyunların sayı iki dəfə çox olardı.

Dəllarlarla əlbirdirlər
“Özləri öz şirkətlərini yaradır, tender keçirib özlərini də qalib elan edirlər. Sonra da bazardakı dəllallarla əlbir olub kolbasalıq heyvanları 50-60 manatdan alıb gətirib proqrama cəlb olunmuş kəndlilərə paylayırlar, hər birini 200-250 manata alınıb verildiyini yazdırıb qol çəkdirirlər”, - Mikayıl İsmayılov deyir.

Goranboyun Məşğulluq Mərkəzindənsə bildirilib ki, Mikayıl İsmayılovun şikayəti yerində araşdırılıb, narazı qaldığı heyvanlar dəyişdirilib. Ancaq heyvanlar heç də onun dediyi kimi yararsız olmayıb. Sadəcə, o, həmin heyvanlardan məlum olmayan səbəbdən imtina edib və heyvanlar dəyişdirilib. Heyvanların qiymətinə gəlincə, alınaraq proqrama cəlb olunmuş ailələrə paylanan heyvanlar təsərrütaf genişləndirilməsi üçün nəzərdə tutulduğundan cavan, südlük olduğundan baha başa gəlir. Qiymətlər hər heyvana görə dəyişdiriyindən, konkret rəqəm yoxdur.

Özünəməşğulluq Proqramı ikinci ildir ki, icra olunur. Seçilən layihələrin 84 faizi heyvandarlıq sahələrinə aiddir. Müraciətlərin 5 faizi istixanaların yaradılması, 11 faizi isə müxtəlif xidmət sahələrinə – tikiş, kişi və qadın salonları, bəzək kursları və digər obyektlərin açılmasına aiddir. Proqram əsasən bölgələrdəki işsizlərə şamil olunur. Seçilən şəxslər işsiz kimi mütləq Məşğulluq Mərkəzində qeydiyyatda olmalıdır. Nazirliyin əməkdaşları həmin şəxslər barədə məlumatları – təhsili, bacarıqları, evdə əmək qabiliyyətli uşaqların sayı, sosial statusu və s. təhlil edirlər. Uyğun (yəni biznes qura bilmə baxımından) hesab edilənlər yerli məşğulluq idarələrinə dəvət edilirlər və burada təlimçilər onlarla söhbət apararaq seçim aparırlar. İşsiz vətəndaşın biznes qura biləcəyinə əminlik yarandıqdan sonra onun təsərrüfatını qurması üçün pul ayrılır. İki ildən sonra heyvanlar təsərrüfatçının mülkiyyətinə keçirilir.

Proqrama cəlb olunanlar üçün təlimlər keçirilir. Təlimlər 3 ay müddətində davam edir. Təlimə qatılan hər kəs sonradan öz biznes layihəsini qiymətləndirmə komissiyasına təqdim edir. 6 qiymətləndirmə mərhələsini keçən layihələrə vəsait ayrılır.

Şərhlər

XƏBƏR LENTİ