SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR

XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR

Tarix:

1-11-2018, 15:58

/ 1 305 dəfə oxundu.
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR

İşbaz Xətai Əliyev geri çəkilmək niyyətində olmadığını, ərazinin qanuni sahibi olduğunu və gec-tez orda hökmən 12 mərtəbəli yaşayış binası inşa etdirəcəyini bildirib

Bu günlərdə “Hürriyyət”də qəzetimizin redaksiyasına müraciət edən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 25, 27, 25c, 29 binalarının sakini olan bir qrup vətəndaşın şikayət məktubunu çap etmişdik. “Xətaidə növbəti “yaşıl soyqırım”” sərlövhəli yazıda sakinlər ağacların kəsilməsi ilə bağlı növbəti özbaşınalığa etirazlarını bildirmişdilər. Onlar aidiyyatı qurumlardan dörd bina ilə əhatələnmiş məhəllələrinin tən ortasında yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa zidd olaraq yarım əsrdən çox yaşı olan ağacların kəsilib yerində bina tikilməsinin qarşısını almağı xahiş edirdilər.
Şikayətçiləri hiddətləndirən əsas məqamlardan biri də “Evinizin yanındakı ağacı da icazə ilə kəsməlisiniz” bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağacların kütləvi şəkildə məhvinə, soyqırımına göz yummasıdır.
“Biz, Xətai rayonunda yerləşən 4 binanın 700 sakini bu soyqırıma qəti etiraz edirik və müvafiq qurumlardan, özəlliklə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu qətliamın qarşısını almağı tələb edirik!” – deyən şikayətçilər ağacların kəsilməsini təsdiq edən video görüntüləri də məktuba əlavə edərək, “Hürriyyət” qəzetinin redaksiyasına göndərmiş və bu məsələni araşdırmağı xahiş etmişdilər.
Bu günlərdə həmin binaların sakinləri bizə yenidən müraciət etdilər və bildirdilər ki, problem ictimailəşdirildikdən sonra Mənzil İstismar İdarəsi məhəllədə təmizlik işləri aparıb, hətta əraziyə polis əməkdaşları da gəliblər və burda bina tikintisi olmayacağını bildiriblər.

Amma sakinlər bunun “müharibə” öncəsi bir taktika olduğundan narahatdırlar. Onlar bizdən adıçıkilən əraziyə gəlib çəkiliş aparmağı xahiş etdilər. Onların xahişini yerinə yetirdik, ərazidə çəkiliş apardıq, sakinlərlə görüşüb söhbət etdik. İş günü olduğundan bizi qarşılayan əsasən yaşlı insanlar oldu.
Onların söhbətindən məlum oldu ki, ağacların kəsilməsi prosesi iki il əvvəl başlayıbmış və yalnız sakinlərin sayıqlığı sayəsində məhəllədəki ağacların bir hissəsini xilas etmək mümükün olub. “Yaşıl soyqırım”ı həyata keçirən isə məhəllədə qanunsuz olaraq daha bir bina tikmək üçün torpaq alan şəxs olub. Həmin şəxs məhəllədə iki beşmərtəbəli binanın arasında, onlardan cəmi 10-15 metr aralıda bir bloklu 7 mərtəbəli yaşayış binası inşa etdirib. Tikintiyə başlamazdan öncə isə sakinlərlə görüşən həmin adam onlardan halallıq almaq üçün bildiribmiş ki, bina tikiləndən sonra qarşısını abadlaşdırıb park saldıracaq. Amma binanın inşası başa çatdıqdan sonra tikinti materiallarının qalıqlarlı binanın qarşısında tökülüb qalıb, üstəlik bura zibil qutuları da qoyulub və gələcək park dönüb olub zibillik. Sakinlər əmindilər ki, bu məqsədli şəkildə, ərazini zəbt edib orda yeni bina tikmək üçün edilib.
Amma onlar bu dəfə də haqsızlığa qarşı birgə mübarizə apararaq zibil qutularının ordan aparılmasına nail olublar.
Sakinlərlə söhbətdən o da məlum oldu ki, bu məhəllə ötən əsrin 70-ci illərində salınıb. O zaman həmin ərazidə yalnız 2 beşmərtəbəli bina varmış. Xətai rayonu şəhərdən çox uzaq, ucqar, şəraitsiz bir rayon imiş. Gəncliyi bu məhəllədə keçən, övladlarını burda boya-başa-çatdırıb nəvə-nəticə sahibi olan yaşlı sakinlər xatırlayır ki, o vaxtlar bu yerlərdə palçıq dizə çıxdığından qaloş geyib gəzirlərmiş. Amma illər ötüb, rayon abadlaşdırılıb, yaxınlıqda metro inşa edilib, onların yaşadığı məhəllədə yeni binalar tikilib və işbazlar bu ərazi ilə maraqlanmağa başlayıb, bu da sakinlərin dincliyini əlindən alıb.

Hazırda adıçəkilən məhəllədə iki 8 bloklu beşmərtəbəli, iki 1 bloklu 9 mərtəbəli və 1 bloklu 7 mərtəbəli bina var.

Bu 5 binanın mərkəzində isə çox kiçik bir sahə qalıb. Bu həm istirahət, həm təxliyyə sahəsi, həm də oyun meydançasıdır. Üstəlik, uzun yay axşamlarında istirahət etmək üçün ətraf binaların sakinləri də bura toplaşır.

Bir zamanlar burda uşaqların əylənməsi üçün hər cür şərait varmış. Müxtəlif yelləncəklər, köşklər, sürüşkənlər... Bir neçə il öncə isə bu ərazidə Heydər bağı salmaq planlaşdırılırmış. Sakinlər deyir ki, hətta həyətin girəcəyinə bu bağlar üçün səciyyəvi olan üç sütunlu tağ da qoyulmuşdu. Amma sonradan o tağlar da kimlərinsə zavalına gəlib.
İşbazın sözünə əməl etmədiyini, məhəllədə park adı ilə zibillik yaradıldığını görən sakinlər bununla bağlı Xətai Rayonu İcra Hakimiyyətinə şikayət məktubu ilə müraciət etdikdə, icra başçısı Razim Məmmədov əraziyə gələrək onlarla şəxsən görüşüb və söz verib ki, burda bina tikintisi birdəfəlik dayandırılıb, sərəncam isə ləğv edilib və tezliklə sakinlərin ən böyük arzusu olan park salınacaq.
İcra başçısının sözlərinin təsdiqi kimi, Yaşıllaşdırma İdarəsi gələcək parkın ərazisində130 ağac əkib, ağacları suvarmaq üçün su xətti ayrılıb, hətta skamyalar da qoyulub. Mənzil İstismar İdarəsi isə yük maşını ilə asfalt gətirib, amma sakinlərin sözünə görə, gətirilən asfaltın yalnız yarısı sahəyə boşaldılıb, qalanı isə harasa aparılıb. Üstəlik asfaltı yaymaq da sakinlərin öhdəsinə düşüb. Nəticədə onsuz da böyük olmayan torpaq sahəsinin kiçik bir hissəsi nahamar asfalt örtüyə bürünüb.
İki ay əvvəl isə özünü Zəngilan qaçqını kimi təqdim edən Əliyev Xətai Qurban oğlu sakinlərdən ikisini və Yaşıllaşdırma İdarəsini məhkəməyə verib. Məhz o zaman məlum olub ki, 7 mərtəbəli binanı tikdirən işbaz ona edilən təzyiqlərdən çəkinərək, qanunsuz yolla satın aldığı ərazidə ikinci bina tikdirməyə cürət etməyib, mülkiyyətində olan torpaq sahəsini Xətai Əliyevə satıb. O da öz növbəsində onun ərazisində ağac əkib, yaşıllıq salan və bu yaşıllığa qulluq edən idarəni və fiziki şəxsləri məhkəməyə verib.

Məhkəmə iclasında iştirak edən Yaşıllaşdırma İdarəsinin əməkdaşı bildirib ki, onların o ərazidə əkdiyi ağaclara heç kəs toxuna bilməz. Sakinlər də onun əməllərini qanunsuz adlandırıb.

Amma işbaz geri çəkilmək niyyətində olmadığını, ərazinin qanuni sahibi olduğunu və gec-tez orda hökmən 12 mərtəbəli yaşayış binası inşa etdirəcəyini bildirib.

Bu sakinləri həm çox narahat edir, həm də hiddətləndirir. Yeni binanın tikilməsi, günəş şüasının qarşısını almaqla yanaşı, o məhəllədə yaşayan böyüklərin və kiçiklərin bütün dincliyini, istirahətini əlindən almış olacaq. Üstəlik, binalardan biri qaz borusunun demək olar ki lap üstündə tikilib. Bu isə böyük təhkükədi. İndisə həmin borunun qarşısında növbəti çoxmərtəbəli bina inşa oluna bilər. Sakinlər övladlarının və nəvələrinin həyati təhlükə ilə üz-üzə qalacaqlarını bildirir və aidiyyatı qurumlardan və şəxsən ölkə prezidentindən bu qanunsuz əməlin qarşısını almağı xahiş edir.

İşbaz tərəfindən məhkəməyə verilən sakinlərdən biri, 75 yaşlı əmək veteranı, çoxuşaqlı ana, ağbirçək nənə Ağayeva Məhbubə oğullarına görə narahatdır. Məhbubə xanım deyir ki, Xətai Əliyev bu mübarizədən geri çəkilməyəcəyi təqdirdə onu övladları üçün problem yaradacağı ilə hədələyib. Həmçinin Məhbubə xanımın qonşusu olan Cəmilə Ağayevaya yeni tikilən binada mənzil vəd edən X. Əliyevin ona Qum adasında Cəmilə Əliyevaya məxsus 6 sotluq torpaq sahəsini təklif etdiyini də dilə gətirdi məhəllənin ilk sakinlərindən olan Məhbubə Ağayeva.

Digər sakinlər də onun sözlərini təsdiqlədilər. Məlum oldu ki, Xətai Əliyev bu ərazini satın aldığını, burda nəyin bahasına olursa, olsun bina tikdirəcəyini, ona mane olacaqları təqdirdə isə sakinlərdən qisas alacağını söyləyib.

Sakinlər bu adamın sözlərindən çox narahat olduqlarını, öz evlərində rahat yaşaya bilmədiklərini, hər an gərginlik içində olduqlarını bildirdilər və ölkə prezidentindən bu özbaşınalığa son qoymasını xahiş etdilər. Ətraf ərazidə yeganə yaşıl sahə olan məhəllələrinin abadlaşdırılmasını və orda park salınmasını arzulayan yaşlı sakinlərin yeganə istəyi ömürlərinin qalan hissəsini hüzür içində yaşamaq, nəvələri ilə məşğul olmaq, onların parkda necə əyləndiyinə baxıb sevinmək və öz yaşıdları ilə illərlə əkib suvardıqları ağacların kölgəsində oturub istirahət etməkdir.
P.S. Ümid edirik ki, haqqını tələb edən sakinlərin səsi ölkə prezidentinə və aidiyyatı qurumlara çatacaq və ən tez zamanda bütün narahatlıqlara son qoyulacaq.
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR
XƏTAİ SAKİNLƏRİ "YAŞIL SOYQIRIM"A ETİRAZ EDİR - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ