Son günlər Bakı şəhəri ərazisində söküntü işlərinə start verilib. Bakı Şəhər İcra Hakimiyyəti yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq. ilk söküntüyə Xətai rayonu ərazisində başlanıb. Burada əhalinin gediş-gəlişinə maneçilik törədən, qeyri-qanuni tikilmiş 7 obyekt aşkarlanıb. Bu gün “Ukrayna” dairəsinin və metronun “Əhmədli” stansiyasının yaxınlığında və Naximov küçəsində yerləşən obyektlər sökülüb. Hansı ki, həmin obyektlər səkiləri tutduğundan sakinlərin narazılığına səbəb olurdu. Həmçinin ərazinin estetik görkəminə xələl gətirirdi.
Dövlət Şəhərsalma və Arxitektura İdarəsi də bu söküntü işlərinə nəzarət edir. Komitə Baş Prokurorluğa müraciət edib, sonuncu da öz növbıəsində qanunsuz tikililərlə bağlı cinayət işi başladıb. Hazırda araşdırmanın getdiyi bildirilir.
► Bəs bu söküntü işlərində kimlər ən çox ziyan görə bilər?
Hamıya aydındı ki sadə, pulu və arxası olmayan adamlar şəhərin ən “xodovoy” küçə və prospektlərində obyekt yeri ala bilməz, həmçinin orda nəsə tikə bilməz. Bu cür cür işlər rüşvətlə, tanışlıqla olur. Söküntülərin başladığıXətai rayonunda isə xeyli tanınmış adamlarınm obyektləri var. Onlardan biri də “Texnikabank”ın keçmiş sahibi və rəhbəri Etibar Əliyevdir.
Etibar Əliyev
Onun Xətai rayonu, M.Hadi küçəsində yol boyu uzanan onlarla mağazaları var. E.Əliyev bu dükanları illər öncə, hələ bank sədri işləyən dövrlərdə tikdirib. O vaxt bu obyektlər tikiləndə ərazidə xeyli yaşıllıq məhv edildi. M.Hadi küçəsində obyektləri olanlardan biri də səhiyyə nazirinin müavini Elsevər Ağayevdir. Onun da obyektlərinin tikintisi zamanı xeyli sayda şam və küknar ağacları məhv edildi.
Elsevər Ağayev
Xətai İcra Hakimiyyəti başçısı Razim Məmmədovun da rəhbərlıik etdiyi rayon ərazisində xeyli sayda obyektinin olduğu deyilir. Onun Xətai rayonunda satmadığı ərazi qalmayıb. Əgər Baş Prokurorluq qanunsuz tikililərlə bağlı araşdırma aparırsa ilk növbədə icra başçılarını istintaqa cəlb etsə yaxşı olardı. Çünki obyekt yerlərini sahibkarlara onlar satır.
Razim Məmmədov
Bakının ən prestijli prospektlərindən olan Qara Qarayev prospektində də son illər tikinti xeyli canlanıb. Son 1-2 ildə 8-ci km bazarının ətrafında onlarla obyekt tikilib. Bu obyektlərin əksərinin sahibləri deyilənə görə iş adamı kimi tanınan Ramin Əhmədovdur.
Ramin Əhmədov
R.Əhmədov vaxtaşırı mətbuatda hakimiyyəti müdafiə edən məqalələrlə çıxış edir. Özünü hakimiyyətin müdafiəçisi kimi göstərib öz bildiyini etməkdədir. Onun Nizami rayonunda kəsmədiyi ağac, məhv etmədiyi yaşıllıq qalmayıb. Qara Qarayev prospektində 50-dən artıq mağazasının, başqa obyektlərinin olduğu deyilir. Ramin Əhmədov Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova arxalanıb bu cür özbaşınalıqlar edir.
Arif Qasımov
Onun metronun “Neftçilər” stansiyası yaxınlığında tikdirdiyi ticarət mərkəzi sözün birbaşa mənasında qanunsuzdu. Tikili yolun səki hissəsindədir. Gediş-gəlişə ciddi mane olur.
Maraqlıdı, bu söküntü prosesi bu cür “toxunulmazlığı” olan şəxslərin obyektlərinə gəlib çatacaqmı? Yoxsa necə deyərlər, beş-üç yetim-yesirin güc bəlayla tikdirdiyi obyektləri görk üçün söküb, başqalarına göz yumacaqlar?
►►► Mövzunu davam etdirəcəyik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.
AzEuroNews.com