XalqXəbər.Az

XalqXeber.Az » Sosial » AAY Dövlət Agentliyindən Prezidentə ŞİKAYƏT - VİDEO

AAY Dövlət Agentliyindən Prezidentə ŞİKAYƏT - VİDEO

AAY Dövlət Agentliyindən Prezidentə ŞİKAYƏT - VİDEO
30-05-2018, 08:52

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Nəsirzadə Mirhüseyn Rafiq oğlu redaksiyamıza ünvanladığı məktubunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ölkə başçısına şikayət edib.

Şikayətçi yazır:

"Hörmətli cənab prezident!

Bildirmək istəyirəm ki, mən Nəsirzadə Mirhüseyn Rafiq oğlu 1997-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuşam. Ailəliyəm. Sizin sahibkarlara yaratdığınız şəraitdən həvəslənib üç ildir ki, heyvandarlıqla məşğulam. Üç il bundan öncə mənə məxsus olan 60 sot torpaq sahəsində heyvandarlığı inkişaf etdirmək üçün ferma tikmişəm. Ferma Bakı-Astara yolunun 113-400 klometrliyində yerləşir.

Hörmətli cənab prezident!

Dövlətdən kredit götürərək işimi həvəslə inkişaf etdirirəm. Fermada 300 baş qoyun və 20 baş iribuynuzlu heyvanım var. Hələ bunun gələcəkdə daha da sayını artırmaq fikrindəyəm. İnanıram ki, sizin biz sahibkarlara göstərdiyiniz diqqət və qayğının nəticəsində bu sahəni tez bir zamanda istədiyimiz səviyyəyə çatdıra biləcəyik.

Hörmətli cənab prezident!

Sizə müraciət etməkdə məqsədim odur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi fermamı blokadaya alıb, fermaya gedən yolumu bağlayıb. Fermanın bir tərəfindən Bakı-Astara dəmir yolu xətti keçir. Digər tərəfindən isə bu yaxınlarda ipək yolu çəkildiyindən fermama giriş-çıxışım bağlandı. Mal-qaraya texnika ilə su və yem daşımaq qeyri-mümkündür. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova, eləcə də digər aidiyyəti qurumlara müraciət etdim ki, mənə və başqa dörd sahibkara alternativ yol çəkilsin, amma söz versələr də, əməl edən olmadı.

Bu səbəbdən məcbur olub sizə müraciət edirəm. Nə ipək yolunun, nə də dəmir yolunun çəkilməsinə etirazımız yoxdur, amma heç olmasa, bizə öz fermamıza gedib-gəlmək üçün yol verilsin. Heyvanları və texnikanı dəmir yolunun üstündən keçiririk və bu isə çox təhlükəlidir. Xahiş edirəm, problemimizin həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıq verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

tezadlar.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.