SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Torpağın sotunu 1000 manat satırdılar” — Veteranların məhkəmə işi

“Torpağın sotunu 1000 manat satırdılar” — Veteranların məhkəmə işi

Tarix:

7-04-2018, 11:57

/ 1 670 dəfə oxundu.
“Torpağın sotunu 1000 manat satırdılar” — Veteranların məhkəmə işi

Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Nəbi Əlirzayev ifadə verib.

O bildirib ki, hazırda 7 saylı məktəbdə müəllim işləyir. 1979-1981-ci illərdə Əfqanıstan müharibəsinin iştirak etdiyini deyən şahidin sözlərinə görə, veteranlar üçün ayrılmış ərazidən torpaq sahəsi almaq üçün 4 min manat verib:

“İlk dəfə Cavan bəyə 3200 manat verdim. Həmin vaxt torpağa baxmağa da getdik. Qalan 800 manatı da birliyin ofisinə apardım. Deyirdilər ki, torpağın sotunu 1000 manata verirlər. Sonradan bəzi rüsumlar da çıxdı. Torpağı verəndə deyirdilər ki, istəsəniz sonradan sotunu 3 min manata da sata bilərsiz”.
Nəbi Əlirzayev qeyd edib ki, ona torpağı Hövsan qəsəbəsində veriblər:

“Hazırda şəhadətnaməsi mənim adımadır. Mən şikayətimdə bizə torpaq sahəsi verilərkən rüşvət tələb edildiyini göstərmişəm”.
Məhkəməyə dəvət edilən digər şahid Əli Mansurov isə əvvəlcə ifadə vermək istəməyib. Deyib ki, bir səhv edərək istintaqda şikayətçi olub. Hakim şahidə xatırladıb ki, ifadə verməyəcəyi halda cinayət məsuliyyəti daşıyacaq.

Bundan sonra Əli Mansurov ifadə verib. O, aldadıldığını, hazırda şikayətçi olmadığını deyib.
İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.

Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır.
Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Şərhlər

XƏBƏR LENTİ