SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Regionların inkişafı iqtisadiyyatın dayanıqlılığını təmin edir - TƏHLİL

Regionların inkişafı iqtisadiyyatın dayanıqlılığını təmin edir - TƏHLİL

Tarix:

1-02-2018, 09:30

/ 1 760 dəfə oxundu.
Regionların inkişafı iqtisadiyyatın dayanıqlılığını təmin edir - TƏHLİL

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən uğurla həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Ötən 14 il ərzində yeni-yeni istehsal müəssisələri, 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. 2004-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min 300 kilometr yol inşa edilib, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Nəticədə, Azərbaycandakı işsizlik səviyyəsi dünyada ən aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki, 2003-cü ildə bu göstərici 49 faizə bərabər olub. Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində maaşlar beş dəfə, pensiyalar səkkiz dəfə artıb. Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində də ciddi addımlar atılıb, indiyə qədər sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Nağd valyuta ehtiyatlarımız ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin simasını tanınmaz dərəcədə dəyişib, qeyri-neft sektorunun ilbəil tərəqqisinə səbəb olub. Regionların inkişafında tamamilə yeni mərhələyə qədəm qoyulub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili hesab edir ki, getdikcə regionların iqtisadi cəhətdən daha da inkişafı və iqtisadiyyatda payının artması müşahidə ediləcək. O, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafı üçün yeni hədəflər müəyyən etməsinə də diqqət çəkib. İqtisadçı millət vəkili bildirib ki, regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir. Onun sözlərinə görə, hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq olunması, istehsal və ixrac imkanlarının genişləndirilməsidir: "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Azərbaycan regionların tarazlı şəkildə inkişafı ölkədə inkluziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inkluziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb. 2017-ci ildə Prezidentin Ehtiyat Fondunun 80%-ə yaxın hissəsi məhz regionların inkişafına yönəldilib”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarını Prezident İlham Əliyevin müəllifi olduğu və çox uğurla həyata keçirilən mükəmməl iqtisadi strategiya kimi dəyərləndirib. Millət vəkili vurğulayıb ki, sosial-iqtisadi inkişafa yönəlmiş dövlət proqramlarının həyata keçirilməsi birbaşa neftdən gələn gəlirlərin düzgün idarə edilməsi, infrastrukturların yenilənməsi və bütövlükdə ölkə iqtisadiyyatının inkişafını təmin edib: "İqtisadiyyatımız 14 il ərzində 3.2 dəfə artıb. Bu nailiyyətlər dövlət proqramlarının icrasının nəticəsidir. Böyük nailiyyətlərin əsasında Prezident İlham Əliyevin müəllifi olduğu mükəmməl dövlət proqramları və eyni zamanda, bu proqramların, görülən işlərin və nəticələrin dövlət başçısı tərəfindən daim nəzarətdə saxlanması dayanır. Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zaman sosial məsuliyyətlə bağlı da sahibkarlara öz tövsiyələrini verib. Dövlət sahibkarlar üçün hər cür şərait yaradıb, onlara güzəştli kreditlər verilir. Dövlətin dəstəyindən faydalanan sahibkarlar da gərək öz sosial məsuliyyətlərini dərk etsinlər, kiçik sahibkarlığın inkişafına öz töhfələrini versinlər”.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycanda həyata keçirilən bütün tədbirlər, xüsusən də iqtisadiyyatın inkişafı ölkə əhalisinin sosial rifahının yaxşılaşmasına yönəlib. O bildirib ki, görülən işlər çərçivəsində Azərbaycan məcburi köçkünlərə və qaçqınlara da xüsusi dövlət qayğısı göstərir və indiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb: "Prezident İlham Əliyev konfransdakı çıxışında prioritet istiqamətləri bir daha qeyd etdi, ölkə iqtisadiyyatının çox sürətli inkişaf dinamikasına diqqəti yönəltdi, qeyri-neft sektorunun inkişafını və ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi vurğuladı. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən işlərə də diqqət çəkildi. Sevindirici haldır ki, dövlət həmişə qaçqın və məcburi köçkünləri diqqətdə saxlayıb, onların sosial müdafiəsini gücləndirib və bu il də inzibati binalarda, yataqxanalarda, yarımçıq binalarda, məktəblərdə, sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr, binalar tikiləcək və onlar mənzillə təmin ediləcək. Bununla da 2018-ci ildə məcburi köçkünlərin demək olar ki, 80-90 faizə qədərinin mənzil şəraiti yaxşılaşdırılacaq. Bütün bunlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz vəsaiti hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət, o cümlədən regional inkişaf proqramlarının icrası, bunun nəticəsində regionlarımızın inkişaf etməsi ümumilikdə Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə, onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir”.

kaspi.az

Şərhlər

XƏBƏR LENTİ