SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Körpə ölümündə 300 manat davası: - “Qudalar bir-birinə düşməndir, belə xəstədən pul istəmək olar?”

Körpə ölümündə 300 manat davası: - “Qudalar bir-birinə düşməndir, belə xəstədən pul istəmək olar?”

Tarix:

6-09-2017, 10:44

/ 57 892 dəfə oxundu.
Körpə ölümündə 300 manat davası: - “Qudalar bir-birinə düşməndir, belə xəstədən pul istəmək olar?”

Xəbər verdiyimiz kimi, 1989-cu il təvəllüdlü Abdullayeva Vüsalə iki gün öncə qeysəriyyə əməliyyatı ilə oğlan övladı dünyaya gətirib. Övladı bir gün Qazax rayon Mərkəzi Xəstəxanasında, bir gün də Gəncə rayon 2 saylı Uşaq Xəstəxanasında qaldıqdan sonra dünyasını dəyişib. Ailə körpənin ölümündə cərrah Bünyamin Abbasbəyli və ümumilikdə həmin xəstəxananı günahlandırıb.
Körpənin nənəsi Məmmədova Natella bildirib ki, uşağı Gəncəyə aparmaq üçün onlara təyinat verilməyib. Üstəlik həkim uşaq öldükdən sonra ailədən daha 300 manat pul tələb edib.
Məsələyə aydınlıq gətirmək üçün cərrah Bünyamin Abbasbəyli ilə əlaqə saxladıq. B.Abbasbəyli açıqlamasında haqqında səsləndirilən fikirlərin yanlış olduğunu deyib.
O, N.Məmmdovanın “Həkim dedi ki, əcəb eləmişəm, mən öldürmüşəm, mən bilərəm, gedib içəridəkini də öldürəcəyəm (ananı nəzərdə tutur-red)” iddiasına belə münasibət bildirib:“İçəridəki kimdir? (gülür). Onlara belə bir söz deməmişəm. Onlar üstümə hücum etdilər. Qadın 3 aydır ki, ata evinə gedib, boşayıblar, nikahı yoxdur. Onu döyürlər. Qadına dedim ki, hər şey ola bilər. Ana, bacı və qızın dayısı gəlmişdi. Dedim ki, qayınana, qayınatası da gəlsin. Onlara bütün xəbərdarlıqları etdik. Dedim, ola bilər ki, uşaq sağ qalmasın”.
B.Abbasbəylinin sözlərinə görə, hadisənin baş verməsinə onlar cavabdeh deyil: “Ay qızım, mən həkiməm, cərraham, 40 ildir işləyirəm. Mən uşaq həkimi deyiləm. Uşaq da doğuş zamanı ölməyib. Bir gün Gəncədə qalıb. Uşağa sarılıq diaqnozu qoyulmuşdu. Sapsarı idi, limon kimi. Qanda parçalanma olan zaman belə hallar müşahidə edilir. Bu da ata-ananın qan qrupunun uyğun olmaması ilə əlaqədar ola bilər. Uşaq həkimləri baxdıqdan sonra dedilər ki, bu körpə onlarlıq deyil, Gəncəyə göndərdilər. Uşağa reanimasion tədbirlər görülüb. Ana da qanaxma ilə əməliyyata götürülüb. Baş mama-ginekoloq və xəstənin müalicə həkiminin rəyi olduqdan sonra xəstəni əməliyyata aparmışıq. Mən yalnız əməliyyata cavabdehəm ki, ana və uşaq sağ qalsın. Uşaq həkimi axşam 7-dən səhərədək uşağa nəzarət edib, reflekslərini bərpa edib. Qanaxma olduqda uşaqda boğulma olur. Uşaq tamamilə düzəldikdən sonra uşaq həkimi onu Gəncəyə göndərib. Təyinat olub. Onları qıcıqlandıran odur ki, dərmana pul verib alıblar. Elə şeymi olar ki, uşağı qırağa tullayaq? Uşağa ilk cavabdeh olan şəxs hamilənin müalicə həkimidir. Çünki bir çox problemlər hamiləlik zamanı yoxlanılır. Hansı problem olub-olmayacağını yalnız onlar bilər. Xəstə bizə kəskin qanaxma diaqnozu ilə daxil olub”.
Həkimin sözlərinə görə, ailədən uşaq öldükdən sonra 300 manat tələb etməyib: “60 yaşım var. Bura dövlət xəstəxanasıdır. Qadın qanaxmalı xəstə olub, ana və uşağın sağ qalıb-qalmayacağı sual altında idi. Xəstə tərəf Gəncədəndir, qudalar da bir-birinə düşməndir, bir-birlərini qırırlar. Belə xəstədən pul istəmək olarmı? Onların əllərində heç nə yoxdur. Əməliyyatdan qabaq xəstənin ana tərəfi bildirdi ki, biz istəyirik ki, qadın Bünyamin doktorun nəzarətində olsun. Bildiriblər ki, məsuliyyəti üzərlərinə götürürlər, buna görə heç bir həkimə bəxşiş, pul verməyiblər. Bu gün də onların arasında qırğın düşmüşdü. Qırğın bu dərmana görə xərclənən puldan ötrü idi. Artıq xəstəni evə aparıblar. Qızın anası yazılı şəkildə bildirib ki, həkimin təkidinə baxmayaraq, məsuliyyəti üzərinə götürərək ananı evə aparır. Deyib ki, nə Bünyamin həkimdən, nə də digər tibb işçilərindən şikayətçidir. Ana övladının dövlət hesabına təmənnasız əməliyyat olunduğunu bildirib”.
Həkimin sözlərinə görə, anada qanaxmaya səbəb ciftin qopması, hematoma ilə əlaqədar idi: “Bu zaman qan ciftin içinə yığılıb, uşaqda boğulma olub. Boğulma ilə doğulan uşağın sağ çıxmama ehtimalı da var idi. Xəstənin yaxınları bildirdi ki, qızları əməliyyatdan sağ çıxsın, onu sağ-salamat təhvil verək”.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi araşdırma aparır.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ