SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan – İran əlaqələri sürətlə inkişaf edir

Azərbaycan – İran əlaqələri sürətlə inkişaf edir

Tarix:

21-05-2024, 14:57

/ 505 dəfə oxundu.
Azərbaycan – İran əlaqələri sürətlə inkişaf edir

 
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
Açılış mərasimində çıxış edən İlham Əliyev bildirmişdir: “Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.”
İki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlığın mövcudluğunu vurğulayan ölkə başçısı “Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.”
Azərbaycanın bütün ölkələrlə əlaqələrini qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurduğunu deyən Prezident İlham Əliyev bildirmişdir: “Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək.”
Sonda isə dövlət başçımız Azərbaycan-İran əlaqələrinin gələcək inkişafını da müsbət qiymətləndirib.
 
Aysel Mənsimova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ