SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə doğru

Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə doğru

Tarix:

23-04-2024, 11:31

/ 311 dəfə oxundu.
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə doğru

 
Hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada Zəfərin fundamental əsaslarını möhkəmləndirir, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq əldə olunması bu baxımdan xüsusi önəm daşıyan tarixi hadisədir. 
Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir.
Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək.
 
Tufan Məmmədov – iqtisadçı ekspert
 

Şərhlər

XƏBƏR LENTİ