XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Gəncədə həkimlərin maaşı kəsildi – Səhiyyə işçiləri İH-ə yürüş etdilər

Gəncədə həkimlərin maaşı kəsildi – Səhiyyə işçiləri İH-ə yürüş etdilər

Gəncədə həkimlərin maaşı kəsildi – Səhiyyə işçiləri İH-ə yürüş etdilər
16-02-2021, 18:24

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının koronavirusla mübarizəyə cəlb edilən həkimlərin maaşları verilmir.

Bu barədə “Bakupost”a orada çalışan həkimlərdən biri məlumat verib.

Şikayətçi bildirib ki, yanvar ayından COVID-19-la bağlı əlavə maaşlarını ala bilmirlər: “İndiyə kimi o pulları bizə zülmlə veriblər. İndi də Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov pulumuzu tamamilə kəsib. Deyir ki, pul verilməyəcək. Niyə verilməyəcək, səbəb nədir, bu barədə heç nə demir. Yanvar ayında 26 kovid xəstəsi ilə işləmişik. Fevral ayı üzrə də hələ 13 xəstə var. Nəyə görə pulumuzu verməməlidirlər? Bütün həkimlər də işləyib. Hətta öz canımızı riskə atmışıq, həkimlər arasında virusa yoluxub vəfat edənləri də var. Mən özüm də koronaya yoluxdum, 21 gün xəstə yatdım. Dövlətdən bir dənə də olsun iynə, dərman verilmədi. Nə üçün kovid xəstələri ilə işləyib virusa yoluxmalıyam, hələ sonra da öz cibimdən pul verib müalicə etdirməliyəm? Heç olmasa pulumuzu versinlər öz cibimizdən özümüzü müalicə edə bilək. Şikayətimizə heç bir yerdə baxılmır. Şikayətimizdən Gəncə şəhər İcra Hakimiyyətindən tutmuş səhiyyəyə qədər hər kəs xəbərdardır. Dünən də yığışıb aidiyyəti yerlərə şikayətə getdik. Nazim həkim qarşımıza şərt qoydu ki, səsinizi çıxarsanız, işdən atılacaqsınız. Niyə belə olmalıdır? Biz qorxa-qorxa, evdə uşaqlarımızı qoyub gəlib xəstələrə çox mükəmməl xidmət edirik. Nəyə görə bizim əziyyətimiz qiymətləndirilmir? Nəyə görə bizim pullarımız verilmir? Axı, Prezident özü koronaviruslu xəstələrlə işləyən həkimlərlə bağlı qərar verib. Nə səbəbdir ki, bizə Prezident tərəfindən verilən pulları onlar kəsirlər?”

Həkim daha bir məsələyə də toxunub. Həkim bildirib ki, xəstəxanada lift olmadığından bütün xəstələri yuxarı mərtəbələrə qucaqlarında aparırlar: “Biz gecə-gündüz burda əziyyət çəkirik. Qucağıımızda 3-cü mərtəbəyə xəstə daşıyırıq. Belə şey olar? Xahiş edirik, burdakı vəziyyətə gəlib baxsınlar, maraqlansınlar”.

Məlumat üçün bildirək ki, dünən təxminən 50 həkim problemin həll edilməsi üçün Gəncə Şəhər İcra hakimiyyətinə gediblər. Onların icra başçısı ilə görüşmək istəyini müxtəlif üsullarla əngəlləməyə çalışıblar. Mühafizəçilər başçısının işdə olmadığını deyiblər, amma sonradan məlum olub ki, o iş otağıdadır və prosesi pəncərədən izləyir...

Məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcradan şikayətlə bağlı cavabdeh şəxs kimi səhiyyə kuratoru Xalidə Babayevaya yönləndirsələr də, zəngimizə cavab verən olmadı.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.