SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...

İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...

Tarix:

19-08-2020, 11:36

/ 1 227 dəfə oxundu.
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...

Şikayətçilər: “Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin edildikdən sonra günümüz qara olub”...

Göyçayın Xəlitli kənd sakinləri icra başçısı Mehdi Səlimzadənin özbaşınalıqlarından və şəxsi mənfəət naminə sıravi insanlara qarşı ziyanverici və qnunsuz davranışlarından şikayətçidirlər.

PİA.az xəbər verir ki, bir qrup kənd sakini ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıblar. Şikayət məktubu Göyçay icra başçısının “yarıtmaz fəaliyyəti”ndən bəhs olunur.

Regionlarda sosial-iqtisadi vəziyyətin xüsusilə indiki həssas zamanda dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini, hansısa yerli “xan”ların acgözlüyünün ictimai narazlığı artırdığını və arzuolunmaz proseslərə təkan verdiyini nəzərə alıb məktubu olduğu kimi yayımlayırıq:

“Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində Göyçay rayon Xəlitli kənd sakinlərinin örüş sahəsi təyinatı dəyişdirilmədən qanunsuz olaraq əkilib. Həmin 10 hektar örüş sahəsini Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov qanunsuz olara 8 hektarında yonca əkib qalan hissəsində isə tut ağacı əkmişdir.

Baramaçılığın inkişafı üçün respublikada tut ağaclarının çoxaldılması üçün Çin respublikasından sort tut ağacı tingləri gətirlmişdir. Həmin 10 min tut ağacı tingi icra nümayəndəsi Əhməd Məmmədov əkmək adı ilə gətirib cəmi 1000 tingini 10 hektar örüş sahəsinin 2 hektarına əkmiş qalan 8 hektarına isə satıb gəlir əldə etməsi üçün yonca əkmişdir.

Xəlitli kənd sakinlərinə məxsus iri və xırda buynuzlu heyvanların otarılması üçün həmin örüş yeri bəs etmirdi. Belə olan halda həmin örüş sahəsinin təyinatı dəyişdirilmədən əkilməsi yolverilməz haldır. Ümumi istifadədə olan kəndin örüş torpaqlarında təyinat dəyişdirilmədən əkin işləri aparılması cinayət əməlidir. Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə bir başa Nazirlər Kabinetinin səlahiyyətinə aiddir.

Azərbaycan Respublikasının qanunlarına əsasən bu qanunszulğa icazə vermiş icra başçısı Mehdi Səlimzadə və Yeniarx kənd inzibati ərazi dairəsi nümayəndəsi Əhməd Məmmədovun bu əməli cinayət tərkibi yaradır.

Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun yonca və tut ağacı əkdiyi torpaq sahəsi heyvandarlıq məqsədi ilə örüş təyinatlıdır. Heç bir təyinat dəyişdirilmədən belə bir açıq-aşkar qanunsuzluğu icra nümayəndəsi Əhməd Məmmədov etmişdir. Biz bu qanunszuluq barədə Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadəyə məlumat verib tədbir görməsini xahiş etsək də heç bir tədbir görməmişdir. Çünki icra nümayəndəsi qanunsuz olaraq örüş yerində əkdiyi yonca otunun satışından əldə etdiyi gəlirin böyük hissəsini icra başçısı Mehdi Səlimzadəyə verir deyə ona gözün üstə qaşın var deyən yoxdur.

Bu səbəbdən kənd sakinləri mal-qarasını otarmağa örüş sahəsi tapa bilmirlər, buna görə çox əziyyət çəkirik. Həmçinin qeyd edək ki, Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun qardaşı oğlu Məmmədov Müşfiq Mehman oğlu üç il əvvəl qəsdən adam öldürdüyünə görə məhkəmənin hökmü ilə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Yaxın qohumu ağır cinayət törətmiş şəxsin vəzifədə təmsil olunması yol verilməzdir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində respublikada heyvandarlıq və əkinçilik sürətlə inkişaf etdiyi bir vaxtda icra başçısı Mehdi Səlimzadənin və icra nümayəndəsi Əhməd Məmmədovun qanunsuz fəaliyyəti nəticəsində Xəlitli kəndində sürətlə geriləmə baş verib. Nəticədə kənd təsərrüfatına və sakinlərə ciddi ziyanlar dəyir. İnanırıq ki, bu şikayət ərizəmiz yerində bizim iştirakımızla tam, hərtərəfli və obyektiv araşdılıb saxtakarlıq etmiş vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görüləcək.
Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin edildikdən sonra günümüz qara olub. Buna görədə təcili və ciddi tədbirlər görülməlidir.

Sizdən xahiş edirik şikayət ərizəmiz bizim iştirakımızla yerində obyektiv araşdırıb saxtakarlıq etmiş Göyçay rayonu icra başçısı Mehdi Səlimzadənin və Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz, örüş sahəsinin camaata qaytarılmasına köməklik göstərəsiniz.

İmza; Göyçay rayonu Xəlitli kənd sakinləri

1.Mikayılov Eldəniz Mikayıl oğlu əlaqə telefonu; (050) 417-98-51
2.Sədirəddinov Namiq Şakir oğlu (050) 525-36-94
3.Abdullayev Kamil Fərhad oğlu
4.Sədirəddinova Gültəkin Mürşid qızı
5. Mikayılov Alik Ağaismayıl oğlu
6.Mikayılov Qüdrət Paşa oğlu
7.Mikayılova Mətənat Xəlil qızı
8.Sədrəddinov Surət Sadiq oğlu
9.Mikayılov Təbriz Elburus oğlu”.

Redaksiyadan: Qeyd edək ki, şikayətçilər imzalarını təsdiqləmək üçün şəxsiyyət vəsiqələrinin fotolarını da göndəriblər. Ümidvarıq ki, müvafiq dairələr iddiaları araşdırıb lazımi ölçü götürərlər.

Şərhlər

XƏBƏR LENTİ