XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər

Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər

Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər
24-02-2020, 16:33

Bir qrup Lənkəran rayon sakini tərəfində redaksiyamıza şikayət məktubu daxil olub. Şikayət məktubunda sakinlər yazırlar ki, Lənkəran Xəstəxanasının Perinatal Mərkəzində Qair İsayev adlı həkim-ginekoloq 23 yaşlı Gülnar Babayevanı qeysəriyyə əməliyyatı zamanı həyatına son qoyub.

Yenixeber.org-a istinadla bildiririk ki, şikayət məktubunda qeysəriyyə əməliyyatı zamanı həyatına son qoyulan 23 yaşlı Gülnar Babayevanın qohumu Təranə xanım bildirir ki, bu hadisə ilə bağlı bu ayın, yəni fevralın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşaraq, həkim-ginekoloq Qair İsayevin cəzalandırılmasını istəyiblər.
Şikayət məktubunda qeysəriyyə əməliyyatı zamanı həyatına son qoyulan 23 yaşlı Gülnar Babayevanın xalası Təranə xanım onu bildirib ki, qeysəriyyə əməliyyatı bu ilin fevralın 3-də əvvəlcədən planlaşdırılmış şəkildə keçirilib:

"1996-cı il təvəllüdlü Gülnar Babayeva 1 il öncə qeysəriyyə əməliyyatı keçirdiyindən yaxınları növbəti əməliyyat üçün qorxu keçiriblər. Çünki ikinci qeysəriyyə əməliyyatı üçün 3 il vaxtın keçməsi lazım gəlirmiş.
Həkim Qair İsayev bizə dedi ki, anada və uşaqda heç bir problem yoxdur. Bu neçə ay ərzində ana həkim nəzarətində olub. Qair İsayev dedi ki, narahat olmayın, uşağı saldırmayın, mən sizə sapsağlam ananı da, balanı da verəcəm. Biz onunla razılaşdıq, balamızı dünyaya gətirməyə razılıq verdik.
Fevralın 3-də Lənkəran Xəstəxanasının Perinatal Mərkəzində əməliyyat olundu. Əməliyyatdan sonra tibb işçiləri çıxıb şirinlik istədilər ki, gözəl qız övladınız dünyaya gəlib, ana da, uşaq da sağlamdır. Biz də sevindiyimizdən şirinliyini verdik. Qair həkim uşağın atasına demişdi ki, dərman tədarükümüzü tutmaq üçün əvvəlcədən 500 manat verməlisiz.
Uşaq dünyaya gələndən 1-2 dəqiqə sonra gördük bütün həkimlər axışır əməliyyat otağına. Orda əməliyyat gedə-gedə başqa həkimlər qışqırır ki, işini tez bitir, gəlirəm əməliyyat etməyə. Bircə onu eşitdik ki, dedilər, vay, arterial damar kəsildi. Ardınca sanitarka trubka üçün qaçdı, steril olunmamış trubka tapıb gətirdi.
Bizə xəbər olundu ki, ananın uşaqlığı götürülməlidir ki, qanaxma dayansın. Orda başqa nəsə düşünə bilmədik, razılaşdıq. Bizə lazım idi ki, ana sağ qalsın, öz iki balasına baxa bilsin. Amma bunlar bizə təklif olunanda ana artıq yox idi, ölmüşdü. Bunlar bir səhnə qurmuşdular”.
Daha sonra şikayət məktbunda bildirilir ki, Gülnar Babayevanın yaxınları bununla bağlı istintaq aparılmadığını, əməliyyatı etmiş həkim Qair İsayevin hazırda həbsdə olunmadığını deyirlər: “Bizə dedilər ki, əgər siz şikayət edəcəksizsə, ölünü aparaq “morq”a. Dedik, cinayətkar həbs olunmalıdır. Meyiti apardılar “morq”a. Ekspertiza üçün nə lazımdırsa götürüldü. İndi deyirlər ki, sizə 3 aydan sonra məlumat verəcəyik. Necə 3 aydan sonra? Məcbur etdilər ki, aparın basdırın ölünüzü”.

Sonda şikayətçilər şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının laqeydliyindən gileylidir: “Hadisə yerində cəmi 3 polis serjantı olub. Nə xəstəxananın baş həkimi orda idi, nə də prokurorluqdan kimsə. Biz çağırandan sonra icra nümayəndəsi gəldi. Soruşmuşuq ki, niyə prokuror, polis rəisi gəlmir bura? Niyə bizim icra başçımız gəlmir bura? Prezident deyir, siz hər bir vətəndaşın prezidentiyəm. Siz də məmursuz. Xidmət edin. İki gün bundan əvvəl icra başçısının qəbuluna yazılmışıq, gəlib deyirlər, 1 nəfər gəlsin. Narazılıq etdik, sonra dedilər, başçı 3 nəfəri qəbul edəcək. Sonda da gəlib deyirlər, bu gün başçı heç kimi qəbul etmir. Necə yəni qəbul etmir? Bəs Prezident demədi ki, bütün vətəndaşları qəbul edin, şikayətlərinə baxın?”
Şikayətçilər ölkə başçısına da müraciət ünvanlayıb: “Bizim Prezidentə sözümüz var. Cənab Prezident, sizə yalan deyirlər, burda heç kim işləmir. Lənkəran səhiyyəsində bazardır. Bu həkim 4-cü anadır öldürür. Niyə tutmurlar onu?”
Gülnar Babayevanın yaxınları onu da deyiblər ki, həkim şikayət etməməyin qarşılığında yas mərasiminin xərclərini çəkəcəyini deyib. Ancaq ailə buna etiraz edib, razılaşmayıb. Onlar Qair İsayevin həbsini tələb ediblər.
Hadisə ilə bağlı Qair İsayevlə telefon əlaqəsi yaratdıq. Həkim-ginekoloq Qair İsayev 23 yaşlı Gülnar Babayevanın qeysəriyyə əməliyyatı zamanı həyatını itirdiyini təsdiqlədi və bununla bağlı cinayət işi açıldığını bildirib. Amma Qair İsayev Gülnar Babayevanın ölmünün səbəbini açıqlamadı.
Bəs, görəsən xəstəxanalarda baş verən ölüm faktına görə, həkimlərə hansı cəza verilir? Bununla bağlı bir neçə gün öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirilən brifinqdə bildirmişdi ki, xəstəxanalarda baş verən ölüm faktına görə, həkim və tibbi personalın günahı sübuta yetirildiyi təqdirdə onlar tutduqları vəzifədən kənarlaşdırılırlar.
Zaur Əliyev bildirib ki, əgər tibb müəssisələrində ölüm faktı baş verirsə, aidiyyəti qurum bunu dərhal araşdırmağa başlayır: "Bu həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlara təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir".
Sədr əlavə edib ki, aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir:"Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə məsuliyyətinə cəlb olunur. Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.