SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Dializ xəstələri Allahın ümidinə buraxılıb - Ciddi faktlar ortaya çıxır

Dializ xəstələri Allahın ümidinə buraxılıb - Ciddi faktlar ortaya çıxır

Tarix:

27-01-2020, 00:48

/ 1 100 dəfə oxundu.
Dializ xəstələri Allahın ümidinə buraxılıb - Ciddi faktlar ortaya çıxır

Baş həkim: “Kadr yoxdur xəstəxanada, heç kim burda işləməyə gəlmir"


Sabirabad Rayon Mərkəzi Xəstəxanasın dializ şöbəsində kütləvi zəhərlənmə olması barədə məlumat vermişdik. Lakin xəstəxananın baş həkimi Ənvər Lümanov zəhərlənmə faktının olmadığını iddia edib.

Belə ki, Ə.Lümanov AYNA-ya açıqlamasında əvvəlcə xəstəxanada, ümumiyətlə zəhərlənmə hadisəsinin baş vermədiyini bildirdi: “Xəstəxanada zəhərlənmə hadisəsi baş verməyib. Dializ xəstələrində belə hallar baş verir, qusma, ağızquruma olur. Xəstələrdən birində xroniki yazva var idi, gecə qanaxma olmuşdu deyə, reanimasiyaya qaldırdım. Onda belə hallar tez-tez baş verir. Bu gün də həmin xəstəni Bakıya, Respublika Kliniki Xəstəxanasına göndərmişəm”.

Baş həkimə zəhərlənən xəstələrlə, həmçinin yaxınları ilə danışdığımızı bildirdikdə isə, son iki gündə 5 dializ xəstəsində belə problem yaşandığını etiraf etdi: “Dializ xəstələridir, qəfil təzyiqləri də düşür, ürəkbulanmalar, qusmalar olur. Bu, o demək deyil ki, onlar zəhərləniblər. Srağagün 2 xəstə narahat olmuşdu, dünən də 3-ü olub. Ancaq bu, zəhərlənmə deyil, zəhərlənmə olsaydı, bütün xəstələr zəhərlənərdi”.

Baş həkim xəstəxanada uroloq və nefroloq olmadığını, dializi tibb bacılarının etdiyini də təsdiqlədi: “Kadr yoxdur xəstəxanada, ümumiyyətlə 64 həkimə, 41 orta tibb işçisinə vakant yer var, kadr çatışmır. Dəfələrlə Bakıya getmişəm, heç kim burda işləməyə gəlmir, heç həkim də yoxdur ki, gələ. Tibb bacılarına dializ etməyə Səhiyyə Nazirliyi icazə verib, kurs keçiblər, həmçinin dializə kardioloq, terapevt təhkim etmişik, xəstələrə o həkimlər nəzarət edirlər”.

Qeyd edək ki, zəhərlənən dializ xəstələrinin yaxınlarının iddiasına görə, zəhərlənmə dializ aparatında "osmos" deyilən qurğunun filterinin olmadığına və ya dəyişdirilmədiyinə görə baş verib. Bildirirlər ki, məhz buna görə dializ suyuna bakteriya düşüb və bu da xəstələrin qanına keçib.

Baş həkimin bu iddialara cavabi isə belə oldu: “O filtiri mən dəyişdirmirəm, hər ay Bakıdan xüsusi briqada gəlir, nəzarət edir, bizim aparata müdaxilə etməyə ixtiyarımız yoxdur. Aparat xarab olanda da zəng edirik, özləri gəlib düzəldirlər”.

Təəssüflər olsun ki, “Həmin briqada vaxtlı-vaxtında gəlib aparatı yoxlayırmı, axırıncı dəfə nə vaxt yoxlama aparıblar” sualımıza isə Lümanov qəribə cavab verdi: “Gəlirlər də, onlar özəl təşkilatdır, mən onlara heç nə deyə bilmərəm, amma xarab olanda zəng eləmişdim, gəlib düzəltmişdilər”.

Baş həkim, sualımıza sonadək cavab vermədən, “xahiş edirəm, məni istintaqa çəkməyin”, - deyərək telefonu söndürdü.

Xatırladaq ki, dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələr zəhərləniblər və xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Dializ xəstəsi Əlmədət Ağayevin AYNA-ya verdiyi məlumata görə, dünən günorta radələrində onunla birlikdə beş dializ xəstəsi reanimasiyaya yerləşdirilib.

Şərhlər

XƏBƏR LENTİ