SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda icra hakimiyyəti narazılıq yaradır - "İcra başçısının müavini İqbal Mikayılov mənə dedi ki..."

Ağsuda icra hakimiyyəti narazılıq yaradır - "İcra başçısının müavini İqbal Mikayılov mənə dedi ki..."

Tarix:

17-12-2019, 09:38

/ 752 dəfə oxundu.
Ağsuda icra hakimiyyəti narazılıq yaradır - "İcra başçısının müavini İqbal Mikayılov mənə dedi ki..."

"Həyat yoldaşım 38 yaşındaykən avtomobil qəzasında həyatını itirdi. Mənim 26 yaşım var idi, iki körpə uşaqla qaldım bu damın altında. Bir qarnı ac, bir qarnı tox, uşaqlarımı böyütdüm. Evləndirdim, indi onlar oğul-uşaq sahibidirlər. Bu illər ərzində gücüm yalnız onları yedirib-geyindirməyə çatdı. Ona görə də qayınatamdan qalma 70 ilin evinə əl gəzdirə bilmədim”. DİA.AZ bildirir ki, bu sözləri Ağsu rayon sakini Yadigar Qurbanova söyləyir. Dediyinə görə, 2019-cu ilin əvvəlində baş verən zəlzələ nəticəsində Heydər Əliyev küçəsi 51 ünvanında yerləşən ikiotaqlı evləri qəzalı vəziyyətə düşüb:

“İki gəlinim, iki oğlum və onların uşaqları, hamımız ikiotaqlı evdə yaşayırıq. Ev çox köhnədir, uçub başımıza tökülməyinə lap az qalıb. Üstəlik, bu ilin əvvəlində zəlzələ oldu, ev daha da qəzalı vəziyyətə düşdü. Fevralda zəlzələ oldu, mart ayında Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, evimizə baxış keçirsinlər. Gəlib, bir dəfə baxıb getdilər. Sonradan məlum oldu ki, evə təmir yazıblar. Ardınca fəhlələr gəldi ki, bəs biz buranı təmir edəcəyik. Özləriylə iki kisə sement, bir qab da emulsiya gətirmişdilər. Guya evi onunla təmir edəcəkdilər. Baxdılar, dedilər ki, biz bu evə əlimizi vura bilmərik uçur, sonra da çıxıb getdilər”.

Yadigar Qurbanova təkrar Ağsu Rayon İcra Hakimiyyətinə müraciət edib, lakin heç bir müsbət nəticəsi olmayıb: “İcra başçısının müavini İqbal Mikayılov mənə dedi ki, beş yüz manat ver, evi bərpaya salaq. Beş min manat versən evi yenidən tikərik. Mən də cavabında dedim ki, tək qadınam, işləmirəm. Bir yerdən köməyim yoxdur. Evdə də iki xəstə uşaq var. On ildir ki, xəstəxana yollarında qalmışıq. Ağsuda ancaq pulu olanlara ev tikirlər. Dövlətlilər imkan vermir ki, kasıbların da evlərinə baxsınlar.

Fövqəladə Hallar Nazirliyinin Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadəyə dedim ki, gəlin evə baxın, özünüz qərar verin. Söz verdi ki, gələcəyəm, üstündən dörd ay keçib, heç bir xəbər-ətər yoxdur.

Yağış yağanda suyun hamısı evin içindədir. Vanna, vedrə qalmır, hamısını qoyuruq ortalığa. Siçan, siçovul doludur, üç-dörd dəfə evin içində ilan öldürmüşük. Kərtənkələdən qorxmuruq artıq. Hər deşikdən çıxmağına vərdiş etmişik”.

Şərhlər

XƏBƏR LENTİ