SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Çəltiklə buğdanın fərqini bilməyən yol problemimizi necə həll edəcək?

Çəltiklə buğdanın fərqini bilməyən yol problemimizi necə həll edəcək?

Tarix:

17-12-2019, 09:37

/ 811 dəfə oxundu.
Çəltiklə buğdanın fərqini bilməyən yol problemimizi necə həll edəcək?

Lənkəranın Kərgəlan kəndi ərazisində 0.38, 0.11, 0.41 ha payıbəlli torpaq sahəmin yolu məmurlar tərəfindən satılıb. Hazırda buğda əkdiyim həmin ərazinin yol problemini həll etmək üçün bir neçə aydır ki, dövlət qurumlarının qapısında qalmışam".

Bunu Arqument.az-a Lənkəran rayonu Kərgəlan kənd sakini Hüseynov Valeh Ədalət oğlu deyir.

Himayəsində azyaşlı uşaqların olduğunu, özünün isə fəhlə işlədiyini deyən şikayətçi yazdığı məktubda aidiyyatı qurumların onun probleminə biganə yanaşdığını bildirib: "Maddi imkanımız olmadığına görə gələcəkdə yaxşı qazanc götürmək üçün torpaq sahəmə çay plantasiyası, yaxud meyvə bağı sala bilmədim. Ailəmin bir tikə çörəyi olsun deyə taxıl əkmişəm. Ancaq öz qanuni torpağıma getmək üçün başqa adamların torpaq sahələrindən, daha doğrusu əkinlərinin içindən keçib getməliyəm. Burada heç kimin yolu yoxdur. Torpaq sahələrimizin koordinatları hazırda əkdiyimiz sahə ilə tam eynidir. Aidiyyatı məmurlar yolumuzu başqa adamlara həyətyanı sahə kimi satıblar".

Valeh Hüseynov deyir ki, qarşılaşdığı problemin həlli üçün qapısına getmədiyi rəsmi qurum qalmayıb: "Problemin həlli üçün dəfələrlə Lənkəran rayon İcra Hakimiyyətində, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə, Milli Məclisə, Heydər Əliyev Fonduna, Prezident Administrasiyasına qəbula getmişəm. Prezident Administrasiyasında bizi Ərazi İdarəetməsi şöbəsinin məsul işçiləri qəbul etdi. Problemimizi dinlədikdən sonra İqtisadiyyat Nazirliyinə zəng etdilər və problemin həll ediləcəyini dedilər. Lənkərana qayıtdıqdan sonra Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini - sosial inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimovun adından ünvanımıza başdangetdi formada yazılmış məktub göndərildi".

"İcra başçısının müavini nə təqvimi tanıyır, nə də çəltiklə buğdanı ayıra bilir"

Şikayətçi başçı müavininin bu məktubundan sonra Heydər Əliyev Fonduna müraciət etdiyini deyir: "Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Xalid Rəhimovun imzasıyla "19-cu ayın 25-i" tarixində göndərilən məktubu oxuduqdan sonra yerli qurumların problemimizə laqeyd yanaşmalarına tam əmin olduq. İcra başçısının müavinin göndərdiyi məktubda göstərilən tarix məktubun içərisində yazılanların yanında "abırlı" idi. Xalid Rəhimov bizə yazdığı məktubda faktiki buğda əkdiyim sahəyə çəltik əkdiyimizi deyir, problemimizin həlli üçün məhkəməyə müraciət etməyimizi məsləhət görürdü. İcra başçısının müavini daha sonra yolun Kərgəlan kənd sakini Hüseynov Sədaqət tərəfindən zəbt olunaraq buğda əkildiyini qeyd edir".

Kərgəlan sakini Sədaqət Hüseynov isə Arqument.az-a yolu zəbt etmədiyini bildirib: "Mənim o ərazidə 0.20 ha kiçik torpaq sahəm var. Hazırda ora buğda əkmişəm. Torpaq sahəmin eni 37.67 metrdir. Əkinimdə göstərilən ölçüdən bir santimetr də kənara çıxmamışam. Yerin hər iki tərəfi arxa dirənib. Məsələdə mən də zərərçəkmişəm. Çünki mənim əkinimin içindən mal-qara aparırlar. Mən də problemlə bağlı dəfələrlə Lənkəran rayon İcra Hakimiyyətində olmuşam. Sonuncu dəfə rayon İcra Hakimiyyətinin başçısı hörmətli Taleh Qaraşovun qəbulunda oldum. Taleh müəllim taxıl biçininə kimi alternativ yoldan istifadə olunması üçün polisə və kənd icra nümayəndəsinə göstəriş verdi. Şikayətçi Valeh Hüseynovun atası ilə Bakıya şikayətə birlikdə getmişik...".

Sədaqət Hüseynov Kərgəlanda payıbəlli torpaqların yollarının və meşə zolağının satıldığını deyir: "Kərgəlan kəndində, əsasən də mənim də buğda əkdiyim ərazidə ciddi katastr problemi var. Əkin sahələrinə gedən yol ya satılıb, ya da qanunda göstərilən ölçüyə uyğun deyil. Bu ərazidə hətta xalqa, dövlətə məxsus olan, uzunluğu təxminən 500, eni isə 20-22 metr olan meşə zolağı müxtəlif şəxslərə payıbəlli ərazi kimi sənədləşdirilərək satılıb. Mən ötən həftə Valeh Hüseynovun atası ilə birlikdə Heydər Əliyev Fondunda qəbulda oldum. Orda bizi dinləyib problemimizin həll ediləcəyini bildirdilər. Ümid edirik ki, Heydər Əliyev Fondunun bu tapşırığından sonra Lənkəran Rayon İcra Hakimiyyəti bizi yol ilə təmin edəcək".

Lənkəran İcra Hakimiyyətindən məsələyə münasibət bildirmədilər.

Lənkəranın Kərgəlan kəndi ərazisindəki meşə zolağının satılması iddiasına isə 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəsmi cavabı belə oldu: "Ərazidə torpaq sahələrinin sərhədlərini müəyyən etməkdən ötrü aidiyyəti üzrə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinə müraciət etməyi məsləhət görürük".

Şərhlər

XƏBƏR LENTİ