SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR

Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR

Tarix:

21-02-2018, 18:33

/ 1 715 dəfə oxundu.
Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR

Deyirlər ki, hər bir xalqın mədəniyyəti yoldan başlayır. Bu sözlərdə böyük həqiqət var. Yol həm də rahatlıq, əmin-amanlıq, sosial-iqtisadi inkişaf deməkdir. Qədim mədəniyyət mərkəzimiz olan Şəki isə illərdir yolun verdiyi bu üstünlüklərdən, bu mədəniyyətdən uzaq qalıb.

Şəkinin Sputnik Azərbaycan-a danışan sakini Niyuzə Sadıqova deyir ki, neçə illərdir şəhərdə kanalizasiya suları yollara axıdılır: "Neçə ildir bu problemlə yaşayırıq. Qış olanda vəziyyət daha da çətinləşir. Bilirsiniz ki, Şəki soyuq iqlimə malik bölgədir, burada tez-tez yağış, qar yağır. Üstəlik kanalizasiya sularının da küçəyə axması vəziyyəti daha da çətinləşdirir".

Digər sakin Məlahət Məhərrəmova da mövcud durumdan narahat olduğunu dilə gətirir: "Şəki qədim şəhərdir, burada küçələr dardır. Yolun asfalt örtüyünün dağılması, yağış sularının çox olması ilə yanaşı, kanalizasiyanın xarab olması və çirkab sularının küçələrə axıdılması vəziyyəti daha da kritikləşdirir".

"Nəvəmi məktəbə aparıb-gətirəndə çox əziyyət çəkirəm. 40 ildir burada yaşayıram, ildən-ilə vəziyyət daha da gərginləşir, aidiyyatı orqanlar isə bu məsələdən narahat deyil. Neçə dəfə şikayət etdik, dedilər ki, baxılacaq. Biz birtəhər dözərik, amma bura çoxlu turistlər gəlir, axı onlardan ayıbdır. Bizi düşünmürlər, barı şəhərimizə gələn qonaqları düşünsünlər", – deyə Məhərrəmova bildirir.

Sözügedən problem rayon sakini Mahir Yusifzadəni də narahat edir: "Allahın bizə yazığı gəldi, bu il qış sərt keçmədi, sular buz bağlamadı. Yoxsa, hər il bu yoldan keçən insanlar yıxılıb zədə alırlar. Öncə kanalizasiya sistemləri düzəlməlidi, ondan sonra yolu düzəltməlidirlər".

"Yalandan gətirib çuxurları doldururlar, bir müddət sonra həmin hissə yenidən dağılır. Şəriştəsizlikdəndirmi, yoxsa işə məsuliyyətsizlikdəndirmi, bilmirəm, amma əziyyətini biz çəkirik. Sürücülər də bundan əziyyət çəkirlər. Qazandıqlarını aparıb ustaya verirlər", — M.Yusifzadə deyir.

Şəki rayon Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Taleh Alxasovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, prezident İlham Əliyevin sərəncamı ilə Dünya Bankının və Almaniya dövlətinin birgə layihəsi olan "Şəkidə kanalizasiya-su layihəsi" həyata keçirilir. Hazırda bu layihə çərçivəsində müvafiq işlər görülür.

"Biz hazırda bu işlərlə məşğuluq. Cənab prezidentin sərəncamına əsasən, Şəkidə gecə-gündüz iş gedir. İndi layihənin ikinci mərhələsi həyata keçirilməkdədir. Yaxın müddətdə bütün şəhər ana xəttə qoşulacaq. Əlaqəli korreksiyalar qoyulur və təmizləmə qurğuları qurulur. Qazıntılar da bu yaxınlarda başa çatacaq və yollar asfaltlanacaq", – deyə şəhərin baş memarı deyib.

Baş memar əlavə edib ki, dəfələrlə sakinlərdən yollara kanalizasiya sularını axıtmamalarını xahiş etsələr də, yenə də çirkab suları yollara axıdılır: "Şəki şəhəri dağlıq ərazidə yerləşir. Yağışlar yağanda axan selin qarşını almaq üçün bölgülər aparılır. Yolun kənarında arxlar yaradılıb ki, yağış suları arxlara tökülsün. Bu, kanalizasiya suları üçün deyil. Camaatın ora kanalizasiya tullantılarını axıtmaq ixtiyarı yoxdur. Onların daxili həyətlərində quyuları var, ora axıtmalıdırlar".

Ümummilli lider Heydər Əliyev deyib ki, "Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir". Yaşadığı yeri, getdiyi yolları qorumaq isə vəzifəsindən asılı olmayaraq, hər kəsin insanlıq borcudur.
Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR
Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR
Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR
Elxan müəllim yəqin bu problemlərdən xəbərsizdir... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ