XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”
24-01-2018, 15:59

Ötən ilin dekabrında “Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xaçmaz xidmət sahəsinin rəisi Elmir Camalova qarşı ŞOK ittihamlar” adlı yazı dərc etmişdik. Böyük əks-sədaya səbəb olan məqalədə qurumun sabiq nəzarətçi-çilingəri Turab Sultanov sahə rəisini ciddi ittihamlara məruz qoymuşdu. Biz qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olduğumuzu desək də, heç bir rəsmi şəxsdən səs-soraq çıxmadı. Bircə onu bildik ki, ötən il dekabrın 7-də bəzi dövlət qurumlarına da şikayət ərizəsi yazan Turab Sultanovun idarə ilə bağladığı müqaviləyə xitam verilib və iki azyaşlı uşaq atası çölə atılıb. Deyilənlərə görə, Elmir Camalov bu addımla sadəcə olaraq hegemonluğunu göstərməyə və ondan şikayət edənlərin gözünü qorxutmağa çalışıb. Amma rəis istəyinə çatmadı. Rayonda ictimai rəy onun ziyanına işləyir. Xüsusilə, qaz sayğaclarının sıfırlanması əməliyyatı zamanı baş verənlər əhalinin hiddətinə səbəb olub. İş o yerə çatıb ki, camaat arasında E. Camalovun tutduğu vəzifədən azad edilməsi tələbi ilə aksiya keçirmək təşəbbüsündə bulunanlar da tapıldı. Lakin istər RQİİ, istərsə də xidmət sahəsinin rəhbərliyi öz işindədir.
Onları nə əhalinin narazılığı, nə də ictimai rəy maraqlandırır. İdarənin bəzi əməkdaşları da iddia edir ki, Elmir Camalovun rəhbərliyi yenə də yarıtmaz vəziyyətdədir. Artıq bunu təkcə onlar demir. Bir neçə gün öncə Turab Sultanov energetika nazirliyindən şikayət ərizəsinə cavab alıb. Həmin məktubu olduğu kimi təqdim edirik:
“Sizin, Azərbaycan Respublikası Energetika Nazirliyinə daxil olmuş şikayət xarakterli müraciətiniz araşdırılması və tədbir görülməsi üçün Dövlət Qaz Nəzarəti İdarəsinə göndərilmişdir.
Daxil olmuş şikayətlə əlaqədar idarənin əməkdaşları tərəfindən araşdırma aparılmış və araşdırmanın mahiyyəti üzrə müvafiq materiallar toplanılmışdır.
Aparılan araşdırma nəticəsində şikayətinizdə göstərilən bəzi məsələlər, o cümlədən, istehlakçılara istifadə olunan qazın dəyəri barədə bildirişlərin heç bir əsas olmadan 15 gündən bir olmaqla ayda iki dəfə verilməsi, verilən qazın təzyiqinin zəif və normadan aşağı olması, istifadə olunan qazın dəyərini vaxtında və tam ödəmədiyinə görə qazın verilməsinin dayandırılacağı barədə istehlakçılara yazılı bildirişlərin göndərilməməsi, qazın verilməsinin dayandırılmasının(hər bir hal üzrə) istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməməsi halları öz təsdiqini tapmışdır.
Bununla əlaqədar göstərilən halların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün “Azəriqaz” İstehsalat Birliyinə müvafiq tapşırıq verilmişdir.”
Bu ayın 16-da göndərilmiş məktubu rəis vəzifəsini icra edən, ləğvetmə komissiyasının üzvü cənab Elxan Həşimov imzalayıb.
Göründüyü kimi, Energetika Nazirliyi şikayətçiyə çox obyektiv cavab verib. Əlbəttə, burada Turab Sultanovun qeyd etdiyi digər məsələlər əksini tapmasa da, araşdırmaların nəticəsi qənaətbəxşdir. Ümumiyyətlə, sözügedən nazirliyə yeni rəhbərliyin gətirilməsindən sonra bu qurumun vətəndaşların ərizə və şikayətlərinə daha həssas və operativ yanaşması müşahidə olunur.
İndi isə Turab Sultanovun eyni məzmunlu şikayət ərizəsinə “Azəriqaz” İB-in Xaçmaz RQİİ-nin göndərdiyi cavab məktubu ilə tanış olun: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Hesablama Palatasına ünvanlanmış və aidiyyatı üzrə “Azəriqaz” İstehsalat Birliyinə daxil olmuş müraciətiniz ilə əlaqədar bildiririk ki, həmin müraciətlərdə qeyd olunan hallarla bağlı Xaçmaz RQİİ-də sizin iştirakınız ilə araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində müraciətinizdə qeyd olunan halların öz təsdiqini tapmadığı müəyyən olunmuşdur.”
Ötən il dekabrın 27-də göndərilmiş bu cavab məktubunu Xaçmaz RQİİ-nin rəisi cənab Xaliq Namazov imzalayıb.
Maraqlıdır, çox yüksək səlahiyyətli bir qurum Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinin fəaliyyətində nöqsanlar aşkarlayır, digəri isə- əslində birbaşa cavabdeh olan Xaçmaz RQİİ öz qurumunda bir dənə də olsun nöqsan tapmır. Təbii ki, səbəb məlumdur. Regional idarə onunla eyni şəhərdə yerləşən və tabeliyində olan xidmət sahəsinin işini belə də qiymətləndirməlidir. Çünki neqativ faktlara göz yuman elə regional idarənin özüdür. Digər tərəfdən, Turab Sultanov “Şimal xəbərləri”nə bildirib ki, cavab məktubunda yazılanlar doğru deyil. Onun birbaşa iştirakı ilə heç bir araşdırma və yoxlamalar aparılmayıb. Müsahibimiz iddia edir ki, xidmət sahəsində qanunsuzluqlar davam edir. Yanvar tətilindən sonra paylanılan bildirişlərin əhali arasında narazılıqla qarşılanmasına gəlincə isə, Turab söylədi ki, nəzarətçilər sayğaclardakı göstəriciləri əvvəlcə özlərindəki dəftərlərə yazırlar, sonra isə evdə bildiriş terminallarına vururlar, terminalların menyusuna isə rəhbərliyin göstərişi ilə müdaxilə olunur. Keçmiş əməkdaş əvvəl çalışdığı qurumda daha ciddi problemlər olduğunu da açıqladı.
Yenə də qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Bundan əvvəlki yazımızda müəyyən cəhdlər də göstərdiyimizi bildirmişdik. Lakin xidmət sahəsinin rəsmiləri cavab əvəzinə əməkdaşımızı idarəyə dəvət etmişdilər və sözünü kəsərək telefonu belə qapatmışdılar . Halbuki, verilən sualları elə telefonda da cavablandırmaq mümkün idi.
Yazı hazırlanarkən Elmir Camalovun rəhbərlik etdiyi idarənin daha bir əməkdaşı bizə ciddi müsahibə verdi. Hələlik adını açıqlamadığımız şəxs qurumda baş verən bəzi rüsvayçı məsələlərdən danışdı. Müsahibimizin dediklərindən belə çıxdı ki, Elmir Camalov rayonda ictimai sabitliyin olmasında deyəsən maraqlı deyil. Yoxsa heç bir əndazəyə və məmur etikasına sığmayan əməllərə yol verməsi iddia edilməzdi.

Şimal Xəbərləri

Mövzuya qayıdacağıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.