XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » “Yayın bu istisində evdə soba yandırıram” - Ağstafadan şikayət

“Yayın bu istisində evdə soba yandırıram” - Ağstafadan şikayət

“Yayın bu istisində evdə soba yandırıram” - Ağstafadan şikayət
9-08-2017, 11:15

İki ay əvvəl Ağstafa rayonunun Yuxarı Göycəli kəndində təbii fəlakət baş verib. Belə ki, iyun ayının 10-da bölgəyə düşən güclü dolu kənddə 200-dək evə müxtəlif ölçülü ziyan vurub. Sakinlər isə şikayət edirlər ki, aradan bu qədər vaxt keçməsinə baxmayaraq, rəsmi qurumlar onların çətinlikləri ilə maraqlanmaq istəmirlər.
Kənd sakini Rasim Məmmədov təbii fəlakətdən sonra evlərə dəyən ziyanın hesablandığını, lakin heç bir kömək olunmadığını bildirib: “İyunun 10-da güclü dolu düşdü. Kənddə kimin dam örtüyü asbest şiferdən idisə, hamısı dəlik-deşik oldu. Hadisə baş verən günün səhərisi rəsmi qurumlar gəlib dəyən ziyani hesablasalar da, aradan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ heç bir köməklik edən olmayıb. Yoldaşım məsələ ilə bağlı gedib İcra Hakimiyyətinə. Oradan da deyiblər ki, “bizlik deyil, yazıb göndərmişik, gəlib düzəldəcəklər”. Hər yağış yağanda su dolur evlərə. Qarşıdan da payız gəlir. Bəs nə vaxt düzəldəcəklər?"
Dolunun evin damına vurduğu ziyan Rasim Məmmədov ,Qəbilə Quliyevaİlqar Məmmədov
Təbii fəlakətdən ziyan görən digər sakin Rahim Məmmədov bildirib ki, dolu kəndlilərin dolanışıq üçün gözlərini dikdikləri təsərrüfat və bağları da məhv edib: “Bağ və əkin sahələrində nə isə satıb evi təmir etdirmək də mümkün deyil. Hər şey məhv olub”.
Kənd sakini Qəbilə Quliyevanın sözlərinə görə, istəkləri heç olmasa dam örtüklərinin qismən təmir edilməsidir: “Onsuz da qəzalı vəziyyətdə olan evlərimizdə birtəhər yaşaya bilirik”.
Kənd sakini İlqar Məmmədov isə məsələ ilə bağlı yuxarı instansiyalara müraciət ünvanladığını deyib: "İki aydır ki, çəkmədiyimiz zülm qalmayıb. O gündən də tərs kimi hər gün yağış yağır. Tavan çürüyüb. Divarlarda suvaq uçub tökülür. O gün uşaq evdə yatdığı yerdə tavanın bir hissəsi üstünə çökdü. Bu yayın istisində evin nəmini qurutmaq üçün qaz sobası yandırıram. Uşaqların böyrəklərində problem yaranıb nəmişlikdən. Heç cür imkanlaşdırıb düzəltdirə bilmirəm. Heç olmasa kredit sistemi yaradaydılar, götürüb evimizi təmir edib, yenə hissə-hissə qaytarardıq. Müraciət etmədiyim qurum qalmayıb. Amma heç bir cavab yoxdur".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.