XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Qəbələdə FHN işçiləri əl-əl axtarılır - "Biz hələ də bu vəziyyətdə yaşayırıq"

Qəbələdə FHN işçiləri əl-əl axtarılır - "Biz hələ də bu vəziyyətdə yaşayırıq"

Qəbələdə FHN işçiləri əl-əl axtarılır - "Biz hələ də bu vəziyyətdə yaşayırıq"
9-08-2017, 11:06

"Bir ay qohum evində qalandan sonra məcbur olub yenə qəzalı evə qayıtdıq. Ancaq ev çökmək üzrədir, hansı gecə daş-kəsəyin altında qalacağıq, bilmirik, hər şeyi Allahın ümidinə buraxmışıq". Bu ilin iyununda Qəbələdə baş vermiş qasırğanın kəndlilərə vurduğu zərər hələ də tam aradan qaldırılmayıb. Bunu rayonun Mıxlıqovaq sakini Qənirə Məmmədova deyir.

Mıxlıqovaq qasırğaya məruz qalan kəndlərdən biridir. Təbii fəlakət kənddə bir neçə ailənin evinə zərər vurub. Qənirə xanımın sözlərinə görə, qasırğadan sonra Qəbələnin icra hakimiyyətinin işçiləri və rayonun Fövqəladə Hallar Komissiyasının üzvləri kənddə olublar, qəzalı evlərə baxış keçirib fotolar çəkib, qeydlər aparıblar. Ancaq sakinlər komissiya üzvlərini elə bircə dəfə o zaman görüblər: "Onda da kəndlilərlə qışqıra-qışqıra, yüksək tonla danışıb getdilər. Elə kobud davrandılar ki, sanki qasırğanı özümüz yaratmışdıq, adamlar sözlərini, dərdlərini deməyə də çəkindilər. Qasırğa həyətlərdəki yüzlərlə bar verən ağacı qırdı, tövlələri aşırtdı, mal-qara qırıldı. Evlərin divarları yarıq-yarıq oldu, dam örtükləri dağıldı... Biz hələ də bu vəziyyətdə yaşayırıq".

Kənd sakini İlhamə Rüstəmova qasırğadan bir tərəfi dağılmış evdə üç azyaşlı ilə qalır: "Ziyan dəymiş evlər necə var eləcə də durur. Bəziləri elə o vaxtdan qohum evində yaşayır, bəzilərinin də getməyə yeri yoxdur deyə, mənim kimi elə qəzalı evdə "indi uçar, bu saat uçar" deyib qalır. Uşaqlar körpədir, üzü qışa vəziyyətimiz necə olacaq, bilmirik. Bu evi özülündən söküb təzədən tikmək lazımdır. Gedirsən icra hakimiyyətinə, elə münasibət göstərirlər ki, sanki şəxsi villalarına özbaşına girmisən. Bircə süpürgə götürüb insanları süpürüb çölə atmaqları qalıb. 2 aydan çoxdur başçının qəbuluna düşə bilmirəm deyim ki, bu tifillər qəzalı evdə, başımıza dağılan tavanın altında yaza salamat çıxmayacaqlar".

Yayın ilk günlərindəki təbii fəlakət sonradan kəndlilərin təsərrüfatla məşğul olmasına da əngəl yaradıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.