XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Mirdamət Sadıqov 1 milyonluq layihəni niyə batırır? - Sahibkardan şikayət

Mirdamət Sadıqov 1 milyonluq layihəni niyə batırır? - Sahibkardan şikayət

Mirdamət Sadıqov 1 milyonluq layihəni niyə batırır? - Sahibkardan şikayət
31-07-2017, 09:41

Son illər regionlarin sosial-iqtisadi inkişafi istiqamətində bir sıra ciddi addımlar atılır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli ilə bağlı mühüm tədbirlər görülür
Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ölkə başçısının tövsiyyələrindən sonra bir çox iş adamları bu sahəyə sərmayə yatırmağa çalışır.
"Navi Group" MMC-nin təsisçisi Vidadi İsgəndərov da belə sahibkarlardan biridir.
Ancaq müraciət edən İsmayıllı rayonundan olan sahibkar Vidadi İsgəndərov rayon icra başçısı və bəzi məmurların onun fəaliyyətinə əngəl törətmələrindən gileylidir.
Sahibkar deyir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" haqqında 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, İsmayıllı rayonunda "Yaşıl market" layihəsinin hazırlanması və həyata keçirilməsi İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov tərəfindən ona təklif olunub.
Bu təklifdən sonra layihəni həyata keçirmək üçün icra başçısı Mirdamət Sadıqov və Sahibkarliğa Kömək Milli Fondunun direktoru Şirzad Abdullayevlə müzakirələr aparılıb. Bundan sonra ona rayon rəhbərliyi tərəfindən layihənin reallaşdırılması üçün İsmayıllı Rayon Olimpiya Kompleksinin yanında 5 hektar torpaq sahəsinin ayrılması təklif olunub. Amma mütəxəssislərlə məsləhətləşdikdən sonra boş torpaqda bu layihənin həyata keçirilməsinin baha başa gəlməsi nəzərə alınaraq başqa variant seçilib. Belə ki, İsmayıllıda 2.125 ha ərazidə tikililəri yararlı olan keçmiş "Süd-yağ emalı" zavodunu alaraq onun yerində bu layihəni həyata keçirmək qərara alınıb. Bu zavod xüsusi mülkiyyət olduğundan sahibkar onu öz vəsaiti hesabına alqı-satqı yolu alıb.
Sahibkar deyir ki, layihəyə başlamazdan əvvəl rayon rəhbərliyi ona bildirib ki, əgər İsmayıllıda bu layihəyə investisiya qoyarsa, hazırda rayonda fəaliyyət göstərən, müasir tələblərə cavab verməyən və antisanitariyanın baş alıb getdiyi köhnə əşya və meyvə-tərəvəz bazarı bağlanaraq yeni inşa edilən "Yaşıl market"ə köçürüləcək:
"Bu vəddən sonra layihəni icra etmək üçün Sahibkarliğa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit götürərək işə başladım. Layihəni qısa müddətdə uğurla icra edərək "Yaşıl market"i tam istifadəyə hazır vəziyyətə gətirdim. Ölkə başçısı bu il İsmayıllıya səfər edərkən "Yaşıl market"in də açılışında iştirak edəcəyini gözləyirdik. Amma təəssüflər olsun ki, bu obyektin açılışı proqrama salınmadı. Rayondakı kiçik bir uşaq bağçasının açılışı səfər proqramına salınsa da, külli miqdarda investisiya yatırılaraq inşa edilən region əhəmiyyətli obyektin varlığı, nədənsə, gizlədildi. Hansı ki, 2.125 ha ərazidə yerləşən obyektdə 3200 kvadrat metr qapalı bazar, 3000 kvadrat metrlik 118 mağaza, diri heyvanların ət kəsimi sexi, 2500 tonluq soyuducu anbar üçün quraşdırılmış modulu, 250 avtomobil üçün dayanacaq, 700 metrlik ərzaq anbarı və təmirə dayanan 25 otaqlı motel var. Obyekt istifadəyə verilərsə, burada 450-600 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Belə bir obyektin varlığını gizlədən rayon rəhbərliyi sonradan, nədənsə, öz hesabatına İsmayıllıda tikilən yeni obyektlərin, o cümlədən "Yaşıl market"in fəaliyyəti haqqında məlumat daxil edib. "Yaşıl market"in istifadəyə hazır olması barədə İqtisadiyyat Nazirliyinə də dəfələrlə məlumat verilsə də, hansı səbəbdənsə onlar da bu obyektin fəaliyyətə başlamasına maraq göstərmirlər.
Əvvəl layihəni təqdir edən əlaqədar qurumlar indi məsələyə bir qədər də ironiya ilə yanaşaraq bildirirlər ki, özünüz üçün "bazar" tikmisinizsə, indi də, zəhmət çəkin işlədin".
Sahibkar V.İsgəndərov yenə də ruhdan düşməyərək rayonda fəaliyyət göstərən kiçik sahibkarlarla görüş keçirərək onlara güzəştli şərtlərlə daha müasir və standartlara uyğun yerdə ticarətlə məşğul olmağı təklif edib: "Lakin rayon rəhbərliyi səviyyəsində bu işə də meneçilik törədilib. Hətta bildirilir ki, indiki rayon rəhbərliyi İsmayıllıda işləyəcəyi müddətdə bu obyektin faəliyyət göstərəcəyi gözlənilmir. Beləliklə də, region əhəmiyyətli "Yaşıl market"in fəaliyyətinə yaşıl işıq deyil, qırmızı işıq yandırılıb. Bu da göstərir ki, bəzi yerli məmurlar regionların inkişafına investisiya yatıran sahibkarlara maneələr yaratmaqdan əl çəkmirlər. Öz şəxsi maraqları üçün dövlətin maraqlarını qurban verməyə hazırdırlar".
Sahibkar Vidadi İsgənərov bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yerlərdə sahibkarlara süni maneələrin yaradılması, inhisarçılıq, bəzi icra orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsini dəfələrlə pisləməsinə və bu halların aradan qaldırılmasına hesablanan qərarlarına inanır. O, ölkə başçısının bu cür mövqe sərgiləməsini alqışlayır və deyir ki, ümid edir ki, İsmayıllı rayonunda mövcud olan bu problemin həllinə əlaqədar oraqanlar da biganə qalmayacaq.
Sonda sahibkar Azərbaycanda obyektivliyini önə çəkərək qarşılaşdığı problemin həllində, haqsızlığın müvafiq qurumlara çatdırılmasında redaksiyamızdan ciddi dəstək gözlədiyini də yazıb.

modern.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.