SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Baba Rzayevin oğlu qanunları saya salmır... - Görünəni budur...

Baba Rzayevin oğlu qanunları saya salmır... - Görünəni budur...

Tarix:

12-01-2023, 09:02

/ 365 dəfə oxundu.
Baba Rzayevin oğlu qanunları saya salmır... - Görünəni budur...

 Bu ilin yayında dərc olunan “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” məqaləsində sahibkar Anar Qəribovla “Azur” ticarət mərkəzinin rəhbərliyi arasında baş verən münaqişədən bəhs etmişdik. Polisə, prokurorluğa, məhkəməyə edilən şikayətlər problemin həllinə kömək etməyib. Hesab olunurdu ki, mediaya müraciət hər iki tərəfə sərf edən həll yolunu tapmağa kömək edəcək. Lakin…

– Məhkəmə prosesi hələ də davam edir, – Anar Qəribov deyir. – Amma bu dəfə sizə hakimlərin işə yanaşması ilə deyil, Xətai rayon probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara münasibəti ilə bağlı müraciət edirəm.

Sahibkar son hekayəsini davam etdirməzdən öncə oxucuya qısaca olaraq xatırladaq ki, Anar Qəribov dörd il əvvəl ticarət mərkəzində 1285 kvadratmetr sahəni icarəyə götürüb, yarım milyon manata yaxın sərmayə qoyaraq onu təmir etdirib, avadanlıq və geyim əşyalarının alışına isə bundan da artıq pul xərcləyib. Amma onun “Famous Brands” mağazası açılan kimi mərkəzin sahibləri icarə haqqını dəfələrlə artırıblar. Bu da tərəflər arasında bağlanmış on illik müqavilənin şərtlərinə ziddir.

Tərəflər arasındakı münaqişə müxtəlif instansiya məhkəmələrində həll olunduğu bir vaxtda bina sahibləri mühafizəçilərə mağazanın sahibini və işçilərini ticarət mərkəzinə buraxmamağı tapşırıblar, yenicə təmir olunan mağazanı alt-üst ediblər, bütün geyim və avadanlıqları isə toplayaraq rütubətli zirzəmiyə atıblar və nəticədə onlar yararsız vəziyyətə düşüb. Sahibkarın ziyanının böyük hissəsini bank kreditləri təşkil etdiyi nəzərə alınsa, bir milyon yarım manata yaxın məbləğ onu ağır yük altında salıb.

– Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsi 2021-ci ilin martında ticarət mərkəzinin səhmdarlarına yekun qərar qəbul olunana qədər “Famous Brands” mağazasının ərazisində hər hansı təmir işlərinin aparılmasını qadağan edib, – Qəribov hekayəsinə davam edir. – Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq məhkəmənin hökmü hamı üçün məcburidir. Bu, birbaşa vəzifəsi məhkəmə hökmlərinin icrasını təmin etmək olan probasiya xidməti üçün ikiqat məcburidir.


Amma hər şey başqa cür baş verdi. Məlum oldu ki, mərkəzin sahibləri üçün məhkəmə qərarının dəyəri icarədarın şikayəti qədər əhəmiyyətsizdir. Məhkəmə icraçıları isə onların dediyi ilə oturub-dururdular. Sanki dövlət öz vətəndaşlarının hesabına onları məhkəmə qərarlarının deyil, kiminsə ərköyün övladlarının şıltaqlığının icrası üçün saxlayır.

Məhkəmə icraçıları dəfələrlə ticarət mərkəzinə baş çəkiblər, mağazanın ərazisində çəkiliş aparıblar, müvafiq akt tərtib ediblər və hətta mərkəzin səhmdarlarına məhkəmə qərarının pozulmasına görə daşıdıqları məsuliyyət barədə xəbərdarlıq ediblər. Amma xəbərdarlığın əksinə olaraq, səhmdarlar Fuad Rzayev və Babək Babayev nəinki mağazanın bütün pəncərə və qapılarını söküblər, hətta divarları da uçurublar. Bununla bağlı şikayətlər cavabsız qalıb. Məhkəmə icraçıları qaydanı pozanları hətta yaşadıqları ünvanda və iş yerlərində də tapa bilməyiblər. Baxmayaraq ki, Bakıda istənilən orta məktəb şagirdi belə bir problemi asanlıqla həll edə bilər. Babayev şəhərin demək olar ki yarısında göydələnlər tikən məşhur “Yeni Həyat” şirkətinin sahibidir, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayev haqqında isə danışmağa da dəyməz. Məhkəmə icraçıları onları “axtarışa verməklə” işlərini bitmiş hesab ediblər. Halbuki, heç kim bu dərəcədə tanınmış simaları axtarmağa hazırlaşmırdı. Tezliklə axtarış tamamilə dayandırıldı.

Qəribov səhmdarların qanunun əlifbasına əsasən hələ də ona məxsus olan keçmiş mağazasında konkret olaraq harada və nəyi sındırdıqlarını, köçürdüklərini, dəyişdiklərini dəfələrlə məhkəmə icraçılarına göstərib. O, xatırladıb ki, məhkəmənin qərarına bu cür saymazyana münasibətə görə mərkəzin sahibləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Lakin məhkəmə icraçıları gəliblər, gediblər, icarəyə verilən ərazinin yenidən qurulması isə davam edib. Bu gün orada yeni obyekt istifadəyə verilmək üçün hazırdır. Baxmayaraq ki, əvvəlki icarədarla bağlı problem hələ də həll olunmayıb.

Sahibkar qəzəblidir: necə olur ki, məhkəmə icraçıları məhkəmə qərarını icra edə bilmirlər? Düzdür, heç kim ona bundan açıq şəkildə imtina etdiyini demir. Lakin məmurların hərəkətləri, daha doğrusu, hərəkətsizliyi təkcə sahibkarın hüquqlarının deyil, həm də məhkəmə qərarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

– Bu yerdə istər-istəməz düşünürsən: belə məhkəmə icraçıları olan Xətai rayonunda təkcə mənim işimdə deyil, ümumiyyətlə, digər qanun pozucularına qarşı da ədalətli qərar olacaqmı? – sahibkar ritorik olaraq soruşur.

Bəli, məhkəmənin qərarı icra olunmalıdır və bunun üçün icraçılara bütün lazımi səlahiyyətlər verilib. Məhkəmə hökmünün sistematik şəkildə pozulması halları aşkar edildikdə, icraçılar təqsirkarlara qarşı cinayət işinin başlanması üçün işi Ədliyyə Nazirliyinin istintaq idarəsinə verməlidirlər. Məlum səbəblərdən Qəribovun istintaqa o qədər də inamı yoxdur. Amma qayda belədir. Yeri gəlmişkən, sahibkar iddia edir ki, artıq üçüncü ildir Xətai rayonunda aparılan istintaq eyni şəxslərlə bağlı olan xeyli qanun pozuntuları ilə bağlı materialların toplanmasına yekun vura bilmir. Ancaq bu, başqa mövzudur.

Qəribov il ərzində Xətai rayon probasiya idarəsinə, Probasiya Baş İdarəsinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında Apellyasiya Şurasına dəfələrlə yazılı müraciət etdiyini təsdiq edən sənədləri yenidən göstərir. Dövlət qurumları qəti şəkildə susur. Düzünü desək, biz də təəccübləndik. Doğrudanmı heç olmasa formal cavab da yoxdur? Məsələn, “aldıq”, “araşdırırıq” və ya buna bənzər hansısa digər cavab… Belə bir şey mümkündürmü?

– Əgər sizin işinizdə təqsirləndirilən şəxslərdən biri yüksək vəzifəli məmurun yaxın qohumudursa, məsələn, “Azərenerji”nin rəhbəri Rzayevin oğludursa, bəli, mümkündür, – acı təcrübə səbəbindən müdrikləşən iş adamı cavab verir. – Təəssüflər olsun ki, belə hallarda aidiyyəti dövlət qurumlarının nümayəndələri çox vaxt şikayətçilərə deməyə söz tapmırlar…

Bu mövzuda ilk məqalə dərc olunandan sonra ticarət mərkəzinin sahiblərinə Anar Qəribovun dediklərinə münasibət bildirmək xahişi ilə müraciət etdik. Bu dəfə isə hüquqşünas-iqtisadçı, tanınmış vəkil Əkrəm Həsənovdan onun sözlərinə münasibət bildirməyi xahiş etdik. O, sahibkarın təqdim etdiyi materiallarla tanış olduqdan sonra dedi:

– Sahibkarın nəql etdiyi hadisə təkcə onun dərdinə şərik olmaq hissi deyil, həm də böyük təəssüf doğurur. Bu, bir daha nümayiş etdirilir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi problemlər var. Dövlət başçısı bütün tribunalardan məmurları, xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarını biznesə mane olmamağa, əksinə, kömək etməyə çağırır. Amma özbaşnalıqlar hələ də davam edir. Bəzi hallarda bu özünü müdaxilələrdə, digər hallarda isə müdaxilə etməməkdə göstərir. Meyar isə çox vaxt qanun deyil, şəxsi maraqlar olur: bəzi hallarda pul, bəzi hallarda qohumluq əlaqələri. Nəticədə, Azərbaycan hələ də cəlbedici investisiya mühiti yaratmaqdan uzaqdır. Biznesə ancaq kağız üzərində dəstək verilir, sahibkarlar da bunu yaxşı bilir. Mülkiyyət hüquqlarının, müqavilələrin müdafiəsi, məhkəmə qərarlarının icrası və son nəticədə sağlam rəqabət yoxdur. Bütün bunlar isə bazar iqtisadiyyatının əsasını təşkil edir. Nəticədə biz təşəbbüskar insanları itirə bilərik. Onlarsız iqtisadi inkişaf mümkün deyil.
Mənbə: Pressklub.az

Şərhlər

XƏBƏR LENTİ