SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir

Dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir

Tarix:

21-04-2022, 13:38

/ 380 dəfə oxundu.
Dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir

Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini bilməlidir.
                                                                                             Heydər Əliyev
 
Hər bir xalqın dili, bayrağı, gerbi, himni onun üçün müqəddəsdir. Doğma azərbaycan dilimiz, əlifbamız yüz illərdən bəri repressiyalara məruz qalıb. Dəfələrlə azərbaycan əlifbası dəyişdirilib. Əlifbamız, dilimizlə birgə tariximiz də təhrif edilib, dəyişdirilib. Lakin öz kökünə bağlı olan Azərbaycan xalqı hər bir çətinliyə sinə gərərək dinini, mədəniyyətini, dilini qoruyub yaşadaraq, inkişaf etdirərək və təkmilləşdirərək mükəmməl dil səviyyəsinə qaldırıb saxlaya bilib.
Azərbaycan dili zəngin, mədəni, ürəyəyatımlı dildir, azərbaycan dili poeziya, musiqi dilidir. Axıcı, gözəl səslənən dildir.
Azərbaycan dilini xalq əsrlərdən bəri qoruyub yaşatsa da, dilimiz müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilsə də bu  statusu uzun sürməyib.
1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra həyata keçirdiyi ardıcıl dil siyasəti milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan 15 respublikanın içtimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyası qəbul olunduqdan sonra SSRİ-nin tərkibinə daxil olan respublikalarda milli dillərin sıxışdılması başlanıldı. Respublikalarda bütün işlər rus dilində icra edilməli idi, bu dil ümumi dövlət dili kimi qəbul olunmalı idi. Belə bir vaxtda milli respublika rəhbərləri ana dili məsələsini gündəmə gətirməyə cürət etməzdi. Lakin Dahi Rəhbər Heydər Əliyev heç kimdən çəkinmədən cəsarətlə bu barədə öz mövqeyini bildirmişdir.
1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan Konstitusiyasının 73-cü maddəsinə dəyişiklik edilmişdir. 1978-ci il 21 aprel tarixində bu təklif xalq tərəfindən yekdilliklə səsvermə yolu ilə olduğu kimi qəbul olunmuşdur – “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu Ümummilli Liderimizin öz xalqına etdiyi ən böyük tarixi xidmətlərdən biri idi ki, o, bu qərarı ilə Azərbaycanın milli rəmzlərindən birini qoruyub saxlamış və eyni zamanda dövlət dili uğrunda durmadan mübarizə aparmışdır.
Dilimizi qorumaq, dövlət dili kimi yaşatmaq üçün Dahi Rəhbər Heydər Əliyev bütün ziyalıları və bütün Azərbaycan xalqını mübarizəyə cəlb etmişdi. Azərbaycanın dilçi alimlərinə yüksək qayğı göstərilirdi. Onların fəal, məhsuldar işləməsi üçün lazımi şərait yaradılırdı.
Azərbaycan dilində nəşr edilən elmi və bədii kitabların nəşri artırılmışdı. Bu, insanların, xüsusən də gənc nəslin və yeniyetmələrin daha çox öz doğma dilində mütaliyə etməsi, öz dilini mükəmməl öyrənməsi və sevməsi üçün idi.
Ümummilli Lider Heydər Əliyev: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir.
Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq börcudur”.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb, 2001-ci il iyun ayının 18-də isə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərimiz ana dilimizə böyük məhəbbətlə 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  Fərman imzalamışdır ki, bu Fərmana əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan dili günü kimi qeyd olunur.
Son vaxtlar dilimizin inkişafı ilə əlaqədar bir çox uğurlar əldə olunub. Xalqımız artıq öz doğma ana dilində danışır. Ədəbiyyatımız Azərbaycan dilində yazılır. Kitablar, elmi əsərlər, mətbuat Azərbaycan dilində nəşr olunur. İdarə və təşkilatlarda işlər öz müqəddəs dilimizdə gedir.
Dünyada ən gözəl dil olan, gözəl səslənən ana dilimiz-azərbaycan dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir. Onu sevməli, qorumalı və nəsildən nəsilə ötürərək daim yaşatmalıyıq. Ümummilli Liderimiz dahi Heydər Əliyevin dediyi kimi: - “Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcək”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Şərhlər

XƏBƏR LENTİ