SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir

Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir

Tarix:

29-05-2021, 10:50

/ 400 dəfə oxundu.
Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-ci ilinin qeyd olunması ilə bağlı dünyanın aparıcı ölkələrinin rəhbərlərinin, nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Cənab Prezidentimizə ünvanlanan təbrik məktublarında dövlətimizin başçısının dünyada getdikcə artan nüfuzu, səmərəli fəaliyyətinə verilən yüksək qiymət, habelə respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı dönə-dönə vurğulanır. Eyni zamanda, dünya ölkələrinin təhlükəsizlik və enerji məsələlərində Azərbaycanla birgə uğurlu səyləri yüksək qiymətləndirilir.
Təbrik məktublarında bütün bunlarla bərabər, bu il Xəzərdəki “Dostluq” yatağının Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji sahəsinə verdiyi töhfələr vurğulanır. Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqları arasında əlaqələrin gücləndirilərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıldığı qeyd edilir. Məktubda daha sonra ABŞ-ın ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələr və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumu qətiyyətlə dəstəklənir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə ilə bağlı fikrinə gəldikdə isə deyə bilərik ki, bu məsələ son dərəcə mühüm önəm daşıyır. Ümumiyyətlə, bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Başqa sözlə, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, ölkəmizin potensialın mənzərəsi daha da aydın görünər.
Dövlət başçımızın yaxın qonşularımızla əməkdaşlığa verdiyi önəm, atdığı addımlar dəfələrlə sübut etmişdir ki, gənc müstəqil Azərbaycan Respublikası müasir dünyanın ən fəal aktorlarından birinə çevrilməklə bərabər, möhtəşəm qonşuluq münasibətləri də formalaşdıra bilmişdir. Fikrimizi əsaslandırmaq üçün Azərbaycan Prezidentinin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə mayın 25-də keçirdiyi görüşü yada salaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə qaçqın-köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra yaranmış vəziyyəti normal adlandıran Tehran rəsmisi vurğulamışdı ki, İran bu işdə yardımçı olmaq arzusundadır: “Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”. Yəni 44 günlük İkinci Qarabağ müharibəsi başlananda artıq regionun bütün dövlətləri Azərbaycanın yanında idilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında söylədiyi kimi, müharibə başa çatsa da, mübarizə hələ də davam edir. Azərbaycanın xarabazara, viranəyə çevrilmiş ərazilərinin bərpası bizim mübarizənin yeni mərhələsidir. Dövlət başçımızın 7 ay müddətində İranın iki diplomatı ilə keçirdiyi 3 görüşün materialları sübut edir ki, rəsmi Tehran bu mübarizənin növbəti mərhələsində də bizim yanımızda olacaq. Bu, təkcə İranın milli, dini, mədəni, tarixi eyniliklərimizdən yaranan vəzifəsilə bərabər həm də ümumbəşəri haqqa və beynəlxalq hüquqa yüksək qiymət verən cənub qonşumuzun mənəvi borcudur.
Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın xarici ölkələrlə birgə səyləri də yüksək qiymətləndirilir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda da COVID-19 pandemiyasına qarşı bu ölkə ilə birgə mübarizədə nəzərə çarpacaq nəticələr əldə olunduğu diqqətə çatdırılır. Yeri gəlmişkən, dünyanı ağuşuna alan bu dəhşətli bəla üzə çıxan ilk vaxtlardan Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bununla əlaqədar Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020- ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Respublikamız öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.
İstər Respublika Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında, istərsə də videoformatda keçirilən konfranslarda, tədbirlərdə səsləndirilən fikirlər əsasında bu ümumiləşdirməni apara bilərik ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu gün böyük qürurla qalib, ən əsası ədaləti bərpa edən dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edir: Dövlətinin, xalqının gələcəyini düşənən Lider üçün əlbəttə, bu, böyük xoşbəxtlikdir. Ölkə Prezidenti gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.
 
 
Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi

Şərhlər

XƏBƏR LENTİ