SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanət idi

1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanət idi

Tarix:

19-03-2021, 13:06

/ 1 092 dəfə oxundu.
1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanət idi

1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə faktiki qiyam baş vermişdir. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdır. Martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərilmişdir. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə almış və qiyam yatırılmışdır.
1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Buna görə də, cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı və xalq xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermirdi. Beləliklə də, 1995-ci ilin mart ayının 17-də ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində dövlət çevrilişinin qarşısını alındı.
13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir və həmin hadisələr silahlı qiyam kimi qiymətləndirilməlidir. Çünki “OMON”a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma “OMON”çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəlmişdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrilir, dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırırdı. Açıq şəkildə müsahibələrində Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını da təkidlə tələb edirdilər.
1995-ci il mart hadisələri zamanı ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısının alınmasının əsas səbəbi idi. 15 mart 1995-ci il tarixində ümummilli lider Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına baxmayaraq minlərlə insan Ulu Öndərin çağırışına səs verdi, meydanlara gəldi, beləliklə də xalq iradəsini, dövlət çevrilişinə olan münasibətini ortaya qoydu. Bu mənada, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbinə çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxartmış, ölkəmizin möhkəm və qüdrətli olduğunu göstərmişdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirmişdi.
Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısının alınması, xalqın bütövlüyünün qorunması ulu öndər Heydər Əliyevin tarixi missiyasına çevrilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya, özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Elə bu gün də məhz həmin xalq birmənalı şəkildə erməni işğalına son qoymuş, ərazi bütövlüyümüzü təmin etmiş müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanır, etimad edir, dövlətçiliyimizə xələl gətirməyə çalışan radikal müxalifətin, “beşinci kolon”un çağırışlarına məhəl qoymur, iddialarını rədd edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ