XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Dövlət müstəqilliyinin qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir

Dövlət müstəqilliyinin qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir

Dövlət müstəqilliyinin qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir
23-03-2021, 14:43

XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, həmçinin xalqımızın həyatında yeni bir irəliləyiş nöqtəsi oldu. Müstəqilliyin ilk illərində yaranmış qarışıqlıq, anarxiya, xaos, vətəndaş müharibəsi Azərbaycan dövlətini təhlükə altına alır, hətta müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoyurdu. Belə bir zamanda yaranmış təhlükələri aradan qaldırmaq, müstəqilliyi qorumaq üçün güclü bir liderə ehtiyac duyulurdu. Beləliklə xalqımızın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və səmərəli fəaliyyəti sayəsində Azərbaycanda dövlətçilik ənənələri bərpa edilib zənginləşdirilmiş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilmiş, ölkəmiz dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləmiş, beynəlxalq nüfuzu sürətlə artmışdır. Dahi şəxsiyyət öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

İlkin Əliyev-Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi

Ölkəmiz uğurla inkişaf edir, günü gündən çiçəklənir, yeni-yeni uğurlara imza atılır

Böyük dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası, Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasıdır. 1995-ci il mart hadisələri zamanı Ulu öndər tərəfindən dövlət çevrilişi cəhdlərinin qarşısının qətiyyətlə alınması Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi, Azərbaycan xalqının sabaha, gələcəyə ümidini daha da artırdı. Azərbaycanın inkişaf yolunu müəyyən edən Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyuldu. Artıq bu gün Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Ölkəmiz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, günü gündən çiçəklənir, yeni-yeni uğurlara imza atılır.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi


Ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət
çevrilişinin qarşısının alınmasının əsas səbəbi idi

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ona qarşı bir sıra xarici və daxili təhdidlər baş verdi. Zaman-zaman ölkədə hakimiyyət çevrilişi etməyə çalışan daxili qüvvələr xaricdəki havadarlarının köməyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa çalışırdılar. Belə cəhdlərdən biri də 1995-ci ilin mart hadisələri idi. Ümummilli lider Heydər Əliyevin xaricdə rəsmi səfərdə olmasından istifadə edən qüvvələr dövlət çevrilişi cəhdinə başladılar. Çevriliş etmək istəyən Xüsusi təyinatlı polis dəstələrinə (OMON) Mahir və Rövşən Cavadov qardaşları rəhbərlik edirdi. 1995-ci il martın 12-dən 13-nə keçən gecə OMON-un Qazax rayonunda yerləşən bölməsi əvvəlcə Qazax rayonunun hakimiyyət orqanlarını, sonra Ağstafa rayonunun hakimiyyət orqanlarını devirmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, respublika hüquq-mühafizə orqanlarının gördüyü operativ tədbirlər nəticəsində hər iki rayonda dövlət orqanlarının normal fəaliyyəti bərpa olundu. Martın 16-da Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Ulu Öndər Heydər Əliyev müdriklik göstərərək yolundan azmışlara, xalqı-milləti əzab-əziyyətlərə, vahiməyə salanlara düz yol, işıqlı gələcək göstərdi, onları bu cür çirkin oyunlardan çəkindirmək istədi. Lakin təəssüf ki, qiyamçılar və onların havadarları tutduqları yoldan geri çəkilmədilər. Nəticədə martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı. Bununla da dövlətçiliyimizə qəsd etmək xülyasına düşənlərin arzuları ürəklərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. 1995-ci ilin mart hadisələri Azərbaycan xalqının, müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətin tarixində yadda qaldı. 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu.

Səbuhi Kərimov – YAP Zərdab rayon təşkilatının sədri



Ümummilli lider Heydər Əliyev vətəndaş qarşıdurmasına
səbəb ola biləcək hadisənin qarşısını aldı

1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Buna görə də, cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı və xalq xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermirdi. Beləliklə də, 1995-ci ilin mart ayının 17-də ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində dövlət çevrilişinin qarşısını alındı. Elə bu gün də məhz həmin xalq birmənalı şəkildə erməni işğalına son qoymuş, ərazi bütövlüyümüzü təmin etmiş müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanır, etimad edir, dövlətçiliyimizə xələl gətirməyə çalışan radikal müxalifətin, “beşinci kolon”un çağırışlarına məhəl qoymur, iddialarını rədd edir.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü


Azərbaycan dövlətçiliyinə və müstəqilliyimizə qarşı yönəlmiş dövlət çevrilişi

1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Ulu Öndər Heydər Əliyevin dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da, ölkəmizə diqqət və maraq güclənmişdir. Azərbaycanın siyasi-iqtisadi əlaqələri genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal


1995-ci ilin mart hadisələri hər kəsin yaddaşına
qara ləkə kimi iz salan hadisələrdəndir

Özündə vətəndaşlıq məsuliyyəti hiss edən, özünü azərbaycanlı sayan hər kəsə məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanılması, inkişaf etməsi bir sıra çətin yollar, arzuedilməz hadisələr hesabına başa gəlib. Müstəqilliyimizə və dövlətçiliyimizə qarşı törədilmiş 1995-ci ilin mart hadisələri hər kəsin yaddaşına qara ləkə kimi iz salan hadisələrdəndir. Azərbaycan xalqı o hadisələri elə ilk andaca dəstəkləmədi. Vətəni, torpağı sevən, onun müstəqilliyini əziz tutan insanlar çevriliş qəhrəmanlarına nifrətlə baxdılar. Sağlam düşüncəli, xalqa və millətə, vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər. Nəticədə respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin, bu şərəfsiz, qanlı-qadalı yola uyanların xain arzuları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. O arzuolunmaz hadisələr Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki O hadisələr qara qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə edilən xəyanət qəsdidir. O qanlı hadisələrdən neçə-neçə illər keçib, lakin yaddan çıxmır, unudulmur və unudulmayacaqdır.

Elyurə Məmmədova – Rayon mədəniyyət mərkəzinin direktoru


1995-ci il demokratik-hüquqi dövlət quruculuğu

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra dövlət idarəçiliyi sahəsində bilik və bacarığı olmayan savadsız insanların hakimiyyət başına gəlməsi daxili və xarici məsələlərin həllində xalqımız üçün ağır nəticələr verən hadisələrə səbəb oldu. Belə ki, hakimiyyətdə olan şəxslərin zəifliyi nəticəsində ölkə daxilində özlərini siyasi qüvvə hesab edən başı pozuq silahlı dəstə başçıları əl-qolunu açmış və hakimiyyəti silah gücünə ələ keçirməyə çalışırdılar.
1992-ci ildən başlanan bu hadisələrə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi ilə son verildi. Lakin hələ də xarici havadarlarına arxalanaraq dövlətçiliyimizə qənim kəsilən qüvvələr öz xain əməllərindən əl çəkmir və 1995-ci ilin mart ayında belə dəstə başçısı olan Rövşən Cavadov mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Bu xain, satqın dəstə başçısı və havadarları bir məsələni unutmuşdular ki, artıq Ulu Öndərimizin rəhbərliyi ilə xalq-dövlət birliyi yaranmışdı. Belə də oldu, gücünü xalqdan alan Ulu Öndərimizin tapşırıqlarına əsasən qısa müddətdə qiyamçı qüvvələr təslim edilərək qiyam yatırıldı. Beləliklə xalq-iqtidar birliyinin nəticəsində demokratik-hüquqi dövlət quruculuğu yolunda olan maneələr aradan qaldırılmış oldu və xalqımız daha işıqlı, firavan gələcəyə qədəm qoydu.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal


Ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi
dövlət çevrilişinin qarşısını almağının səbəbidir

Bu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən əsas amillərdəndir. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, dövlətçiliymizin azadlığı və müstəqilliyimizin qorunub saxlanılması bir sıra çətin yollar hesabına başa gəlmişdir. Tarixi xatırlayarkən görürük ki, həqiqətən də müstəqilliyimizin yolları heçdə hamar olmayıb, dövlətçiliymizin formalaşması rahat şəkildə qurulmayıb. 1995-ci ilin mart ayında Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilib. O zaman baş verən hadisələr hər bir Azərbaycan vətəndaşında ciddi narahatçılıq yaratdı. Azərbaycanın müstəqilliyinin böyük gələcəyi olduğundan qorxuya düşən və ölkəmizə qarşı pis niyyətdə olan bəzi xarici və daxili qüvvələr respublikamızda çaxnaşma yaratmaq və dövləti öz təsir dairələrində saxlamaq istəyirdilər.
Bütün bunlarla əlaqədar olaraq Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə, müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdır. O, bildirmişdir: “ Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz”.
Nə yaxşı ki, Ulu Öndər bu cəhdlərin qarşısını vaxtında öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə almağa müvəffəq oldu. Xalqın yekdil arzu və tələbi ilə Azərbaycanın müdirik oğlu, böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı düşdüyü bəlalardan xilas etdi. Heydər Əliyev və xalq birliyi nəticəsində mart hadisələrinin, dövlət çevrilişinin qarşısı alındı.

Şəhla Eminova – 1 saylı məktəb-liseyin direktor müavini

1995-ci ilin mart hadisələri Azərbaycan Dövlətçiliyinə qarşı xəyanətkarlıqdır

Müstəqil dövlətimizin məhv olma həddinə çatdığı bir vaxtda tale Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərə üstünlük verilməsi və beynəlxalq aləmə inteqrasiya olunduğumuz bir vaxtda həmin xəyanətkarların dövlətçiliyimizə qəsdi xalqın hiddətinə səbəb olmuşdu. 1995-ci ilin mart hadisələrindən 26 il ötür. Lakin həmin hadisələri törədənlərin cinayətkar əməlləri hələ də unudulmayıb. O dövrdə hakimiyyət hərisi olan bir qrup xəyanətkar insan öz ətrafına topladığı qeyri-anuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Özü də xalqımız müqəddəs Novruz bayramına hazırlaşdığı bir vaxtda. Ulu öndər Heydər Əliyev müdrikliklə çevriliş cəhdinin qarşısını aldı və 1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Hüseyn Həsənov – Zərdab şəhər sakini, ağsaqqal


1995-ci ilin hadisələri silahlı qiyam kimi qiymətləndirilməlidir

1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ulu öndərimizə dövlət quruculuğunda, iqtisadi, sosial, siyasi və mədəni həyatda genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Bu, Azərbaycan üçün faciəli mənzərə idi. Onların hakimiyyət hərisliyi nəticəsində qardaş qanı töküldü. Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti müstəqilliyimizə qarşı olan qəsdin qarşısını aldı. Ulu öndər Heydər Əliyev düşmənlərimiz tərəfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Veysəl Sadıqov – Şəftəhal kənd sakini, ağsaqqal


Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyasıdır

XX əsrin sonlarında Azərbaycan xalqı öz tarixində ikinci dəfə müstəqillik qazanmaq kimi şanlı bir səhifə açdı. Tarixi məhrumiyyətlərə baxmayaraq əsarət zəncirlərini qırdı, öz azadlıq savaşını öz şərəfi ilə qazandı.
Müstəqilliyinin ilk illərində Azərbaycan xalqı çox əzab-əziyyətlərlə qarşılaşmış, torpaqları işğal altına düşmüş, səriştəsiz, bacarıqsız rəhbərlər tərəfindən hakimiyyət zəifləmiş, ərazi bütövlüyünün təmin olunmasında çoxlu qurbanlar vermişdir.
Dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan xalqı zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu olan Heydər Əliyevi özünə rəhbərliyə çağırdı. Xalqın təkidi ilə hakimiyyətə gələn Ulu öndər qısa zaman kəsimində gərgin vəziyyəti normallaşdırmış, qardaş qırğınının, Azərbaycanın dövlətçiliyinin parçalanmasının qarşısını almış, demokratik hüquqi dövlət quruculuğu prosesini gücləndirmişdir. İqtisadi, sosial və mədəni sahələri inkişaf etdirərək möhkəmləndirmişdir. Cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açılmışdır.
Bütün bu uğurlardan təşvişə düşən, Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin genişlənməsini, mövqelərinin möhkəmlənməsini gözü götürməyən antimilli qüvvələr ölkədə siyasi sabitliyi pozmağa çalışan xarici havadarlarının dəstəyi ilə hərəkətə keçdilər.
1995-ci il mart ayının 13-də ölkədə silahlı insident baş verdi. Rövşən Cavadov qeyri-qanuni yolla dövlət çevrilişinə, hakimiyyəti ələ keçirməyə can atdı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio vasitəsilə xalqa müraciət etmiş, qeyri-qanuni silahlı dəstəni qanunsuz əməllərdən əl çəkməyə çağırmış, silahlı qarşıdurma yaratmaqdan çəkinməyi tövsiyə etmişdir.
Lakin, çoxsaylı müraciətlərə baxmayaraq qiyamçılar öz çirkin məqsədlərindən əl çəkməmişlər. Nə qədər acı olsa da, silahlı toqquşma baş vermiş, qan tökülmüşdür. Ancaq, “Heydər- Xalq” birliyi bu mənfur qəsdin qarşısını aldı, Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi.
Artıq, bu gün Azərbaycan qüdrətli dövlətdir. Müstəqil dövlət kimi inkişaf edib, əlaqələrini genişləndirib, mövqelərini möhkəmləndirərək Cənubi Qafqaz regionunun lider dövlətinə və güc mərkəzinə çevrilib.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib

Düşünürəm ki, aşağıda qeyd edəcəklərim, Ulu öndər Heydər Əliyevin tarixi missiyasının Azərbaycanın bütövlüyünün qorunması olduğunu bir daha sübut edəcəkdir.
Fransanın “Kuryer İnternasional” jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler ulu öndər Heydər Əliyevə həsr etdiyi məqaləsində yazırdı: “Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır”.
Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Belə ki, Prezidentimiz İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi ulu öndərin siyasi varisi, layiqli davamçısı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.
Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır.

Vəfa Xəlilli-Gəncliyə Dəstək İctimai Birliyinin sədri

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.