XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə kömək olacaq

YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə kömək olacaq

YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə kömək olacaq
10-03-2021, 11:33

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı çox əlamətdar bir dövrə təsadüf etdi. Ölkəmizin həyatında keyfiyyətcə yeni bir mərhələ yaşanmaqdadır. 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirib. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın, həm də dövlətin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır. Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın sıraları getdikcə genişlənir. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Son illərdə ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".
Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. YAP gələcəyə aydın proqramla, güclü siyasi rəhbəri, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək irəliləyir.
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı böyük önəmə sahibdir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası ciddi irəliləyişlər əldə edib. Ona görə də partiyanın idarə olunması və partiyada fəaliyyətin tənzimlənməsi üçün yeni, çevik mexanizmin yaradılması vacib idi. Bütün bu məsələlər partiyanın Qurultayda təsdiq edilmiş yeni Nizamnaməsində öz əksini tapıb. Eyni zamanda qurultayda seçilən yeni İdarə Heyətinin əksəriyyəti gənclərdir. Bu, partiyada gənclərə göstərilən etimadın nəticəsidir. Həmçinin 6 siyasi partiyanın YAP-a qoşulması da bu mənada, əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palitrasında hakim partiyaya olan inam və etimada dəlalət edir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycan güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, YAP-ın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil siyasətçilərin rəhbərliyə gətirilməsi gələcəkdə partiyanın daxilində yeni mühit formalaşdıracaqdır.
Qurultayda Birinci vitse-prezident Mehriban Əliyevanın partiyamızın sədr müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İndiyə qədər qazandığımız bütün zəfər və nailiyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın YAP sədrinin müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha səmərəli və çevik şəkildə cavab verməsinə zəmin yaradacaqdır.
VII Qurultayda Veteranlar Şurası yaradıldı, bununla da partiyanın qurucuları ilə yeni nəsil arasında rabitə itirilmədi, köhnə və yeni nəsil siyasətçilər arasında balans qorundu. Struktur dəyişikliyi edilərək YAP-ın Mərkəzi Aparatının formalaşdırılması yeni hədəflər uğrunda çevik qərarların qəbulu və innovativ həll mexanizmlərinin tətbiqinə şərait yaradacaq. Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcəkdir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.