SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistana qarşı yeni cəbhə: Bakı uzağı yazadək... - GƏLİŞMƏ

Ermənistana qarşı yeni cəbhə: Bakı uzağı yazadək... - GƏLİŞMƏ

Tarix:

4-02-2021, 09:36

/ 709 dəfə oxundu.
Ermənistana qarşı yeni cəbhə: Bakı uzağı yazadək... - GƏLİŞMƏ

Ağdamda Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətə başlaması ərazi bütövlüyümüzlə bağlı yerdə qalan xırda-para problemləri də birdəfəlik qapatmaqdan ötrü Azərbaycanın əlini gücləndirəcək. Çünki meydanda artıq rəsmən özünün silahlı qüvvəsi ilə qardaş Türkiyə var və daha Rusiya Qarabağda nə istəyir, onu edə bilməz, o ki ola darmadağın edilmiş işğalçı ordunun qalıqları və terror qrupları.

“Ən diqqətçəkən məqam ondan ibarətdir ki, mərkəzin qurulması ilə Qarabağın ermənilər yaşayan hissəsinə nəzarət xeyli güclənəcək. Artıq Türkiyənin iştirakı ilə Rusiya ilə danışıqlar aparılır ki, erməni ordusunun tör-töküntüsünun də Qarabağ ərazisindən çıxarılması üçün vaxt müəyyənləşdirilsin. Bu vaxt bitdikdən sonra onların qalması müşahidə olunarsa, onlara qarşı lokal xarakterli antiterror əməliyyatı həyata keçirilsin”.

“Yeni Müsavat” xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Teleqraf.com-a deyib. Onun sözlərinə görə, üstəlik, artıq Qarabağ bölgəsinə Laçın ərazisindən gediş-gəlişə son qoymaq istiqamətində də danışıqlar gedir. “Yəni Qarabağa girmək istəyənlər - oranın sakinləri olan mülki əhali və digər şəxslər daha Ermənistandan birbaşa Laçına gəlməyəcəklər. Onların böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarəti altındakı Gorus-Zəngilan yolu ilə gəlməklə və o ərazidə yoxlanışdan keçdikdən sonra Dağlıq Qarabağ ərazisinə daxil ola biləcəklər. Bu prosesə nəzarəti Türkiyə ilə Azərbaycan birlikdə həyata keçirəcək”, - deyə politoloq qeyd edib.

Q.Hüseynli Ermənistandan çağırışçıların Dağlıq Qarabağ ərazisinə göndərilməsinə son qoyulduğunu da bildirib: “Bu da Rusiya ilə danışıqların predmetidir və tərəflər bu məsələdə də razılığa gəlmək üzrədirlər. Ermənistanda valideynlərin özləri də övladlarının Dağlıq Qarabağa aparılmasına qətiyyətlə ”yox" deyirlər".

*****

Separatçı ünsürləri, radikal-daşnak qüvvələrini ən çox narahat edən əslində elə budur - onların Azərbaycan ərazisində sərbəst şəkildə at oynatdıqları ənənəvi meydan həmişəlik bağlanmaq üzrədir. Bunun ardınca Qarabağda qalmış azsaylı mülki erməni əhalinin ya Azərbaycan qanunlarını qəbul eləmək, ya da sivil şəkildə çıxıb getməkdən savayı yolu qalmayacaq.

Ancaq deyilən hədəfə hələ var. Proseslər buna doğru təzəcə yön alıb və yavaş-yavaş daha böyük aktuallıq qazanmaqdadır. Rəsmi Bakı Azərbaycan xalqını post-müharibə dönəmində ən çox narahat edən bu problemi sözsüz ki, qardaş Türkiyə və Rusiya ilə birgə diplomatik-siyasi vasitələrlə maksimum qısa zamanda, yəqin ki, uzağı yaza kimi bitirməkdə israrlıdır.

Lakin bundan ötrü vacibdir ki, biz informasiya savaşında da Ermənistanın, özəlliklə erməni lobbisinin hər hansı uğur qazanmasına imkan verməyək. Kapitulyasiyanı qarşı tərəfə bu dəfə təbliğat meydanında dadızdırmağı bacarmalıyıq. Söhbət xüsusən də ABŞ-dakı erməni diasporu və onun Konqresdəki dayaqlarından gedir. O lobbi ki, 44 günlük müharibədən sonra ərazilərimizin tezliklə qanunsuz silahlı birləşmələrdən tamamilə təmizlənəcəyinin fərqindədir və bu səbəbdən tələsir.

“Türkiyənin rəsmi olaraq işğaldan azad edilən ərazilərdə olması yalnız bölgəyə yox, dünya ictimaiyyətinə də mühüm mesajdır. Azərbaycan öz torpaqlarının əsl sahibidir. Buna baxmayaraq, problemin həlli illərdir ertələnirdi. Türkiyənin artıq bölgədə olması tərəflər arasındakı balansı tarazlaşdıracaq”.

Bunu ehtiyatda olan general Özgür Tör deyib (Mili.az). Türkiyə generalı informasiya savaşının müharibə qədər önəmli olduğunu xatırladıb: “Xankəndində, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Problemin tam həlli üçün yaxın keçmişdə olduğu kimi, Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı bir məsələdir. İnformasiya müharibəsi hərbi savaş qədər önəmlidir”.

*****

Təsadüfi deyil ki, bu arada ABŞ-dakı erməni lobbisi Konqresdəki ənənəvi adamları vasitəsilə Co Bayden hökumətinə təzyiqi artırmaq üçün yenidən hərəkətə keçib. Belə ki, “Yeni Müsavat”ın xarici qaynağa istinadən verdiyi məlumata görə, iki gün qabaq qatı ermənipərəst konqresmenlər - Jek Speyer və Adam Şiff prezident Baydenə ünvanladıqları növbəti müraciətlərində Vaşinqtonu “Azərbaycan və Türkiyənin ”artsax"a təcavüzünə qarşı susqunluğuna son qoymağa və Azərbaycana hərbi yardımı dayandırmağa", aprelin 24-də saxta soyqırımı tanımağa səsləyiblər. Müraciət müəllifləri növbəti dəfə və həyasızcasına Bakı və Ankaranı “muzdlullardan da istifadə olunmaqla” erməni əhaliyə qarşı “etnik təmizləmə”də suçlayıblar.

“Təəssüf ki, bu dağıdıcı nəticələr ortaya çıxdıqca ABŞ döyüşləri dayandırmaq üçün yalnız yarımçıq və təsirsiz səylər göstərdi və liderlik rolunu başqalarına verdi. İndi Bayden administrasiyası bu fəlakətli nəticəni düzəltməli olacaq. Bayden ABŞ-ı bütün dünyada demokratiya və insan haqlarına nəzarət edəcək bir güc kimi yenidən quracağına açıq mesaj verib. Bu münaqişə və onun nəticələri məhz belə bir fürsəti yaradır. Demokratik Ermənistan və ”artsax" Azərbaycan və Türkiyədəki avtokratik rejimlərlə qarşı-qarşıyadır", - deyə erməni ağzı ilə danışan konqresmenlərin təxribatçı müraciətində iddia olunur.

Konqresmenlər ardınca prosesi Minsk Qrupu çərçivəsinə qaytarmağın vacibliyini qeyd ediblər: “ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu 1992-ci ildə Dağlıq Qarabağın statusunun diplomatik tənzimlənməsi üçün bir forum olaraq yaradılmışdı. Minsk Qrupu prosesini gücləndirməli və davam etdirməliyik. Azərbaycan və Türkiyənin regional təcavüzünə qarşı səssizliyimizə son qoymalı və axır iki ildə 100 milyon dollardan çox Amerika yardımı almış Azərbaycana hərbi yardımı dayandırmalıyıq”.

*****

Yada salaq ki, az öncə Ermənistanın Hollandiyadakı səfiri yerli mediaya verdiyi müsahibədə Rusiyaya tətbiq edilən “Navalnı sanksiyaları”nın bənzərini Azərbaycana qarşı tətbiq olunmasına çağırış etmişdi.

Rusiyalı tanınmış analitik İqor Korotçenko isə sadalanan faktlardan çıxış edərək, döyüş meydanında uduzmasına, işğalçı ordusunun darmadağın olmasına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı informasiya savaşını davam etdirməsinə diqqət yönəldir: “Erməni təbliğatı bütövlükdə dəyişməyib, hücuma davam edir. Buradan çıxan nəticələr çox sadədir: bunlar qisas almaq və ikinci Qarabağ müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsinin tərəfdarıdırlar”.

Ekspert Ermənistanın öz revanşist planlarına ABŞ və Avropada dəstək axtarmağa cəhd etdiyi qənaətindədir: “Bu cür sanksiya çağırışları sadəcə gülüncdür və Cənubi Qafqazdakı siyasi proseslərə ciddi təsir göstərməyəcək. Amma buna baxmayaraq, erməni təbliğatının ordudan fərqli olaraq təslim olmadığını başa düşməliyik”.

Lakin onun sözlərinə görə, İrəvan Qərbin köməyi ilə qisas məsələsini qaldırmağa çalışmaq əvəzinə, dinc şəraitdə öz həyatını normallaşdırmağa başlamalıdır. “Ermənistan fəlakətli maliyyə-iqtisadi vəziyyətdədir. Bütün sahələr məhv edilir, dövlət borcu böyükdür. Belə şəraitdə yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq, Rusiya ilə müttəfiq münasibətləri, regional iqtisadi və nəqliyyat layihələrində iştirakdır. Başqa çıxış yolu qalmayıb”, - deyə o əlavə edib.

*****

Beləliklə, Qarabağda post-müharibə vəziyyəti çox mühüm bir dönəmə daxil olmaqda, Azərbaycan isə Ermənistana qarşı yeni, daha bir cəbhə açmaq zorundadır - bu dəfə informasiya alanında. Lobbinin canfəşanlığına rəğmən, qanunsuz silahlı dəstələrin məsələsi status məsələsi kimi tezliklə tarixin zibilliyinə göndərilməlidir...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ