SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Gözlənilən gün gəldi: Türk əsgəri Qarabağda - GƏLİŞMƏ

Gözlənilən gün gəldi: Türk əsgəri Qarabağda - GƏLİŞMƏ

Tarix:

30-01-2021, 11:55

/ 619 dəfə oxundu.
Gözlənilən gün gəldi: Türk əsgəri Qarabağda - GƏLİŞMƏ

Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün - yanvarın 30-da fəaliyyətə başlayacağı gözlənilir. Artıq Rusiya sülhməramlıları atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikası ərazisinə gəlməyə hazırlaşırlar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırlıq çərçivəsində hərbçilər Birgə Monitorinq Mərkəzinin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, Mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər", - deyə Nazirliyin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqini aparacaq, eyni zamanda atəşkəsə PUA-lar vasitəsilə nəzarət yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması razılaşdırılıb.

Ekspertlər hesab edirlər ki, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması sülhün və sabitliyin bərpasına təsir göstərə bilər. Xüsusilə də, sözügedən Mərkəzdə Türkiyə hərbçilərinin yer almasının Azərbaycan üçün vacib əhəmiyyət daşıdığı söylənilir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, Türkiyə hərbçilərinin Qarabağda olması bölgədəki hazırkı vəziyyətə öz təsirini göstərəcək: “Monitorinq Mərkəzi, ələxüsus da, Türkiyə hərbçilərinin atəşkəsə nəzarət edən qurumda təmsilçiliyi bizə müəyyən zəmanətlər verir. Türk hərbçiləri Qarabağda indiyədək pozulmuş balans sistemini bərpa edəcək. Bunun nəticəsində, tədricən də olsa, sabitlik yaranacaq və ermənilərin özbaşınalıqlarına son qoyulacaq. Onlar artıq hər ağılları kəsəndə terrorçuluq əməlləri törədə bilməyəcəklər”.

“Əlbəttə, biz düşməni tanıyırıq, onların xislətini bilirik. Bu baxımdan, insidentlərin olacağı, müəyyən təxribatların baş verəcəyi istisna deyil. Amma Monitorinq Mərkəzi bu əməllərin qarşısının alınmasına təsir göstərəcək. Eyni zamanda, Qarabağda qalan erməni hərbi birləşmələrinin çıxarılması prosesi də zamanla həyata keçiriləcək”, - həmsöhbətimiz bildirib.

“Məlumdur ki, Qarabağdakı Rusiya sülhməramlıları bu ad altında gizli və ya açıq formada ermənipərəstlik edirlər. Faktiki olaraq Rusiya hərbçilərinin dəstəyi separatçı ermənilərdə revanş istəklərini artırır. Amma indi Türkiyə hərbçiləri Qarabağda olacaqlar və ermənilər mənfur niyyətlərində qalsalar da, addımlarına diqqət edəcəklər. İstər-istəməz özlərinə yığışacaqlar. Türk hərbçilərinin bölgədə olması ermənilər üçün həm də çəkindirici xarakter daşıyır”, - Hüseynli əlavə edib.

Politoloqun fikrincə, Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin olması, eyni zamanda, Rusiya sülhməramlılarının da fəaliyyətinə təsir göstərəcək: “Onlar da ermənipərəst mövqe nümayiş etdirmək istəyəndə düşünəcəklər: Türkiyə buna necə reaksiya verəcək? Düşünürəm ki, Mərkəzin fəaliyyətə başlaması ilə yavaş-yavaş sülhün yaranmasının şahidi olacağıq”.
Türkiyənin ehtiyyatda olan generalı Yücel Karauz da AYNA-ya bildirib ki, Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması yeni mərhələnin startıdır: “Monitorinq Mərkəzi 7 gün 24 saat ərzində sülhün və sabitliyin bərpa olunmasını təmin etməlidir. Hesab edirəm ki, ermənilərin terror fəaliyyətinə cəhdlərinin qarşısının alınmasında Mərkəzin çox önəmli rolu olacaq”.

“Monitorinq kifayət qədər yeni avadanlıqlarla, müasir sistemlərlə həyata keçiriləcək, texnoloji üstünlüklərə malik qurğularla müşahidə aparılacaq. Həm havadan, həm də qurudan müşahidələr aparılacaq və orada sabitliyə kimin problem yaratdığı bilinəcək”, - general vurğulayıb.

Karauz əlavə edib ki, monitorinqi Rusiya və Türkiyə hərbçilərinin birgə aparması çox önəmlidir: “Bundan sonra Qarabağ bölgəsində xırda insidentlər ola bilər, bunu istisna etmirəm. Ümumilikdə isə bölgədə sülhün və sabitliyin təmin olunmasına Monitorinq Mərkəzi öz töhfəsini verə biləcək. Tam qiyməti isə Mərkəz fəaliyyətə başlayandan bir müddət sonra vermək daha doğru olardı”.

Şərhlər

XƏBƏR LENTİ