SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Üçtərəfli danışıqlarda yeni mərhələ: - Moskvada baş nazir müavinləri bir araya gəlir

Üçtərəfli danışıqlarda yeni mərhələ: - Moskvada baş nazir müavinləri bir araya gəlir

Tarix:

30-01-2021, 11:51

/ 784 dəfə oxundu.
Üçtərəfli danışıqlarda yeni mərhələ: - Moskvada baş nazir müavinləri bir araya gəlir

Bu gün - yanvarın 30-da Moskvada 11 yanvar üçtərəfli bəyanatına uyğun olaraq Azərbaycan, Rusiya və Ermənistan hökumət başçıları müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk, Mher Qriqoryan səviyyəsində işçi qrupun ilk iclası keçiriləcək. İlk iclası olduğu üçün proses maraqla izlənir və başlanan prosesin necə nəticələnəcəyi sualı aktuallaşır. Nəhayət, “buz” yerindən tərpənəcəkmi? Sülh prosesi geridönməz xarakter ala biləcəkmi? Başqa sözlə, Ermənistanı postmüharibə dönəminin inteqrasiya proseslərinə cəlb edib, müharibə isterikasından uzaqlaşdırmaq mümkün olacaqmı?

İqtisadiyyatı da çökən Ermənistanın əslində xilas yolu budur. Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, işçi qrupun ilk iclasında 10 noyabr 2020-ci ildə üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Bəyanatın 9-cu bəndinə uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlərin reallaşdırılması ətrafında müzakirələr aparılacaq: “İlk iclasda məlum Bəyanatın müvafiq bəndi ilə nəzərdə tutulan bütün məsələlərin öz həllini tapacağı real görünmür. Lakin bu görüşü prossesin başlanğıcı kimi dəyərləndirmək lazımdır. Azərbaycanın nümayəndə heyəti bu görüşdə özünü qalib tərəf kimi aparmalı və bunu hər addımda Rusiya və Ermənistan tərəfə göstərməlidir.

Əslində belə davranışın bir səbəbi də budur ki, bölgədə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistana və Rusiyaya Azərbaycandan daha çox lazımdır. Bu komunikasiyaların açılması Ermənistan üçün düşdükləri uçurumdan çıxmağın xilas yoludur. Ermənistanda bunu heç də hamı olduğu kimi dəyərləndirmək istəməsə də bu bir həqiqətdir. Əslində Ermənistanın başqa çıxış yolu da yoxdur. Nə qədər ki, bu ölkə Rusiyanın caynağından xilas ola bilməyib, onun dediyi ilə oturub-durmağa məhkumdur. Ermənistanda siyasi elita başa düşməlidir ki, onların bir millət və bir dövlət kimi nicatı Azərbaycan və Türkiyə ilə normal əlaqələrin bərpasından keçəcək. Əks halda tarix boyu necə ki, Rusiyanın əlində bir alət olublar və belə də qalacaqlar. Hər hansı bir alət isə zaman keçdikcə köhnəlir və sonda tullanır”.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirdi ki, bu, işçi qrupunun keçirəcəyi ilk görüş olacaq və ona görə də illüziyalara qapanmaq lazım deyil: “Böyük sülh sazişinin bağlanması uzun zaman alacaq. İşçi qrupunun ilk görüşünün əsas mövzusu komunikasiyaların açılması məsələsidir. Hər bir ölkənin təbii ki, öz maraqları var. Amma Azərbaycanın maraqları daha açıq şəkildə görünür. Söhbət Türkiyədən başlayaraq Naxçıvan üzərindən keçən və birbaşa Azərbaycanın digər hissəsinə daxil olan komunikasiya xətlərindən gedir ki, bu, xətt orta Asiya respublikalarına qədər uzana bilər və böyük yeni bir ticarət qurşağının yaranmasına səbəb ola bilər. Rusiyanın isə öz maraqları var. Ona görə bu məsələnin tez həll olunmasını istəyr. Çünki 2008-ci ildən sonra Gürcüstanla münasibətlərin tamamilə pozulması Rusiyanın Ermənistana quru yolunu təhlükəyə atmışdı. Bu gün də yol məsələsində həm təbii problemlər var, həm də Gürcüstanla Rusiya arasında gərginliyin olması zaman-zaman dəmir yolu və avtomobil yolu ilə Gürcüstan üzərindən keçməklə Ermənistana Rusiyanın gediş-gəlişinə, daşımalarına mane olurdu. Təbii maneələr isə qış mövsümündə olur. Yuxarı Lars yolu yanvar-fevral aylarında demək olar ki, işləmir. Azərbaycan üzərindən keçməklə Rusiya həm dəmiryolu, hə avtomobil yolu ilə Ermənistana alternativ yol əldə etmək istəyir. Ermənistanın da əslində bu məsələdə marağı olmalıdır. Çünki iqtisadi cəhətdən çox zəif durumdadır, dünyaya çıxmaq üçün, Avropaya çıxmaq üçün Azərbaycan və Türkiyə üzərindən yeni yol əldə edə bilər. Ona görə də yeni kommunikasiya xətlərini açılması Ermənistanın marağında olmalıdır”.

N.Cəfərli vurğuladı ki, Ermənistan bu marağı ənənəvi zərərli işğalçılıq siyasətinə qurban verməməlidir: “Hərbi məğlubiyyətə uğramış ölkə məncə, başlanan danışıqlardan hərbi məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. Ermənistan bu danışıqlara müəyyən üstünlük qazana biləcək vasitə kimi baxır. Ona görə də Ermənistanın davranışının necə olacağını izləmək lazımdır. Yalnız bundan sonra başlanan prosesin nələrə gətirib çıxara biləcəyi barədə dəqiq fikir söyləmək mümkündür. Ermənistanın davranışlarından çox şey asılı olacaq. Ermənistanın müharibə, işğalçılıq sindromundan yaxa qurtarması ilk növbədə onun özünə lazımdır. Baxaq görək, onlar bunu dərk edib konstruktiv yol tuta biləcəklərmi”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşayır, başlarını itiriblər, ona görə regional əməkdaşlıqdan danışmağa halları yoxdur: “Halları olmasa da, 11 yanvarda Moskvada əldə edilən razılaşmaya görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalıdırlar. Çünki martın 1-ə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. İrəvan məsələni uzaqbaşı bir-iki ay gecikdirə bilər, sonra Moskva qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır. 6 ölkədən 5-i regional əməkdaşlığa başlanmasını gözləyir”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ