XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezidentin sülhməramlılara və İrəvana şok xəbərdarlığı - TƏHLİL

Prezidentin sülhməramlılara və İrəvana şok xəbərdarlığı - TƏHLİL

Prezidentin sülhməramlılara və İrəvana şok xəbərdarlığı - TƏHLİL
8-01-2021, 10:01

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın dövlət sərhədini pozaraq, Xankəndiyə gəlməsinə Azərbaycanın Xarici İşlər Nazirliyi etirazını bildirdi. Amma düşünürəm ki, bu, Ermənistan tərəfinin özbaşınalığına heç də adekvat reaksiya deyildi.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Politoloq qeyd edib ki, beynəlxalq hüquqa və Azərbaycan dövlətinin suverenliyinə məhəl qoymadığını göstərməyə çalışan Ermənistana ən tutarlı cavabı yenə də Prezident İlham Əliyev verdi:

“Prezident İlham Əliyev ilk növbədə Ermənistan XİN rəhbərinin dırnağarası səfərinə toxunaraq, Ermənistanın ünvanına olduqca sərt xəbərdarlıq göndərdi və bunun ağır nəticələri olacağını birbaşa elan etdi. Xatırlayırsınızsa, Prezident İlham Əliyev Ermənistanın provokasion addımlarına qarşı hər dəfə sərt mövqe nümayiş etdirir və bunun bədəli olacağını deyirdi. İkinci Qarabağ savaşı bunun nəticəsi idi və Prezident İlham Əliyev də məhz bu xatırlatmanı edərək, yeni provokasiyaların yeni ağır nəticələri olacağına işarə etdi. Artıq Ermənistan rəhbərliyi İlham Əliyevin “Dəmir Yumruğ”una bələddir və sözü havayı demədiyini, sözü ilə əməlinin nə qədər bir olduğunu çox gözəl anlayır.

İkincisi, İlham Əliyev yalnız Ara Ayvazyanın səfərinə deyil, ümumilikdə bütün qanunsuz səfərlərə toxundu və bu qanunsuzluqların dayandırılmasını tələb etdi.

Üçüncüsü, Azərbaycan XİN-in loyal mövqeyindən fərqli olaraq, Prezident İlham Əliyev birbaşa Rusiya sülhməramlılarının bu məsələdə tutduğu mövqeyə də münasibətini bildirdi. 10 noyabr Bəyanatında əksini tapmasa da, Qarabağa köçürülüb gətirilən ermənilərə rus sülhməramlıları tərəfindən edilən əhəmiyyətli sosial-humanitar dəstəyi xatırladaraq, bunun sülhməramlı missiyaya qətiyyən uyğun olmadığını, Bəyanatda bu barədə hər hansı bənd nəzərdə tutulmadığını dedi. Qeyd etdi ki, bu, yalnız Azərbaycanın humanistliyi nəticəsində mümkün olur və Rusiya sülhməramlılarının bu cür missiyasından kənar fəaliyyətinə də Azərbaycan razılıq verib. Dərhal bunun ardınca isə Azərbaycanın ərazisi olan Qarabağa, Xankəndiyə qanunsuz səfərlərə rus sülhməramlılarının şərait yaratmasına etirazını bildirərək, mesaj göndərdi: 10 noyabr Bəyanatından kənar heç kim heç nə edə bilməz! Bu, ciddi bir xatırlatmadır və Rusiya sülhməramlıları bu xəbərdarlıqdan nəticə çıxarmazlarsa, bunun ciddi nəticələri ola bilər”.

Politoloq eyni zamanda Prezident İlham Əliyevin prosesə kompleks yanaşdığını, bir küll halında götürdüyünü, heç bir detalı kənarda qoymadığını xüsusi vurğulayıb:

“İlham Əliyev 10 noyabrdan sonra Qarabağda qalan silahlı ermənilərin artıq əsgər deyil, məhz terrorçu olduğunu rəsmi şəkildə neçənci dəfədir ki, açıq şəkildə deyir. Bəli, Bəyanatın mahiyyətinə uyğun olaraq, 10 noyabrdan sonra rus sülhməramlılarının yerləşməsi ilə erməni ordusu və silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxmalıdır. Əgər qalıbsa, demək, onlar mərkəzi komandanlığa tabe olmayan başıpozuq dəstə, terrorçu ünsürlərdir. Prezident Azərbaycan Ordusunun onların bəzilərini əsir götürməsini də humanistlik adlandırdı. Bu isə işarə idi, çünki terrorçunu əsir götürmürlər, məhv edirlər. Başqa sözlə desək, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqla tanınan və 44 günlük müharibə ilə bərpa edilən ərazilərində anti-terror əməliyyatı keçirmək hüququnu xatırlatdı. Ermənilər bilməlidirlər ki, Azərbaycan istənilən an öz ərazisində anti-terror əməliyyatı keçirə bilər və artıq bütün dünya da İlham Əliyevin qətiyyətinə bələddir. Prezidentimiz bunu da xüsusi vurğulamaqla, Azərbaycanı provokasiyaya çəkməyin hansı nəticələr doğurduğunu Vətən müharibəsində göstərdiyini dedi”.

Politoloq Prezident İlham Əliyevin kompleks tədbirlərinin tərkib hissəsi kimi məcburi köçkünlərin qayıtması məsələsinə də məhz bu müşavirədə toxunulmasının önəminə diqqət çəkib:

“Qarabağa nə qədər köçkünün qayıtmasının müəyyənləşməsi olduqca mühüm məsələdir və bu, həm onların yerləşdirilməsi, həm də sonradan Qarabağın inteqrasiyası üçün mühüm faktordur: onlar hansı ərazilərə və necə yerləşdirilməli, onlara hansı şərait yaradılmalıdır, torpaq bölgüsü necə həyata keçirilməlidir, hansı sahələrin inkişafına diqqət ayrılmalıdır – bütün bunların sistem halında hazırlanması göstərişi bu müşavirədə verildi. Prezident ona görə xüsusi vurğuladı ki, köçkünlərdən səmimi cavablar alınmalı, dövlətin əlində dəqiq statistika olmalıdır.

İlham Əliyev hərbi qələbənin təkcə diplomatik deyil, həm də iqtisadi, sosial, demoqrafik istiqamətlərdə əsaslandırılması üzərində tapşırıqlarını verdi və bunun nəticələrini artıq bu ildən görəcəyik”.

Politoloq onu da xatırladıb ki, Prezidentin bu çıxışı da əslində “Yol xəritəsi”dir:

“Qarabağa qanunsuz səfərlərdən tutmuş orda məskunlaşma istiqamətinə qədər – hər məsələyə toxunuldu və tapşırıqlar verildi. Hesab edirəm ki, siyasi-diplomatik kurs da, iqtisadi-sosial istiqamət də aydındır və heç olmasa bundan sonra hər hansı qanunsuz səfərlər və yaxud ermənilərin bir neçə gündür başlatdığı “Qarabağda erməni tərəfi”, “erməni mövqeləri”, “təmas xətti” təbliğat kompaniyalarına necə reaksiya verilməli olduğu artıq izah edildi. Bu çıxış-proqramın sərhəd pozulmalarına hökumətin hərbi, siyasi və hüquqi müstəvidə daha çevik reaksiyanı təmin edəcəyinə inanıram”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.