XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Prezident də Qarabağdakı vəziyyətdən narahatdır - GƏLİŞMƏ

Prezident də Qarabağdakı vəziyyətdən narahatdır - GƏLİŞMƏ

Prezident də Qarabağdakı vəziyyətdən narahatdır - GƏLİŞMƏ
8-01-2021, 09:12

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında cəmiyyəti narahat edən bir sıra vacib məsələlər barədə danışıb. Dövlət başçısı ilk dəfə olaraq Rusiya sülhməramlılarının Dağlıq Qarabağda humanitar fəaliyyəti, eləcə də Azərbaycan ərazisindən erməni əhalisi üçün yüklərin daşınmasına şərait yaradılması və Ermənistan rəsmilərinin Xankəndinə ard-arda səfərlər etməsinə münasibət bildirib.

Bu məsələlərin hər biri 10 noyabr razılaşmasından sonra Azərbaycan ictimaiyyətini ciddi narahat edirdi. Məlumdur ki, Rusiya sülhməramlıları bölgənin məskunlaşdırılması ilə ciddi məşğul olur. Rəsmi məlumatlara görə, təxminən iki ay ərzində onlar 47 min erməninin Xankəndinə və ətraf ərazilərə köçürülməsinə nail olublar. Rusiya onların yerləşdirilməsi, sosial problemlərinin həll edilməsi, bölgədə həyatın əvvəlki səviyyəyə qayıtması üçün gərgin əmək sərf edir. Bu günlərdə Rusiya hökuməti humanitar missiyanın genişləndirilməsi üçün əlavə 10 milyon avro vəsait ayırıb. Erməni mediasının yazdığına görə, yaxın gələcəkdə müharibədə dağılmış evlərin, infrastrukturun bərpası ilə yanaşı, yeni qəsəbələr də salınacaq.

Azərbaycan cəmiyyəti Rusiyanın bu fəaliyyətindən ciddi narazıdır və hökumətdən adekvat addımlar atmağı tələb edirdi. Bundan başqa, Moskvanın Dağlıq Qarabağdakı layihələri üçün lazım olan bütün materialın, humanitar yardımların Azərbaycanın infrastrukturu vasitəsilə çatdırılması sualların sayını artırırdı. Buna baxmayaraq, istər Prezident Administrasiyası, istərsə də Xarici İşlər Nazirliyi Rusiyanın fəaliyyətləri barədə hər hansı açıqlama vermirdi.

Nəhayət, prezident bu barədə danışdı, həm sülhməramlıların fəaliyyətinə toxundu, həm də Azərbaycanın baş verənləri niyə sakit qarşılamasına aydınlıq gətirdi:

“Sülhməramlı qüvvələrin orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”.

Prezident daha sonra ermənilərin Azərbaycan ərazisindən sərbəst istifadə etməsinə şərait yaradılmasının səbəblərindən danışıb:

“İmkan verdik ki, – söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir – erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, Ermənistan ərazisidir”.

İilham Əliyev Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə də münasibət bildirib:

“Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli səfərlərə nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə, bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat – ancaq Qırmızı Xaç istisna olmaqla – oraya gedə bilməz. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən?! Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək”.

Politoloq Elxan Şahinoğlu bildirir ki, prezident İlham Əliyevin fikirlərindən onun Dağlıq Qarabağda rusiyalı hərbçilərin fəaliyyətindən narazı qaldığı məlum olur: “Prezidentin sözlərindən anlaşılır ki, Rusiya tərəfi Bakı ilə şifahi razılaşmanı yerinə yetirmir və Laçın dəhlizini Ermənistanla separatçıların ixtiyarına verib”. Ekspert hesab edir ki, Rusiyanın təxribatları qarşısında Türkiyənin dəstəyinə ehtiyacımız var. //pressklub.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.