SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident informasiya cəbhəsində tək döyüşür - TƏHLİL

Prezident informasiya cəbhəsində tək döyüşür - TƏHLİL

Tarix:

6-11-2020, 11:54

/ 793 dəfə oxundu.
Prezident informasiya cəbhəsində tək döyüşür - TƏHLİL

Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatını böyük qətiyyət və şücaətlə davam etdirir. Ön cəbhədə olduğu kimi, ölkəmizin informasiya cəbhəsində sentyabr ayının 27-dən başlayaraq Prezident İlham Əliyev dünyanın ən aparıcı media qurumlarına müsahibələr verir, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır və dünya Azərbaycan həqiqətlərini birbaşa ölkənin birinci şəxsinin dilindən eşidir. Lakin Azərbaycan Ordusu cəbhədə yeni uğurlar əldə etdikcə, Qərbin xüsusi mətbəxlərində hazırlanmış təxribatçı jurnalistlər daha qərəzli suallar verir.

Buna baxmayaraq, cənab Prezident qarşısındakının kim olduğunu, onun qərəzli niyyətini görsə də, onların jurnalist etikasından uzaq davranışları qarşısında peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirir, onlara tarix, beynəlxalq hüquq dərsi keçir. Cənab Prezidentin xarici mediaya verdiyi müsahibələrində dəfələrlə təkrarlanan bir çox feyk xəbərləri təkzib etməli olduğunu görürük. Məsələn, Yaponiyanın “Nikkei” qəzetinə, Fransanın “Le Figaro”, Amerikanın “Fox News” informasiya agentliyinə müsahibələrində cənab Prezident atəşkəsi Azərbaycanın yox, Ermənistanın pozduğunu vurğulamasına baxmayaraq, Almaniyanın “ARD” televiziyasının müxbirinin bu barədə sualı təkrarlaması onun qeyri-peşəkarlığının və qərəzli yanaşmasının əsl bariz nümunəsidir. Həmçinin, müsahibə ərzində “ARD” televiziyasının müxbirinin bu qəbildən olan bir neçə feyk informasiyaları xüsusi qərəzliklə vurğuladığının şahidi olduq. Belə ki, Azərbaycanın Müzəffər Ordusu hər gün yeni kəndləri, qəsəbələri, şəhərləri düşmən işğalından azad etdikcə, Qərb jurnalistləri cənab Prezidentə daha da məkrli, qərəzli, jurnalist etikasından kənar münasibət nümayiş etdirirlər. Amma ön cəbhədə Müzəffər Ordumuz düşmənin atəş nöqtələrini sərrast atəşlə susdurduğu kimi, cənab Prezident informasiya cəbhəsində də öz qətiyyətli cavabları ilə feyk informasiyaları darmadağın edir və düşmən Azərbaycan Respublikasının Prezidentinin qətiyyəti, savadı qarşısında geri çəkilir.
Azərbaycan arsenalında olan İsrail və Türkiyə dronları barədə jurnalistin təxribat xarakterli sualına cənab Prezidentin cavabı belə olub: "Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Həmçinin, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetərincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur". Jurnalistin “nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cənab Prezidentin artıq dillər əzbəri olan cavabı qarşısında təxribatçı jurnalist başa düşdü ki, sahiblərinin onun qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilmədi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”.

Bütün bunlarla yanaşı, cənab Prezident “dünya üzrə əksər tarixçilər” ifadəsinin yanlış olduğunu vurğulayaraq, hər dəfə müsahibələrində Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah etdi, onlara mənbələrlə işləmək dərsi keçdi. Ali Baş Komandan İlham Əliyev açıqlamasında bir daha vurğuladı ki, Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bu bir faktdır ki, Qərb jurnalistləri ilə müsahibələrdə cənab Prezident İlham Əliyev tam bir master-klass keçdi. Bununla yanaşı, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərdi. Beləliklə, bir daha Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olundu.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycanda müharibə şəraitində informasiya müharibəsi yüksək səviyyədə təşkil olunub. O bildirib ki, bu prosesdə Ali Baş Komandanın xarici mediaya verdiyi müsahibələrin böyük üstünlüyü olub:

"Azərbaycan xalqı ilə həqiqətən qürur duyuram. Bu məqamda Azərbaycan xalqı yumruq kimi birləşərək mübarizəyə birlikdə başladı. Azərbaycan Ordusunun rəşadəti xalqın inamını daha da artırdı. Bu prosesdə Azərbaycan Prezidenti əsl yeni siyasi liderlik nümayiş etdirdi. Heç bir dövlət başçısında belə siyasi iradə görünməmişdi. Azərbaycan Prezidenti bu döyüşlərdə əsl sərkərdə, siyasi lider kimi tanındı. Bu, qürurvericidir. Prezidentin bu cür siyasi liderliyi bütün əhalini ətrafında birləşdirə bildi. Ali Baş Komandan İlham Əliyev Ermənistanı siyasi-diplomatik sferada da küncə sıxışdıraraq, dünya ictimaiyyətinin gözü önündə işğalçı hökuməti məğlubiyyətə uğradır. Dövlət rəhbərimiz diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alır".

C.Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan bu gün yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə və informasiya müharibəsində də düşmən üzərində böyük üstünlük qazanıb:

"Ölkə başçısının bu üstünlüyü dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində tam təsdiqini tapıb. İlham Əliyev müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlamalar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir. Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, xüsusilə də erməni yalanları fonunda beynəlxalq aləmin Dağlıq Qarabağ və ona bitişik ərazilərdə gedən hərbi əməliyyatlar barədə ətraflı və müfəssəl məlumatların verilməsində böyük əhəmiyyət daşıyır. Eyni zamanda Prezident İlham Əliyevin Qərb jurnalistlərinin qərəzli suallarına məntiqli və düşünülmüş cavabları ictimaiyyətdə böyük rəğbət hissi ilə qarşılanır. Məsələn, dövlət başçımız oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin ikibaşlı suallarına məntiqli cavab verərək, müsahibinin söhbəti hansısa istiqamətə yönləndirməyə cəhd göstərməsinin qarşısını dəqiq faktlarla aldı. Hamımıza məlumdur ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. Ancaq Ali Baş Komandanın bu müsahibələrində xarici mətbuatda dolaşan bu saxta xəbərləri darmadağın etdi. Bu artıq bir reallıqdır ki, əgər təxminən 15-20 gün bundan qabaq dünya mediasının böyük hissəsi Azərbaycanın haqq işini tanımırdısa, Prezidentimizin verdiyi müsahibələrindən sonra dünya mediası indi Azərbaycanın haqq işini dəstəkləyir və anlayır ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan torpaqlarını erməni işğalçılarından azad edir. Mən hər zaman deyirəm ki, hər kəsin uğur qazanması üçün talismanı var. Amma bu gün İlham Əliyev bütün xalqın, millətin "talisman"ıdır. Mənim bu uzun ömrümdə bu aydan qiymətli ayım olmayıb. Təbii ki, yaxın vaxtlarda Prezidentimizin bu əsrarəngiz müsahibələri haqqında bir kitab çap edəcəyik. Jurnalistika fakültəsində təhsil alanlar praktiki olaraq həmin müsahibələrdən yararlanacaqlar".

Media eksperti Səbuhi Abbasov "Şərq"ə açıqlamasında vurğulayıb ki, ölkə Prezidentimiz müdrik və qətiyyətli siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi dünyaya çatdırır:

"Sevindirici haldır ki, bu gün informasiya müharibəsinin önündə Ali Baş Komandan İlham Əliyev dayanır. Dünyanın bir neçə nüfuzlu media qurumlarına türk, ingilis, rus dillərində verdiyi müsahibələrdə əslində düyündə qalan Azərbaycan həqiqətlərinin açılmasında mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, düşmən tərəfinin çox ciddi informasiya resursları var. Müəyyən beynəlxalq informasiya mərkəzlərinə çıxışları var. Onlar çalışırlar ki, yalan məlumatları dünya ictimaiyyətinə çatdırsınlar. İlham Əliyevin beynəlxalq medialara verdiyi müsahibələrin ən önəmli tərəfi erməni yalanlarını ifşa etməkdir. Azərbaycana qarşı qərəzli olan informasiyalar bu müsahibələr vasitəsilə bir növ yoxa çıxmış olur. Məsələn, hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Amnesty İnternational” və “Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik də ölkə Prezidentinin dəqiq faktlara söykənən müsahibəsindən, real həqiqətlərə əsaslanan təbliğatından sonra baş verdi. Bu təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq etdilər. Almaniyalı jurnalist isə ölkə Prezidentimizlə müsahibəsində, guya, bu təşkilatların Azərbaycanın hüquq çərçivəsində qadağan edilmiş silahlardan istifadə etməsi ilə bağlı məlumatlarının olduğunu iddia edirdi. Media prinsiplərinə zidd, dəqiqləşdirilməmiş faktlarla müsahibi ilə polemikaya girməyə cəhd edən Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlərin Azərbaycanın haqq-ədalət işinə kölgə salmaq niyyətləri bu dəfə də puç oldu. Artıq dünya ictimaiyyəti Ermənistanın terrora xidmət edən hərəkətlərinə biganə qalmır, işğalçı dövlətin Gəncədə, Bərdədə, Tərtərdə törətdiyi faciələri bəşəriyyətə qarşı yönələn cinayət kimi qəbul edir. Hərb meydanında, informasiya məkanında qazanılan qələbələr bir daha sübut edir ki, Azərbaycan haqq yolundadır.Tezliklə, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız Xankəndində, Şuşada dalğalanacaq".

Şərhlər

XƏBƏR LENTİ