SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakıya qarşı Yalta təxribatı - arxasında kimlər var?

Bakıya qarşı Yalta təxribatı - arxasında kimlər var?

Tarix:

28-04-2017, 12:05

/ 91 228 dəfə oxundu.
Bakıya qarşı Yalta təxribatı - arxasında kimlər var?

Aprelin 20-22-də tanınmamış Krım respublikasının Yalta şəhərində keçirilən III Beynəlxalq iqtisadi forumla bağlı qalmaqal yaranıb. Hər şey ondan başlayıb ki, Ukraynanın UNN agentliyi Krım Muxtar Respublikası(KMR) Prokurorluğunun forumda iştirak etmiş xarici iştirakçıların qatılması faktı üzrə cinayət işi açıldığı və bu sırada Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri olduğu barədə xəbər yayıb.
KMR mətbuat xidməti vurğulayıb ki, xarici vətəndaşların yarımadanın müvəqqəti işğal olunmuş ərazilərinə getməsi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi razılıq əsasında olmalıdır, əks təqdirdə, bu, Ukrayna qanunvericiliyinin pozulması deməkdir. Azərbaycanın tanınmış brendlərinin nümayəndələri dərhal məsələyə reaksiya verərək, Yaltadakı forumda iştirakçı olmadıqlarını bəyan ediblər. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, “Azərsun Holding”, “Azərkosmos” ASC və SOCAR rəsmiləri belə bir forumda iştirak etmədiklərini deyiblər. İqtisadiyyat Nazirliyi rəsmiləri də Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin Yalta forumunda iştirak etmədiyini bildirib. Bu barədə Ukraynadakı Azərbaycan səfirliyindən bildirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən deyiblər ki, məlumat yayıldıqdan sonra onlar bəzi Azərbaycan şirkətlərinin rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlar cinayət işinin açılması və işləri ilə əlaqədar hər hansı problemlə bağlı iddianı inkar ediblər.
Ukrayna Baş Prokurorluğundan da bildirilib ki, idarənin Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri barədə cinayət işinin başlanması barədə heç bir məlumatı yoxdur.
Son olaraq KMR Prokurorluğunun mətbuat xidmətindən “Report”a deyilib ki, hazırda Azərbaycan şirkətlərinin nümayəndələrinin forumda iştirak edib-etmədiyi yoxlanılır, hələlik isə şirkətlərin nümayəndələri cinayət işində yalnız şahid (?-“YM”) ola bilər.
Yalta forumunda iştirak edən dövlətlərin tam siyahısını əldə edib. Forumda Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Çin, Koreya Respublikası, Polşa, Serbiya, ABŞ, Anqola, Braziliya, Venesuela, Dominikan Respublikası, İsrail, İordaniya, Qətər, Kipr, Malayziya, Monqolustan, Myanmi, Nikaraqua, Yeni Zelendiya, Burundi, Fələstin, Tunis, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, separatçı Abxaziya, Belarus, Qazaxıstan və Latviya iştirak edib.
Forumda ən böyük nümayəndə heyətini İtaliya təmsil edib. Senator Serjiyo Divinanın rəhbərlik etdiyi nümayəndə heyəti 40 nəfərlə təmsil olunub. Forumda Avropa Parlamentinin Rumıniyadan olan deputatı Laurentiu Rebeqa da iştirak edib.
Türkiyəyə gəlincə, forumda Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Şamil Ayrım iştirak edib. O, “Mərmərə Qrupu Vaqfı”nı təmsil edib. Panel müzakirələrdə çıxış edən Ş.Ayrım türkiyəli investorların və tikinti kompaniyalarının Krıma maraq göstərdiklərini bildirib.
Qeyd edək ki, forumda 100 milyard rubl dəyərində müqavilələr imzalanıb ki, bunların heç birində Azərbaycan şirkətinin adı yoxdur. Azərbaycan Respublikası vətəndaşları üçün Ukraynanın Krım Muxtar Respublikası və Sevostopol ərazilərinə giriş qaydaları tətbiq olunub.
Belə ki, sözügedən qaydalara əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Krım Muxtar Respublikası və Sevostopol ərazilərinə girişi və oradan çıxışı pasport sənədi və Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xüsusi icazə ilə nəzarət məntəqələri vasitəsilə həyata keçirilir. Avtomobil yolu xətləri üçün “Kalançik”, “Çaplinka”, “Çonqar” və dəmiryolu xətləri üçün “Xerson”, “Melitopol”, “Vadim”, “Novoalekseyevka” nəzarət məntəqələrindən istifadə olunur. Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş və oradan çıxış qaydalarını pozan şəxslər Ukraynanın qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunurlar.
Bu təlimat Azərbaycan Xarici İşlər Nazirliyinin saytında da yerləşdirilib ki, Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə səfər etmək istəyən Azərbaycan vətəndaşları bundan xəbərdar edilir.(bax: http://www.mfa.gov.az/content/943).
Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü beynəlxalq hüquq prinsipləri çərçivəsində tanıdığı halda, Azərbaycan şirkətlərinin Yalta forumunda iştirak etdikləri barədə dezinformasiyanın dövriyyəyə buraxılması sual doğurur. Bu əgər bir agentliyin yanlışıdırsa, bunu onların vicdanına yazmaq olar. Amma bu aşkar təxribatın arxasında müəyyən məkrli qüvvələr və niyyətlər dayanırsa, o halda sual ətrafında daha ciddi düşünməyə əsas var.
Kiyevin Rusiya ilə müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan Ukrayna ilə BMT, ATƏT, Avropa Şurası və GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. İki ölkə sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, tranzit sahələrində ciddi tərəfdaşdırlar. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin ötən ay bu ölkəyə səfərində ölkələrimiz arasında ticarət, maşınqayırma, kimya, metallurgiya, kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı sahələrində əlaqələri genişləndirmək perspektivləri müzakirə edilib. İki gün əvvəl Bakıda olan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidməti katibinin birinci müavini Oleq Qladkovski Bakıda Azərbaycanla birgə silah istehsalı, hərbi-texniki əməkdaşlıq barəsində müzakirə aparıb.
Amma Ukraynada əlaqələrin inkişafında maraqlı olmayan qüvvələr də var ki, onlar daima ölkələrarası gərginliklər yaratmağa çalışırlar. Məsələn, azərbaycanlı iş adamlarına qarşı Ukraynada təqib, təhdid və hətta qətllər baş verir. Son aylar isə Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması halları artıb. Ukrayna hüquq-mühafizə orqanları bu məsələlərlə bağlı araşdırmalar aparsa da, problemlərin həlli istiqamətində hələ ki, əməli iş yoxdur.
Azərbaycanın beynəlxalq və iqtisadi əlaqələrinin inkişafını ən çox istəməyən təbi ki, erməni lobbisidir. Ukraynada da erməni lobbisinin təsiri altında olan məmurların olduğu iddia olunur. Bu sırada isə ilk yada yenə də daxili işlər naziri Arsen Avakov düşür. Onun daxili işlər naziri postuna təyin edilməsindən sonra bu ölkədə azərbaycanlı iş adamlarına qarşı təqiblər artmağa başlayıb. 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olan A.Avakovun personasına Ukraynada da birmənalı münasibət yoxdur. Onun erməni kökənli(atası ermənidir) olması səbəbindən erməni lobbisinin təsiri altında olduğu deyilir. Azərbaycana qarşı Yalta təxribatının arxasında da bu qüvvələrin olduğuna şübhə yoxdur...

Şərhlər

XƏBƏR LENTİ