XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezident: “Əminəm ki, danışıqlar bərpa edilərsə, bu təqvim bizə veriləcək”

Prezident: “Əminəm ki, danışıqlar bərpa edilərsə, bu təqvim bizə veriləcək”

Prezident: “Əminəm ki, danışıqlar bərpa edilərsə, bu təqvim bizə veriləcək”
14-10-2020, 14:35

"Moskva görüşündə bizə hər hansı təqvim verilmədi. Biz də çox israr etməmişdik. Çünki Moskva razılaşmasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi məqbul olmayan maddələrin razılaşmaya salınması təklifi olub: “Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi də o idi ki, bizə məqbul olmayan bəzi maddələr o razılaşmaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskva gələndə və artıq müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim. O şərtlərdən kənarda hər hansı razılaşma mümkün deyildi. Ona görə biz vəziyyəti nəzərə alaraq, təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu o demək deyil ki, bu təqvim təqdim olunmayacaq. Bu olacaq. Artıq müzakirə müddətində olacaq. O açıqlamada göstərildi ki, müzakirələr bərpa edilir - baza prinsipləri, yəni ki, Madrid prinsipləri əsasında... Bu da Azərbaycan torpaqlarının qaytarılmasını təsbit edir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Hər hansı “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bu bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, dərhal danışıqlar başlasın və təqvim bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Bu, çox uzunmüddətli vaxt ola bilməz. Biz 30 il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənib. Əminəm ki, əgər danışıqlar bərpa edilərsə, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu razılaşmanı pozması göstərir ki, onların niyyəti, sadəcə, olaraq vaxt qazanmaq, Azərbaycana öz hücumlarını davam etdirməkdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.