XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Diaspor təşkilatları “payız yuxusunda” - AAK prezidenti danışdı

Diaspor təşkilatları “payız yuxusunda” - AAK prezidenti danışdı

Diaspor təşkilatları “payız yuxusunda” - AAK prezidenti danışdı
14-10-2020, 13:44

Erməni işğalçılarının təcavüzkarlığını, Gəncədə terror törətməsini dünyaya car çəkməli olan diaspor təşkilatlarımız sanki “payız yuxusuna” gediblər. Bu gün dünyanın müxtəlif ölkələrində ermənilər etiraz aksiyaları keçirirlər - Fransada, Belçikada, Almaniyada, ABŞ-da, Avropa İttifaqı önündə... Az qala diz çöküb ağlayırlar, imdad diləyirlər, özlərini qurban kimi təqdim edirlər ki, amandır, Azərbaycan bizi xəritədən silir, ey xristian dünyası, dadımıza çatın.

Ənənəvi olaraq yazıq və əzilmiş sifət alan vəhşi, işğalçı ermənilər Qərbdə haray-həşir qopardığı halda, bizim bir çox diaspor təşkilatlarımız mürgüləyirlər. Halbuki Gəncə terrorunu dünyanın gözünə soxmaq lazım idi: günahsız yerə ölən dinc sakinlərin adları məlum, fotoları ortada, yaralı körpələrimiz göz qabağında, gecə saat 2-də raketlə vurulmuş yaşayış binasının görüntüləri var və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bundan böyük sübut ola bilməz.

Erməni diaspora birliyi küçələrə axışır, dünyanın diqqətini cəlb edir, onları inandırır, guya Azərbaycan tərəfindən Qarabağdakı dinc erməni əhalisi atəş altındadır. Və Qərb dünyasını aksiyalarla, sosial mediada təbliğatla inandırmağa çalışırlar. Amma nədənsə Tovuz döyüşləri vaxtı kifayət qədər fəal olan diaspor təşkialtları indi eyni aktivliyi nümayiş etdirmirlər.

Bu mövzuda söhbətləşdiyimiz Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov “Yeni Müsavat”a bildirdi ki, Qərb ölkələrində və digər qitələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımız hər zaman aktiv fəaliyyət göstərməkdı davam edirlər. Onun sözlərinə görə, əgər Tovuz döyüşlərində diasporamız yaşadığı ölkələrdə nümayişlər təşkil edə bilirdisə, hazırda pandemiya səbəbindən Avropanın bütün ölkələrində toplaşmaq məhdudiyyətləri hökm sürür. AAK prezidenti qeyd etdi ki, Avropa Parlamentində görüşlərin keçirilməsi məhdudlaşdırılıb: “Amma bu, fəaliyyətimizə mane olmur. Avropa Azərbaycanlıları Konqresi bütün beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər imzalayıb. BMT, Avropa Parlamenti, Avropa Şurası, NATO, GUAM, beynəlxalq insan hüquqları institutlarına göndərdiyimiz məktubların sayı-hesabı yoxdur. Bundan əlavə, Avropa ölkələrinin mediasına daim məlumatlar göndəririk, mətbuatda çıxan yanlış xəbərləri nəzarətdə saxlayırıq. Eyni zamanda sosial şəbəkələrdə xeyli aktivlik və üstünlük təşkil edirik”.

S.Qasımovun bildirdiyinə görə, xaricdə fəaliyyət göstərən türk diasporası ilə geniş əlaqələr mövcuddur: “İstər etiraz aksiyalarında, istər birgə bəyanatlarda, istərsə də yerli siyasi partiyalar və parlament üzvləri ilə görüşlərdə, müzakirələrdə Azərbaycan və Türkiyə təşkilatları birlikdə hərəkət edirlər. AAK və Fransada fəaliyyət göstərən ”COJEP International" Fransanın Ermənistanın mövqeyinden çıxış etməsinə görə birlikdə bəyanat yayaraq etirazlarını bildiriblər. Ötən həftə də İstanbulda AAK-ın Türkiyədəki təmsilçisi “ISTAD” təşkilatı ilə birlikdə bir neçə tədbirlərdə iştirak etdim".

AAK prezidentinin sözlərinə görə, Avropadakı soydaşlarımız Azərbaycanda gedən Vətən müharibəsini dərindən izləyirlər: “Hər kəs demək olar ki, Vətənə bu və digər maddi, humanitar yardımlarda yaxından iştirak edir. Avropada yaşayan azərbaycanlılar onlayn etiraz məktublarında və digər sosial şəbəkə tədbirlərində aktivdirlər.Tovuz döyüşlərində yüzlərlə azərbaycanlı Haaqada və Brüsseldə keçirilən etiraz aksiyalarında yaxından iştirak etdi. Əgər bu cür nümayişlər indi də baş tutarsa, bütün azərbaycanlıların yumruq kimi birləşəcəklərinə əminəm".

S.Qasımov əlavə etdi ki, Avropada yasayan bütün azərbaycanlılar Ordumuza maddi dəstək olurlar, bundan sonra da edəcəklər: “Avropa Azərbaycanlıları Konqresi hələ Tovuz döyüşlərində Ali Baş Komandana cəbhədə vuruşmaq üçün rəsmi müraciət etmişdi.

İstənilən vaxt xaricdə yaşayan azərbaycanlılar, başda AAK rəhbərliyi olmaqla, cəbhədə vuruşmağa hazırdır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.